1)Psixoloq kimdir?
Ağırlıq qaldırarkən gücümüz çatmadıqda yardıma çağırdığımız
insanlar kimi psixoloqlar da ruhumuzdaki yükləri qaldırmaqda bizə dəstək olacaq
şəxslərdir.Psixoloq düşüncələrimizi, hisslərimizi və davranışlarımızı elmi
baxımdan öyrənir və insanlara davranışlarını başa düşmək, izah etmək və
dəyişdirmək üçün bu bilikləri tətbiq edir.
2)Psixoloqa dəlilər gedir?
Psixoloqa müraciət edən insanlara ətrafındakılar tərəfindən
dəli(əslində etik söz deyil) və ya problemli biri olaraq baxıla bilər.Bu
səbəbdən də insan psixoloq yanına getməkdən çəkinə və ya gizli gedə bilər.
Lakin psixoloqa getmək üçün mütləq bir probleminizin olmasına ehtiyac
yoxdur.Həyat keyfiyyətini yaxşılaşdırmaq üçün psixololardan yardım alan bir çox
insan var. “Görürsən, psixoloqa gedir.” cümləsi ilə bərabər sizə sanki ölümcül
xəstəliyə düçar olmusunuzcasına baxan insanları vecinizə də almayın.Bunu
beyninizdə “professional yardım almaq” kimi kodlaşdırın və özünüzə
verdiyiniz bir hədiyyə olaraq qəbul edin.
3)Şəxsi məlumatların yayılması qorxusu
Bəzən insanlar psixoloqun onların şəxsi həyatı ilə bağlı
məqamları kimlərləsə bölüşəcəyini düşünürlər.Buna görə də şəxsi məlumatlarını
verməyə çəkinirlər.Lakin bilməlisiniz ki,psixologiyanın ən önəmli etik
prinsiplərindən biri də “məxfilik prinsipi”dir.Yəni, şəxsin özünə və
ya başqa bir şəxsə ciddi zərər vurması halları istisna olmaqla, əldə edilən
məlumatlar qəti şəkildə heç kimlə paylaşıla bilməz. Hətta paylaşılması vacib
olan hallarda belə şəxsin özünə bu haqqda məlumat verilməlidir.
4)Psixoloqlar dərman yaza bilər?
Psixoloqların dərman yazmağa səlahiyyəti yoxdur. Tibb
fakültəsini bitirdikdən sonra psixi sağlamlıq və xəstəliklər sahəsində
ixtisaslaşan həkimlər psixiatr adını alır və dərman preparatlarını təyin etmək
səlahiyyətinə malik olur.Bu baxımdan psixiatrlar tibb sahəsində, psixoloqlar
isə terapiya sahəsində ixtisaslaşmış olurlar.
5)Psixoloq məni qınayacaq?
Psixoloq mühakimə etmir, damğalamır, tənqid etmir, qınamır,
məsləhət vermir, diaqnoz qoymur.Psixoloqun ən əsas vəzifəsi sizi dinləmək,
anlamaq və yardım etməyə çalışmaqdır.Psixoloq bir növ güzgüdür, o, sizə güzgüdə
əks olunanları anlamağa kömək edərkən içinizdə istifadə etmədiyiniz
güclərinizin – qabiliyyətlərinizin fərqinə varmağa vadar edir.