AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
BAKI DÖVLƏT UNİVERSİTETİ
Sosial elmlər və psixologiya fakültəsinin
Psixologiya ixtisası üzrə əyani şöbəsinin
III kurs tələbəsi Əliyeva Günel İlham
qızının
“BİHEVİORİZMİN YARANMASI VƏ İNKİŞAFI”
Mövzusunda
KURS İŞİ
Kafedra müdiri: AMEA-nın müxbir üzvi,
prof. B. H. Əliyev
Elmi rəhbər : Dos. Vəliyev M.
BAKI – 2009
MÜNDƏRİCAT
Giriş ………………………………………………………………………………………….3
I FƏSİL. 1.1 Biheviorizmin yaranması və inkişafı ………………………….4
1.2 Məntiqi biheviorizm ……………………………………………………………..14
II FƏSİL. 1.1 Neobiheviorizm cərəyanının yaranması və inkişafı……17
Nəticə ………………………………………………………………………………………21
Ədəbiyyat siyahısı ……………………………………………………………………22
GİRİŞ
Psixologiya çox qədim tarixə malik olsa da bir elm kimi o gənc elm hesab olunur. Psixologiyanın müstəqil bir elm kimi inkişafı on illiklərlə söykənməsinə baxmayaraq onun əsas problematikası fəlsəfənin bir elm kimi mövcudluğundan başlayaraq fəlsəfi fikirlərdə özünə yer tutub. Gənc elm olmasına baxmayaraq psixologiyada öz inkişasfı müddətində bir sıra mühüm cəryanlar, elmi yanaşmalar meydana gəlib ki onlar da elmdə öz izlərini buraxıblar. Mən kurs işimi məhz bu cəryanlardan biri olan biheviorizim haqqında yazmağı qərara aldım. Doğrudan da, biheviorizm bu günə qədər təklif olunan ən orijinal və psixologiya tarixində xüsusi iz qoyan cərəyanlardandır. Bu sahədə tədqiqatlar aparmış bir sıra alimlərin işlərinə nəzər salsaq, görərik ki, insan davranışını öyrənməklə onun psixi fəaliyyətini daha aydın anlamaq olar.
Öz mahiyyəti etibarilə bu cərəyanlar mənim də diqqətimi cəlb etdi. Kurs işimdə biheviorizm cəryanının yaranması, inkişafı, onun görkəmli nümayəndələri, aparılan eksperimentləri və süquta uğraması səbəblərinə nəzər salacağıq.
I FƏSİL
1.1 Biheviorizmin yaranması və inkişafı
Biheviorizm cərəyanı elmə yeni faktorların – davranış faktorlarının gətirilməsi ilə xarakterizə olunur. Davranış sözü altında insanın psixi fəaliyyətinin xarici ifadəsi nəzərdə tutulur. Məhz bu anlama görə də davranış faktları və şüur faktları öz ifadə tərzinə görə ayrılırlar. Davranış xarici prosesdir və xaricdən müşahidə yolu ilə müəyyən edilir, lakin şüur prosesləri daxildə baş verir və özünümüşahidə yolu ilə aşkar olunur. Con Uotson da qeyd edirdi ki, psixlogiya şüur proseslərini yox, davranış faktlarını öyrənməlidir. Bəs bu fikri irəli sürərkən Uotson nələrə əsaslanırdı?
İlk növbədə bu sağlam düşüncənin məhsulu idi. Həmin o düşüncənin ki, bizləri də “psixoloq məhz insanın davranışını öyrənməlidir” fikrinə gətirmişdir. İkinci – praktikanın tələbləri. Bu vaxtı şüur psixologiyası artıq öz aktuallığını itirmək üzərə idi. Laborator psixologiya faydasız və heç kimə maraqlı olmayan tədqiqatlarla məşqul idi. Bu isə ancaq psixoloqların özlərinə lazım idi. Sonda isə Uotson hesab edirdi ki, psixologiya elmi intizama çevrilməli və elmi obyektiv metod gətirməlidir. (Qippenreyter,2006)
Ümumiyyətlə biheviorizm ingiliscə (behavior-davranış) deməkdir. Biheviorizmin tarixi XIX əsrin sonu-XX əsrin əvvəllərində Edvard Torndaykın (1874-1949) heyvanlar üzərində apardığı tədqiqatlarla başlayır. Lakin buna baxmayaraq həmin cərəyanın nəzəri lideri Con Uotson (1878-1958) hesab olunur. ümumiyyətlə bbiheviorizim və neobiheviorizim cəryanının yaranması və inkişafında aşağıdakı nümayəndələrinin xidmətləri də böyük olmuşdur:
Con Uotson (1878-1958)
Amerikan psixoloqu, biheviorizmin banisi. Psixologiyada subyektiv metodu tənqidinə görə məşhurdur. Şüurun elmi fakt olduğunu inkar edərək, klassik davranış psixologiyasının əsaslarını işləmişdir.
İvan Petroviç Pavlov (1849-1836)
Rus fizioloqu, amerikan biheviorizminin möhkəmlənməsinə kömək olan şərti reflekslər və ali sinir fəaliyyəti haqqında təlimilərin müəllifidir. Həmçinin temperament sahəsində də öz işləri ilə məşhurdur.
Berxauz Frederik Skinner (1904-1990)
Amerikan psixoloqu, biheviorizmin ən məşhur nümayəndələrindəndir. İnstrumental (operant) təlimin konsepsiyasını işləmişdir. Proqramlaşdırılmış təlim nəzəriyyəsinin müəllifidir.
Edvard Tolmen (1886-1959)
Amerikan psixoloqu, metodoloji biheviorizmin nümayəndələrindəndir. Bədən və koqnitiv determinant davranışın, xüsusilə koqnitiv xəritələrin tədqiqatları ilə məşhurdur.
Con Uotsonun 1913-cü ildə “Psixoloji Xəbərlər” jurnalında nəşr edilən və sonralar “biheviorizmin manifesti” adlandırılan “Psixologiya:biheviorist onu necə görür” adlı məqaləsində “Stimul-reaksiya” – biheviorizmin əsas devizi kimi elan olundu. Bihevioristlərə görə davranış ancaq xarici stimullarla (S) şərtlənən sekretor və əzələ reaksiyalarından (R) təşkil olunmuşdur. Onların fikricə davranışın təhlili ciddi surətdə obyektiv xarakter daşımalıdır. (Bayramov, Əlizadə, 2006)
Bihevioristləri vərdişlərin öyrədilməsi və formalaşması maraqlandırır. Onların fikrincə psixoloq məhz davranışı öyrənməlidir, belə ki, davranış bizim bilavasitə müşahidə edə biləcəyimiz yeganə amildir. (Xeyes, Orrell, 2005)
Uotson psixologiyanı təbiət elmləri ilə məhdudlaşdırmaq məcburiyyətində olduğunu iddia etmişdir. Bu səbəbdən tamamilə subyektiv tədqiqat metodları bihevioristlərin labaratoriyalarında qəbul olunmuşdur. Uotson tədqiqatlarında istifadə ediləcək metodları belə təsvir etmişdir:
1. vasitəli və ya vasitəsiz müşahidə
2. test metodları
3. şifahi izahat metodu
4. şərti refleks metodu
Vacib bir metod olan müşahidə digər metodlar üçün lazımi təməl strukturu təşkil edir. Obyektiv test metodları daha əvvəl də istifadə olunurdu. Lakin Uotson test nəticələrinin zehni xüsusiyyətlərinin ölçülmələri olaraq deyil, davranış modelləri olaraq tədqiq olunmasını təklif etmişdir. Uotsona görə hər hansı bir test zəka və ya şəxsiyyəti ölçə bilməz. Testlər daha çox tədqiqatların testin xəbərdaredici vəziyyətinə verdikləri reaksiyanı ölçə bilər. Şifahi tədqiqat metodu Uotsonun sisteminə xas idi və artıq şərh tələb edirdi. Uotson özünümüşahidəni inkar etdiyi üçün labaratoriyada şifahi izahatın istifadə olunması bəzi insanlar tərəfindən şübhəli bir uzlaşma olaraq dəyərləndirilmişdir.
Bihevioristlərin ən vacib metodu olan şərti refleks 1915-ci ilə qədər – biheviorizmin rəsmi quruluşundan iki il sonra tətbiq olunmadı. Şərti metodlar biheviorizmdən əvvəl də istifadə olunurdu, lakin amerika psixoloqları tərəfindən istifadə olunmsı olduqca məhdudlaşdırılmışdır. Uotson bu metodun amerikan psixoloji tədqiqatlarında yayılmış şəkildə istifadə olunmasından məsuliyyət daşıyırdı. Sonrakı yazılarında şərti metodlarla əlaqədar olaraq İ.P.Pavlov və B.M.Bexterevə də çox şey borclu olduğunu yazmışdır.
Biheviorizm orqanizmin ətraf mühitlə əlaqəli bütün davranışlarla maraqlanır. Davranışın özünəməxsus qanunları stimul-reaksiyanın analizi yolu ilə izah oluna bilər. Bu analiz bir fizioloqun mərkəzi sinir sistemini izah etdiyi qədər ətraflı olmaq məcburiyyətində deyil. Uotson əvvəllər davranışda motivasiyanın rolunu qəbul etdi. İlk kitablarının birində davranışlarla əlaqədar on bir motivasiyanı izah etmişdir.
Mühitin təsirlərinin digər xüsusiyyətlərdən daha üstün olduğunu Uotson irəli sürərkən onun bu fikrini dəstəkləyənlər çox idi. Davranış dəyişilmədikcə psixoloji davranışı dəyişdirmək və idarə etmək üsulundan istifadə olunmurdu. Əgər davranışlar motivasion güclər tərəfindən yönəldilmiş olsaydı, dəyişilmələr mümkün olmazdı. Əgər davranış təlim və tərbiyə ilə bağlıdırsa, onun dəyişdiriməsi mümkündür. Uotsonun fikrincə həyəcanlar hər hansı bir qıcığa qarşı bəsit fizioloji reaksiyadır. Stimul daxili bədən dəyişikliklərinə və öyrənilmiş uyğun, açıq reaksiyalar səbəb olur. Bu onu göstərir ki, həyəcan daxili orqanlardan gələn duyğuların yığınıdır.
İlk dəfə olaraq Con Uotson qeyd edəndə ki, psixologiya şüuru yox, davranış faktlarını öyrənməlidir (əzələlərin hərəkətini, vəzilərin fəaliyyətini) bu nəzəriyyəyə birinci etiraz edən E. Titçener olmuşdur. O demişdi: “Bir şey ki, şüur terminləri ilə ifadə olunmur, o psixoloji deyil”. Məs: bədən reaksiyaları psixologiyaya deyil fiziologiyaya aiddir. (Qippenreyter,2006)
Deməli, biheviorizm ideyasının əsasını davranışın mühümlüyü və şüurun yoxluğu habelə onu öyrənməyin də heç bir əhəmiyyətinin olmaması təşkil edir. Uotson yazırdı: “ Biheviorist… şüurun olmasına heç bir sübut tapmır, Cemsin nəzəriyyələrinə baxmayaraq, o yalnız daim genişlənən davranışı sübut olunmuş hesab edir”. Uotsona görə, davranış – reaksiyalar sistemidir. Reaksiya – biheviorizmin inkişafı ilə əlaqədar olaraq psixologiyaya daxil edilmiş yeni bir anlamdır. Uotson belə hesab edirdi ki, insanın davranışı hər hansı bir təsir nəticəsində mümkündür. Ona görə, elə bir fəaliyyət yoxdur ki, onun arxasında insanı bu və ya digər hərəkətə təhrik edən stimul (xarici qıcıqlandırıcı) olmasın. Beləliklə məşhur S – R formulu meydana gəldi. (Maklakov, 2006)
“Stimul-reaksiya” biheviorizmin devizi kimi elan olunur və psixologiya elmi qarşısında aşağıdakı məqsədlər qoyulur:
1)reaksiya tiplərini aşkar etmək və təsvir etmək
2)onların yaranma prosesini müşahidə etmək
3)mürəkkəb davranışın yaranma qanunlarını öyrənmək
Bu 3 prinsipi həyata keçirməklə Con Uotson iki məqsədə nail olmaq istəyirdi: situasiyaya əsasən insanın davranışını və reaksiyaya əsasən onun yaranmasına səbəb olan stimulu müəyyən etmək. Yəni S-ə görə R-i, R-ə görə isə S-i müəyyənləşdirmək. Bu proqramın onun nəzəri hissələrə realizasiyasını nəzərdən keçirək. Con Uotson reaksiya tiplərinin təsvirindən başlayır. İlk növbədə o anadangəlmə və qazanılmış reaksiya növlərini ayırd edir. Yeni doğulmuş körpələrin öyrənilməsinə üz tutaraq Uotson bir sıra anadangəlmə reflekslərin siyahısını tərtib edir: asqırma, hıçqırma, əmmə, təbəssüm, ağlama, ətrafların və başın hərəkəti və s. Bəs hansı qanunlara əsasən qazanılmış reflekslər meydana gəlir və intensiv olaraq çoxalır?
Bu suala cavab vermək üçün Uotson İ.P.Pavlovun və B.M.Bexterevin elə bir az əvvəl çap olunmuş əsərlərinə müraciət etməli olur. Bu əsərlərdə ətraflı olaraq şərti reflekslərin yaranma mexanizmləri təsvir edilir. Con Uotson şərti reflekslər konsepsiyasını psixoloji nəzəriyyələrin elmi bazası kimi qəbul edir. Bəs mürəkkəb reaksiyalar necə yaranır? Uotsona görə – şərti reflekslər kompleksinin yaranması yolu ilə.
S1 — R1
S2 — R2
S3 — R3
S1, S2, S3
_____________
A —– R1, R2, R3
Şəkil №1 “Mürəkkəb reaksiyaların yaranma prosesinin sxemi” (C. Uotsona görə)
Tutaq ki, belə bir situasiyadır: birinci şərtsiz stimul birinci şərtsiz reaksiyaya səbəb oldu, ikinci ikinciyə, üçüncü də üçüncüyə. Sonra da bütün şərtsiz stimulları bir şərti stimul ilə əvəz etdilər(A). Nəticədə şərti stimul reaksiyaların mürəkkəb kompleksinin yaranmasına səbəb olur.(şək.1) (Qippenreyter, 2006)
Con Uotson qeyd edirdi ki, bihevioristə görə psixologiya təbiət elminin təmiz obyektiv bir sahəsidir. Onun nəzəri məqsədi davranışın qabaqcadan deyilməsi və idarə edilməsidir. Biheviorist üçün introspeksiya, psixologiya metodlarının mühüm hissəsini təşkil etmir, onun məlumatlarının isə heç bir elmi dəyəri yoxdur, belə ki, onlar tədqiqatçıların bu məlumatları interpretasiya etmək üçün hazır olub olmamalarından asılıdır.
Bizim keçirdiyimiz bir çox eksperimentlər insan psixologiyasına çox az yeniliklər gətirdilər. Buradan aydın olur ki, məsələnin həlli üçün müəyyən kompromiss lazımdır. Ya psixologiya elmi öz baxışına davranış faktlarını şüuru inkar edib etməməsindən asılı olmayaraq əlavə etməlidir, ya da davranışın öyrənilməsi tamamilə ayrılıb müstəqil bir elmə çevrilməlidir. Əgər insanı öyrənən psixoloqlar bizim cəhdləri lazımi qədər qiymətləndirməsələr və öz mövqelərini dəyişməkdən imtina etsələr,bihevioristlər öz tədqiqat obyekti kimi insanı seçmək məcburiyyəti qarşısında qalacaqlar və onun üzərində aparacağı tədqiqat metodları heyvanlar üzərində aparılmış metodlara uyğun olacaqdır. (Qalperin, Jdan, 1980)
Qeyd etmək lazımdır ki, bihevioristlər tədqiqatları əsasən heyvanlar üzərində aparırdılar. Bu ona görə deyildi ki, onları heyvanlar maraqlandırır. Sadəcə bihevioristlərə görə heyvanların bir çox üstünlükləri var: onlar “təmiz” obyektlərdir, çünki, davranışlarına şüurun heç bir müdaxiləsi yoxdur. Alınan nəticələri isə onlar cürətlə insanlar üzərinə köçürürdülər. Məs: uşaqların cinsi tərbiyəsi ilə bağlı problemlərdən danışarkən Uotson siçovullar üzərində aparılmış tədqiqatlara müraciət edirdi.
Bir az da Uotsonun ekperimental proqramı haqda: o hesab edirdi ki, psixoloq insan həyatını beşikdən ölümünədək müşahidə etməlidir. “Ölümədək” bihevioristlər tərəfindən heç bir insanın həyatı müşahidə olunmayıb, lakin “beşiyə” Uotson müraciət etmişdi. O öz laboratoriyasını uşaq evində qurub, yeni doğulmuş körpələri və uşaqları öyrənirdi.
Onu maraqlandıran suallardan biri də: hansı reaksiyalar anadangəlmədir, hansılar isə yox? Məs: yeni doğulmuş körpədə nəyə qarşı qorxu hissi yaranır? Bu sual xüsusilə Uotsonu narahat edirdi, belə ki, onun dediyinə görə böyüklərin həyatı qorxu ilə boldur. Bilmirəm, o illərdə Amerikada yaşamaq həqiqətən də qorxulu idi yoxsa yox, amma Uotson bu barədə bir sıra misallar çəkirdi: tapancanı görəndə rəngi ağaran kişi, otağa yarasa girərkən təlaşa düşüb özünü itirən qadın, mexaniki oyuncaq görəndə qorxudan az qala ifliç vəziyyətinə düşən uşaq və s. “Bəs bu qorxular hamısı anadangəlmədir?” – deyə Uotson özünə sual verirdi. Bu suala cavab vermək üçün o, bir körpənin evində aşağıdakı eksperimentləri keçirir:
Uşaq döşəkcənin üzərində uzanıb, Uotson qəfildən döşəkcəni onun altından çəkir. Ağzında sakitləşdirici əmziyin olmasına baxmayaraq uşaq möhkəm ağlamağa başlayır. Demək, dayağın itirilməsi şərtsiz qorxu reaksiyasını əmələ gətirən birinci stimuldur.
Növbəti eksperimentdə: uşağın çarpayısının başında dəmir parçası asılıb, hansına ki, ekperimentator Uotson var gücü ilə çəkiclə vurur. Uşağın nəfəsi ani olaraq dayanır və qəfildən dəhşətli qışqırıqla ağlamağa başlayır. Beləliklə, qəfil, bərk səsə qarşı da həmin qorxu reaksiyası əmələ gəlir. Bu da qorxunu əmələ gətirən 2 şərtsiz stimul, bunlardan başqa bu cür stimulları Uotson tapmır.
Belə qorxunun əmələ gəlməsi üçün Uotson bir çox stimullardan istifadə edir. Məs: uşağın qabağında dəmir sini üzərində ocaq qalayır – heç bir qorxu yox! Uşağa dovşan göstərilir – əlləri ilə ona tərəf uzanır. Fikirləşir ki, bəlkə siçanlara qarşı anadangəlmə qorxu var. Ətrafında ağ siçan buraxırlar – uşaq qorxmur. Bəlkə dovşan və siçan ağ və tüklü olduğu üçün uşaq onlardan qorxmur? Bu zaman onun əlinə qurbağa verirlər – məmnuniyyətlə qurbağanı öyrənir. Bir çox heyvanlarda ilan qarşısında anadangəlmə qorxu var. Uşağa ilan balası verirlər (təbii ki, zəhərsiz) – yenə də maraq və həzz. Nəhəng it gətirirlər hansının ki, başı az qala bütün uşaq boydadı – maraqla ona tərəf uzanır. Yenə də heç bir qorxu yox! Lakin Uotson tədqiqatları davam etdirir ki, böyüklərdə qazanılmış qorxuları izah edə bilsin.
Uşaq oturub oyuncaqla oynayır. Uotson onun arxasında polad parçası asır. Əvvəlcə uşağa dovşan göstərilir – ona tərəf uzanır, elə ki, uşaq dovşana toxunur, Uotson qəfil olraq çəkici dəmirə vurur. Uşaq diksinərək ağlamağa başlayır. Dovşan yığışdırılır, oyuncaq uşağa verilir və o sakitləşir.
Yenə dovşanı çıxarırlar, uşaq bu dəfə də ona tərəf uzanır, lakin o saat yox, əvvəlkindən daha asta. Yenə də dovşana toxunan kimi, çəkic dəmirə vurulur. Uşaq yenə də ağlayır, yenə də onu sakitləşdirirlər. Üçüncü dəfə dovşanı çıxaranda, ondan qorxaraq kənara çəkilir. Buradan Uotson görə şərti qorxu refleksi yaranır.
Sonda Uotson uşağı bu qazanılmış qorxudan sağaltmaq üçün üsul nümayiş etdirir. O, ac olan və artıq dovşandan qorxan uşağı stol ətrafına əyləşdirir və ona yemək verir. Elə ki, uşaq yeməyə əlini vurur, uzaqdan o birisi otaqdan ona dovşan göstərilir – uşaq yeməyə davam edir. Gələn dəfə yenə də yemək vaxtı dovşan göstərilir, lakin bir az daha yaxın. Bir neçə gündən sonra uşaq dizlərinin üstündə dovşanla birlikdə yemək yeyir. (Qippenreyter, 2006)
Uotsona görə biheviorizmin məğzi – insanın anadan olmasından ölümünə qədər davam edən davranışıdır. Davranışın ifadə tərzləri digər təbiət elmlərinin obyektləri kimi müşahidə oluna bilər və davranışın psixologiyasında da təbiət elmlərində istifadə olunan tədqiqat metodları yararlıdır. Belə ki, insanın obyektiv öyrənilməsi zamanı biheviorist şüur, iradə, hissiyat, duyğu və təxəyyül adlandıra biləcəyi məhfumları müşahidə etmədiyi üçün bu terminlərin psixologiya fenomenlərinin mövcudluğunu sübut edən bir işarə kimi qəbul etmir. Beləliklə də, biheviorist qərara gəlir ki, bütün bu terminlər insan fəaliyyətindən silinə bilər. Bu terminlərdən köhnə psixologiya ona görə istifadə edirdi ki, V. Vundtdan yaranan bu psixologiya öz əzəlini fəlsəfədən o da dindən götürmüşdür. Başqa sözlə bu terminlərdən ona görə istifadə edilirdi ki, psixologiya biheviorizm yaranan dövrdə həyati(vitalistik) mövqe daşıyırdı.
C.Uotson davranışı sadəcə 2 termin vasitəsilə ifadə etmişdi: “stimul-reaksiya”. Uotson yazırdı: “ Biz psixologiyada stimul terminini fiziologiyada olduğu kimi istifadə edirik. Lakin psixologiyada biz bu terminin istifadəsini bir az genişləndirməliyik. Psixoloji laboratoriyalarda sadə faktorlarla işləyərkən, məs: müxtəlif uzunluqda efir dalğalarının və ya səs dalğalarının insana təsirini öyrənərkən biz stimul haqda danışırıq. Digər faktorlar hansılar ki, reaksiyalara səbəb olurlar, daha mürəkkəb xarakter daşıyırlar, məs: sosial aləmdə biz artıq situasiyalardan danışırıq. Situasiya – analizin köməyi ilə müxtəlif stimul qruplarına ayrılır. Stimullara bir sıra misallar gətirmək olar, bunlardan biri də əzələlərin hərəkəti və vəzilərin aktivliyidir.
Biz psixologiyada reaksiya terminindən də istifadə edirik, lakin bunun da daha geniş anlamda istifadəsi gərəkdir. Bədənin hər hansı bir hissəsinə vurulan zərbə ilə əmələ gələn sadə reaksiya tipləri fiziologiya və tibdə öyrənilir. Psixologiyada da bu tip reaksiyalar öyrənilməkdədir, lakin onların daha mürəkkəb formaları, bir neçə hərəkətin eyni zamanda baş verməsi bizi daha çox maraqlandırır”. ( Qalperin, Jdan, 1980)
Uotson hesab edirdi ki, yeni doğulmuş körpə tabula rasa-ya (təmiz lövhə) bənzəyir. Bu lövhə üzərində yazılacaq zaman-zaman yığılan təcrübələr şəxsiyyətin formalaşmasında mühüm rol oynayacaq. Uotson deyirdi: “Əgər mənə çoxlu, sağlam uşaq versəydilər… və onların tərbiyəsi üçün lazımi şərait yaratsaydılar, əmin edirəm ki, mən onlardan istənilən sahə üzrə mütəxəssislər – həkim, hüquqşünas hətta oğru və ya dələduz da hazırlaya bilərəm. Onların qabiliyyətlərinə, bacarıqlarına, meyllərinə və valideynlərinin irqi mənsubiyətlərinə baxmayaraq”. Bu sitatdan məlum olur ki, Uotson şəxsiyyətin formalaşmasına təsir edən yeganə faktor kimi ətraf mühiti görürdü. (Xeyes, Orrell, 2005)
Müasir dövrdə bihevioristlər hesab edirlər ki, fərd fikirləşən zaman onun bütün bədəni fəaliyyətdə (gizli) olur, son nəticənin: nitq, məktub, səssiz sözlü formulirovka olmasına baxmayaraq. Başqa sözlə zehni əmək tələb edən iş qarşısında fərdin aktivliyi oyanır, hansı ki, son nəticə etibarilə uyğun bir qərara gətirə bilər. Aktivlik özünü biruzə verir: 1) əllərin gizli fəaliyyətində (manual sistemlər reaksiyası) 2) tez-tez gizli nitqi hərəkətlər formasında (verbal sistemlər reaksiyası) 3) bəzən gizli visseral reaksiyalar formasında. Əgər aparıcı 1-ci və ya 3-cü reaksiya formasıdırsa, onda fikirləşmə sözsüz keçir.
Bihevioristlər güman edirlər ki, düşünmə prosesi sonrakı anlarda kinestetik, verbal və yaxud visseral ola bilər. Əgər kinestetik reaksiyalar sistemi tormozlanıbsa onda onu verbal proseslər əvəz edir; əgər hər ikisində də ləngimə baş verirsə onda visseral sistem aparıcı rolda fəaliyyət göstərir. Beləliklə, biz bütün bədənimizlə fikirləşirik və plan qururuq. Lakin adətən nitqi reaksiyalar manual və visseral reaksiyalar üzərində dominantlıq etdikləri üçün düşünmə prosesi öz mahiyyəti etibarilə səssiz nitq kimi çıxış edir. (Qalperin, Jdan, 1980)
Biheviorizm stimul (S) və reaksiya (R) arasındakı əlaqəni davranışın vahidi kimi qəbul edir, psixika və şüuru isə psixologiyanın predmeti kimi inkar edirdi. Təsadüfi deyildir ki, biheviorizmi “psixikasız psixologiya” adlandırırlar.
Biheviorizm mexaniki nəzəriyyədir: o, insan davranışını xətti determenizm prinsipləri ilə izah edir, sözdə obyektiv metoddan danışsa da əslində onun mahiyyətini təhrif edirdi. Buna görə də akademik İ.P.Pavlov hələ 30-cu illərin əvvəllərində “Fizioloqun psixoloqa cavabı” əsərində biheviorizmi kəskin tənqid etmişdir.
Təsadüfi deyildir ki, biheviorizm qısa müddət ərzində Amerikan psixologiyasının əsas cərəyanına çevrildi və Avropa ölkələrinə də yayıldı. Çünki XX yüzilliyin əvvəllərində psixologiyanın nailiyyətlərindən praktik məqsədlərlə istifadə olunması məsələləri kəskin surətdə qarşıda dururdu.
1.2 Məntiqi Biheviorizm
Məntiqi biheviorizm XX əsrin böyük bir hissəsində şüurun analitik fəlsəfəsinin aparıcı istiqaməti kimi çıxış edirdi. Psixologiyada biheviorizm introspeksionizmin qeyri-adekvatlığına qarşı reaksiyaya çevrildi. Hər hansı bir insanın mental həyatı haqqında introspektiv məlumatlar eksperimental tədqiqatların predmeti ola bilməz və onların üzərində korrekt ümumiləşdirmə etmək olmaz. Buna görə də introspeksiya standart elmi metodla uyğunlaşmır. Bihevioristlərə görə psixologiya üçün çıxış yolu daxili mental həyat ideyasından imtina etmək və müşahidə olunan davranışın təsviri üzərində düşünməkdir.
Psixologiyanın bu cür inkişafı ilə paralel olaraq fəlsəfi və ya məntiqi biheviorizm ideyaları genişlənirdi. Filosof-bihevioristlər hesab edirdilər ki, mental təkliflər əslində öz mahiyyəti etibarilə davranışın təsviri üsullarından biridir. Onlar müşahidəçilər tərəfindən formulə edilirlər ki, digər agentlərin davranışını qabaqcadan deyib, izah edə bilsinlər.
Əsas nümayəndəsi Vitqenşteyn olan məntiqi biheviorizm XX əsrin 50-60-cı illərində koqnitivizm cərəyanının yarandığı bir dövrdə öz aktuallığını itirməyə başladı və tezliklə də dəbdən düşdü. (Serl, 2002)
S.L.Rubinşteynə görə xarici obyektiv müşahidədə fəaliyyətin xarici tərəfi müşahidənin sadəcə ilkin materialıdır. Əsl predmeti isə onun daxili psixi məzmunudur. Müşahidənin yeganə predmeti kimi xarici tərəfi sayan bihevioristik psixologiyasından fərqli olaraq bizim psixologiyada müşahidənin əsas prinsipial quruluşu budur.
Məntiqi biheviorizmin iki versiyası vardır: zəif və güclü. Psixologiya filosofları arasında (Hall, Spens) yayılan zəif versiyaya əsasən: istənilən qavranılan psixoloji dil, davranışı təsvir edən dildir. Bu versiyada psixologiyanın dəqiq elm olmaq imkanı əsaslanır. Bu formada məntiqi biheviorizm başqa insanların mental vəziyyəti (halı) haqqında hər hansı bir biliyin olmasının qeyri-mümkünlüyünə qarşı zidd dəlillər verir. Məntiqi biheviorizmin güclü versiyası isə mental terminlərdən istifadəni inkar edir, belə ki, onların özlərinin heç bir mental halı yoxdur. Güclü versiyanın tərəfdarları biheviorizm cərəyanının banisləri E.Torndayk, C.Uotson və neobiheviorizmin nümayəndəsi B.Skinner idilər. Onlar üçün bu versiya eksperimental metodun ideal bazası rolunu oynayırdı. Versiyanın fəlsəfi işləmələrini isə K.Gempel və Q.Rayl həyata keçirdilər.
“Şüur” termini bədən davranışının qısaldılmış terminidir. Rayla görə mental terminlərdən istifadə qəti bir səhvdir. Belə ki, bu terminlər əslində davranışın üsulunu və davranışa olan meyli izah edir. Daxili aləmin mövcudluğu inkar edilir: təxəyyül – obrazların istehsalı deyil, yalançı davranışın növüdür; inandırma – bu şüurda olan fikir (qüvvə) yox, özünü müəyyən bir yolla aparma meylidir və s. Kim ki, biheviorizmdə sonadək getmək istəyir, hec cürə əsaslandırma üçün məntiqi cəlb edə bilməz. (Atkinson, 2003)
Skinnerə görə biheviorizmin şüuru, hissləri tamamilə inkar edən konsepsiya olması haqqında təsəvvürlər səhvdir. Demək olmaz ki, şüur yoxdur; sadəcə onun psixologiya elmi baxımından izahı uyğun gəlmir: “Biz hər hansı bir sistemin içində olaraq onun davranışını izah edə bilmərik, sonda biz onsuz da onu xaricdən müşahidə etməli olacağıq”. (Skinner, 1953)
İstənilən cərəyanın problemlərini 3 əsas qrupa bölmək olar:
1) dəlil problemi – yanaşma çərçivəsində mütləq inandırıcı dəlil metodu hazırlanmalıdır
2) metod problemi – öz növbəsində 3 əsasdan ibarətdir: verifikasiya problemləri, təbii dilin məntqi analizi, psixoloji izahatın biheviorist konsepsiyası
3) nəzəriyyənin metofizik problemləri – nəzəriyyənin bizi qəbul etməyə məcbur etdiyi göstəricilərin münasibliyi
Ən məşhur, standart tənqidlərindən biri də o idi ki, biheviorizm bizi effektiv psixoloji göstəricilərlə təmin edə bilməz. Belə ki, əgər psixologiya yalnız davranışı öyrənir və şüur ilə məşqul olmur, lakin bununla bərabər şüura və mental həyata maqraq qalırsa, onda bu cür psixologiya bizə klassik anlamda psixologiyanı əvəz edə bilməz. (www.i-u.ru)
Mənə elə gəlir ki, bu elmi düzgün qiymətləndirmirlər. Davranış haqda bir sıra elmlər var. Onlar öz predmetlərini seçərkən çox zaman biheviorizmin əsas mövzularına toxunmurlar. O, ətraf mühitdə qorunan orqanizmləri öyrənir və tədqiqatlar əsasında müəyyən davranışla onun əhatəsini aşkar edir. Təəssüflər olsun ki, davranış analizinin bu forması çox az tanınmışdır. Bu istiqamətin əsas nümayəndələri, onlar isə yüzlərlədir, çox zaman elmlə maraqlanan əhaliyə belə öz yanaşmalarını izah etməkdən, onu təbliğ etməkdən boyun qaçırırlar. Nəticə etibarilə biheviorizmin əsas açarı olan bu fundamental elm haqqında çox azları məlumatlıdır.
II FƏSİL
1.1 Neobiheviorizm cəryanının yaranması və inkişafı
Biheviorizm metodoloji cəhətdən nöqsanlı olduğu üçün artıq 20-ci illərin sonu – 30-cu illərin əvvəllərində onun daxilində müstəqil istiqamətlər əmələ gəldi; neobiheviorist (yunanca neos – yeni deməkdir) cərəyanlar formalaşdı. (Bayramov, Əlizadə, 2006)
Bu cərəyanın banisləri E. Tolmen və K. Hall hesab edilirlər.
Edvard Tolmen (1886-1959) öz fikirlərini 1932-ci ildə çap edilən “Heyvan və insanların məqsədli davranışı” kitabında yazır. Digər bihevioristlər kimi Tolmen də öz tədqiqatlarını əsasən heyvanlar (ağ siçovullar) üzərində aparırdı və hesab edirdi ki, davranış qaydaları bütün canlılar üçün eynidir. Özündən əvvəlki “klassik bihevioristlərin” fikirlərinə uyğun olaraq, Tolmen davranış tədqiqatının ciddi obyektiv metodlarla aparlmasının və bu zaman iradi olaraq heç bir daxili şüur aləminin mövcudluğu haqda fikirlərin olmamasının tərəfdarı idi. Tolmen sübut edirdi ki, daxili prosesləri də “xaricə çıxartmaq”la onların da tədqiqatlarına istənilən bütün fiziki obyektlərin tədqiqatları kimi dəqiqlik vermək olar. Bunun üçün davranışa ayrı-ayrı reaksiyaların zənciri kimi yox, bütöv bir tam kimi baxmaq lazımdır. (www.i-u.ru)
Neobihevioristlər məlumatlarını açıqlamaq üzrə meydana gətirdikləri yeni sistemlərində bir neçə nöqtə üzərində həmfikir idilər:
1- psixologiyanın əsası öyrənmə işləridir.
2- nə qədər qarışıq olduğu diqqətə alınmadan, davranışların əksəriyyəti şərtlənmə qanunlarıyla açıqlana bilər.
3- psixologiya prosessorluq qanununu uyğunlaşdırmaq məcburiyyətindədir.
Tezliklə S – R formulunun davranışı izah etməsi üçün çox məhdud olduğu üzə çıxdı. Belə ki, “S” və “R” çoxşaxəli və mürəkkəb münasibətlərdə olduqlarından onlar arasında bilavasitə əlaqəni görmək mümkün deyildi. Biheviorizmin sonrakı davamçılarından olan E. Tolmen bu formula mühüm bir düzəliş verdi. O “S” və “R” formulasına aralıq mövqeli bir səviyyə “V” – təklif etdi. Nəticədə formul bu şəkli aldı: S – V – R. Bu aralıq mövqeli səviyyə altında E. Tolmen davranışa təsir edən daxili prosesləri nəzərdə tuturdu. Bu proseslərə o, məqsəd, istək, fərziyyə və situasiyaların obrazlarını aid etdi. Baxmayaraq ki, aralıq dəyişkənlik şüurun funksional ekvivalenti idilər onlar haqqında yalnız davranışa əsasən fikir yürütmək olardı. Məs: Tolmenə görə heyvanlarda hər hansı bir məqsədin olub-olmaması haqqında ancaq o zaman danışmaq olar ki, 1) heyvanda axtarış fəaliyyəti üzə çıxsın və müəyyən bir obyekti almayınca davam etsin 2) obyekti alarsa aktivliyi dayandırsın 3) təkrar nümunələr zamanı obyektə aparan yolu daha tez tapsın. Beləliklə, sayılan göstəricilərə əsasən qeyd etmək olar ki, verilən obyektin tapılması heyvan üçün bir məqsəd (istək) idi. Bu göstəricilər isə davranışın xüsusiyyətləri idi və şüura müraciət etməyə heç bir lüzum qalmırdı.
Bütün bu nəticələr sonda şüurun tamamilə inkar edilməsinə gətirib çıxardı. Biheviorizmin isə inkişafının bütün mərhələlərində əsas tələbi şüura “toxunulmazlıq” idi. Lakin bu tələb həyatın təsiri altında məhv oldu. Hətta biheviorizmin vətəni olan Amerikada belə şüura qayıtmanın əhəmiyyəti başa düşüldü və bu qayıtma tezliklə baş verdi. (Qippenreyter, 2006)
Digər bihevioristlərdən fərqli olaraq Tolmenin fikrincə davranış hərəkət vərdişlərinin qazanılmasına gətirib çıxarmır. Onun eksperimental məlumatlarına əsasən orqanizm müəyyən zaman ərzində şəraitə uyğunlaşaraq məsələnin həlli üçün gediləcək yolun xəritəsini qurur.
Tolmenin nəzriyyəsi bihevioristlərin bəzi faktorlara (orqanizmin ətraf mühitdə adaptasiyasının idarə edilməsi kimi) baxışlarını dəyişdirdi. Tolmenin eksperimentlərindən sonra davranışa olan əvvəlki fikirlərin azlığı aşkarca üzə çıxdı. Onların yenidən baxılması tələb olundu.
Klark Hall (1884-1953), psixologiya nəzəriyyəsinə fizika və riyaziyyat elmlərinə xas olan düzgünlük və dəqiqlik vermək istəyirdi. Buna əsasən o hesab edirdi ki, psixologiyada bir neçə ümumi teoremlər (Evklidin həndəsəsinə yaxud Nyutonun mexanikasına uyğun) əlavə edilməlidir. Bu teoremlər eksperimental yoxlamalardan keçirilməli və təcrübələrin təsdiq olunmadığı halda daha adekvat formaya salınmalıdır. Bu yanaşma hipotetiko-deduktiv metod adını aldı.
Hall güman edirdi ki, orqanizmin davranışının psixi obrazlara, intellektual komponentlərə və s. müraciət etmədən ciddi elmi izahatını vermək olar. Onun fikrincə obyektləri fərqləndirmək üçün tələbatın olması yetərlidir. Əgər heyvan labirintin bir dəhlizində qida, digərində su tapa bilirsə, bunu ancaq tələbatla (yəni qidaya və suya) izah etmək olar. İlk dəfə olaraq Hall şərti – reflektor fəaliyətin modelləşdirilməsinin mümkünlüyü haqda fikir irəli sürdü. O qeyd etdi ki, əgər qeyri-orqanik materialdan bir qurğu düzəltmək olsaydı və bu qurğu şərti refleksin bütün əsas funksiyalarını yerinə yetirə bilsəydi, onda belə qurğular sistemi yaradıb “cəhd və səhvlər” metodu ilə əsl təlimi (öyrətməni) nümayiş etdirmək olardı.Bu istiqamətin yeni inkişafına B.F.Skinnerin nəzəriyyəsi təkan verdi.
Berxauz Frederik Skinner (1904-1990) Harvard Universitetini bitirib, 1931-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdi. Sonrakı 5 ildə Skinner Harvard Tibb məktəbində işləmiş, heyvanların sinir sistemini öyrənmişdir. Uotsonun və Pavlovun şərti reflekslərin formalaşması və öyrənilməsi haqda əsərləri Skinnerin elmi maraqlarına böyük təsir göstərmişdi. Bir neçə il Minnesot və İndiana Universitetlərində işlədikdən sonra Skinner Harvard Universitetinin professoru vəzifəsində ömrünün sonunadək çalışmışdır. Az sonra o, milli elmlər akademiyasının üzvünə çevrilir və onun əsərləri dünya şöhrəti qazanır.
Klassik biheviorizmi yenidən işləməyə çalışan Skinner insan davranışına sistematik yanaşmanın mühümlüyü fikrini irəli sürdü. Skinner ideyalarının mərkəzində davranışın səbəbini öyrənmək və onu idarə etmək dururdu. Bu barədə o, Uotsonun və Torndaykın psixi inkişafın sosiogenetik təbiətinə olan baxışları ilə razı idi. Yəni qeyd edirdi ki, inkişaf xarici stimullarla şərtlənən təlimdir.
Baxmayaraq ki, Skinner tərəfindən uşaqların öyrədilməsi haqda hazırlanmış proqram böyük entuziazmla qarşılandı və tezliklə də yayıldı, onun davranışı proqlamlaşdırmaq ideyası və problemli davranışı (kiçik yaşlı cinayətkarlar, psixi xəstələr) korreksiya etmək məqsədilə hazırladığı proqramlar böyük tənqidə məruz qaldılar. Belə ki, söhbət arzuolunan davranışın müsbət möhkəmləndirilməsindən və arzuolunmazın da mənfi möhkəmləndirilməsindən getdiyi üçün problem davranışın bütövlükdə idarə edilməsinin qeyri-mümkünlüyündə idi. (www.i-u.ru)
Lakin bütün bu qüsurlara baxmayaraq Skinnerin üsulları psixologiyaya böyük təsir göstərdi. Müasir Amerikan elmində Skinner ən görkəmli alimlərdən sayılır və istinadlarının sayına görə hətta Freydin tərəfdarlarından da üstündür. Bununla yanaşı onun operant davranış nəzəriyyəsi təlim proseslərinə yenidən baxılmasına və yeni proqramların işlənməsinə səbəb oldu.
NƏTİCƏ
Nəticə etibarı ilə onu deyə bilərəm ki, Biheviorizm cərəyanını kurs işi mövzusu kimi seçdiyimdə bu haqda çox az biliyə malik idim. Onu deyə bilərəm ki, bu cərəyan psixologiyada yetərincə izlərini qoyub. Bu nəzəriyyənin davranışın bir sıra xüsusiyyətlərini öyrənməkdə mühüm əhəmiyyəti olduğu da danılmazdır. Lakin, biheviorizm öz mahiyyəti etibarilə heç də güclü nəzəriyyə deyildi. Onu da qeyd edim ki, Biheviorizm cərəyanının qeyri-mükəmməl olduğunu sübut edən bir sıra mühüm qüsurları vardır. Elə məhz bu qüsurların ucbatından biheviorizm cərəyanı öz aktuallığını qoruyub saxlaya bilməyərək tezliklə süquta uğradı. Lakin süquta uğramasına baxmayaraq bu cərəyan davranışın izahında yeni bir istiqamət kimi qiymətləndirilir.
Ədəbiyyat Siyahısı
1. Bayramov Ə.S., Əlizadə Ə.Ə., – Psixologiya. Bakı, “Çinar-Çap”, 2006, – 620 səh.
2. Гиппенрейтер Ю.Б. – Введение в общую психологию. Курс лекций. – М.: Черо, МПСИ, Омега-Л, 2006. – 336 с.
3. Маклаков А.Г. – Общая психология. СПб.: Питер, 2006. – 583 с.
4. Хэйес Н., Оррелл С. – Что такое психология? – М.: Изд-во Эксмо, 2005. – 688 с.
5. Лурия А.Р. – Лекции по общей психологии. СПб.: Питер, 2007. – 320с.
6. Рубинштейн С.Л. – Основы общей психоогии. СПб., 1998
7. Аткинсон и др., Введение в психологию – СПб, М., 2003. 232. с
8. Материал из Википедии – свободной энциклопедии
9. http://www.i-u.ru/
10. Гальперин П.Я., Ждан А.Н. – Хрестоматия по истории психологии. М.: Изд-во МГУ, 1980
əvvəlki yazı