“Sağlam bədəndə sağlam ruh olar”- deyə məşhur bir cümlə var.Lakin mən bunun bəzi hallarda əksinə olduğunu düşünənlərdənəm.Məncə ,sağlam bədən sağlam ruhun əsəridir.
Ruh sağlamlığı dedikdə insanın psixoloji vəziyyətinin yaxşı olması nəzərdə tutulur.Bəzən insanlar müxtəlif ağrılar,fizioloji narahatlıqlar səbəbilə həkimə müraciət edirlər,müxtəlif yoxlanışlardan keçirlər və sonda aldıqları cavab isə “Sizdə bir şey yoxdur.”olur.Bu zaman insanda sual yaranır ki, “əgər mənim bədənimdə bir problem yoxdursa mən nəyə görə əziyyət çəkirəm?” Bəli, bədəninizdə gözlə görülən bir problem yoxdur.Çünki problem əsasən beyninizin içindədir.Yox yox,o dəqiqə ağlınıza ən pis variantları gətirməyin.Sizin sadəcə daxilinizə,düşüncələrinizə yönəlməyə ehtiyacınız var.Mütləq ki, səbəb oralarda bir yerdədir.
Və ya deyək ki, bir xəstəliyiniz var,ağrılardan şikayətlənirsiniz və buna diaqnoz da qoyulub.Lakin heç bir iynə,dərman,müalicə sizin bu narahatlığınızı tamamilə aradan qaldıra bilmir.Belə olduqda isə çıxış yolu yenə daxilimizə yönəlməkdə,fikir və davranışlarımıza nəzər salmaqda ola bilər.
Səbəbi psixoloji olan belə orqanik xəstəliklərə psixosomatik xəstəliklər deyilir.Belə xəstəliklərin təsirləri fiziki olsa da,mənbəyində insanların psixoloji problemləri,həyat haqqındakı düşüncələri və içlərinə atdıqları dərdləri dayanır.Uzun sözün qısası,əgər sizin psixologiyanız,emosiyalarınız,daxili aləminiz yaxşı vəziyyətdə,yəni sağlam olsa həmçinin sizin bədəniniz də sağlam olacaq.
İndi isə gəlin konkret xəstəliklər,insanın fikir və davranışları və onların həyata keçirdikləri müsbət niyyətlər arasındakı qarşılıqlı əlaqəyə baxaq.Burada biz xəstəliklərin inkişaf etməsindəki mümkün səbəbləri öyrənəcəyik.
1.BAŞ-fikir və proseslərə cavabdehdir.Başdakı problemlər hiss və idrak arasındakı uyğunsuzluğu əks etdirir.
Baş ağrıları- Hər şeydən əvvəl təhtəlşüur(şüuraltı) idrakın bizə verdiyi,nəyi isə düz etmədiyimiz
haqqındakı siqnaldır.
Məsələn,işiniz çoxdur,yorğunluq hissləriniz üst-üstə qalaqlanmışdır.Lakin siz işi sona çatdırmaq istəyirsiniz.Sizin şüuraltı idrakınız qərara alır ki,sizə istirahət lazımdır.Bunun üçün o, sizə baş ağrısını göndərərək həmin həddsiz yüklənmədən və özünüməhvetmədən sizi xilas edir.Bu, sadə bir nümunədir.
İkiüzlülük-baş ağrısının başqa bir səbəbidir.Məsələn,sevmədiyiniz bir insanla görüşərkən ona gülümsəməli,xoş sözlər deməlisiniz.Belə ünsiyyətin nəticəsi-baş ağrısıdır.Bunun səbəbi çox sadədir.Beyinin bir yarımkürəsi bu adamın yaratdığı xoşagəlməz hissləri qeyd edərkən digər yarımkürəsi isə sizin daxili davranışınızdır.Nəticədə, başın bir əzələsi gərginləşir, digəri zəifləyir.Fikir-obrazların və hisslərin uyğunsuzluğu ağrını yaradır.
Adətən, başqasında xoşumuza gəlməyən keyfiyyət mütləq öz içimizdə də vardır.Bu halda əgər özümüzü dəyişdirə bilsək bizi əhatə edən adamlar da dəyişəcəkdir.
Özünü lazımınca qiymətləndirməmək və özünütənqid adətən, baş ağrı əmələ gətirir.Əgər insan özünə lazımi dəyəri verməsə,özünü daim tənqid etsə, onda o, ətrafdakılara da belə yanaşacaqdır.Özünüzü sevin və olduğunuz kimi qəbul edin.İnsanlarda yalnız yaxşı şeylər görməyi öyrənin.
Qorxu-həddən artıq gərginlik və narahatlıq yarada bilər.Bu da baş ağrıya səbəb olar.Bu qorxunu özünüzdə axtarın.Ətraf aləmə etibar etməyi öyrənin.Özünə sevgi və ətraf aləmə etibar-istənilən qorxunu əridir.
Müəyyən funksiyalar da baş ağrısı yarada bilir.O, hansısa bir vəzifədən yayınmağa kömək edir.Məsələn, cinsi əlaqədən yayınmağa çalışan qadın yalandan başının ağradığını deyir və bir müddət sonra gecə vaxtı gələndə, müntəzəm olaraq onun başı ağrayır.Bu zaman həblər ona kömək etmir.Münasibətləri sakitcə qaydaya salmaq və müəyyən qərar qəbul etmək lazımdır.
Baş ağrılarınızı siqnal kimi qəbul edin.Onu həblərlə boğmayın.Həblər müvəqqəti təsirə malikdir.Ağrıların səbəbini axtarın və onları kənarlaşdırın.Onlar hisslərinizdə və fikrlərinizdə gizlənmişdir.
MİQREN- nevroloji baş ağrısıdır, adətən, o, müəyyən bir hissədə olmaqla, müəyyən mərhələlərlə təzahür etməyə meyillidir.Sadə ağrıkəsicilər ona təsir etmir və digər müalicə metodları da sadəcə müvəqqəti təsir göstərir.Çünki səbəbin özünü yox edə bilmir.Səbəblər isə sadə baş ağrısında olduğu kimidir.Lakin burada xarakterin nevroloji xüsusiyyətləri daha qabarıq şəkildə üzə çıxır.
Miqrenlər, adətən o adamlarda olurlar ki, onlar təkmilləşmək istəyirlər.Onlar özlərini günahlandırmaq və natamamlıq kompleksi ilə doludurlar.Bu kompleksdən xilas olmaq-elə ağrılardan xilas olmaq deməkdir.
AMNEZİYA(YADDAŞIN İTMƏSİ), YADDAŞ ZƏİFLİYİ- bunların başlıca səbəblərindən biri qorxudur.Amma burada sadə qorxu yox,həyatdan qaçmaq nəzərdə tutulur.Xoşagəlməz hallarda tanışların verdiyi “unut getsin!” məsləhətinə əməl edirsinizsə, yaddaşınızın zəifləməsinə təəccüblənməyin.
Bəzən isə təhtəlşüur(şüuraltı) amneziyanın köməyilə insan üçün müdafiə funksiyasını yerinə yetirir.Fiziki, yaxud qəlb ağrıları ilə bağlı olan hadisələr yaddaşdan silinir.Bəzən güclü qorxu,vahimə anında baş verən hadisələr də yaddaşdan silinə bilir.
2.MƏDƏ- emal və həzm qabiliyyətini simvollaşdırır; yəni hər hansı ideya və situasiyanı qəbul etməyə aiddir.Ona görə də mədəmizdə problem yarananda, bu onu bildirir ki,biz həyata necə uyğunlaşacağımızı bilmirik.Bir yenilik qarşısında dəhşətə gəlirik və onu mənimsəyə bilmirik.
Qorxu, həyəcan və narahatlıq, irad və qıcıqlar dərhal mədədə əks olunur.
MƏDƏ VƏ ONİKİBARMAQ BAĞIRSAQ XORASI, QASTRİT- adətən, bunlar həyatda yeniliklər qarşısında qorxudan yaranır.Qeyri-müəyyənliyin davam etməsi, məhkumluq hissiyatı, yenini qəbul etmək qorxusu və həzm etməyi,mənimsəməyi bacarmamaq mədədə əks olunur.Mədəsi xəstə olan adamlar, böyük və kiçik problemlərlə yüklənmiş adamlardır.Qorxu spazma, spazm isə yara, ağrı və xoraya gətirib çıxarır.
Bəzi insanlar daim özlərindən narazıdır və ailəsi, ətrafı üçün kifayət qədər yaxşı insan olmadıqlarını düşünürlər.Onlar bu düşüncələri, hissləri qəbul edə bilmirlər.Özlərini yaddan çıxararaq başqaları üçün yararlı olmağa çalışırlar.Belə olduqda sözün əsl mənasında onların “içi içini yeyir”.
Bu xəstəliyə əsasən kişilərdə rast gəlinir.Çünki onlar öz kişiliklərinə, ləyaqətlərinə vurulan zərbəni ağır keçirirlər.Belə adamların xoşagəlməz tərzdə özlərini sevmək xasiyyətləri vardır.Onlar arıqtəhər, yaradıcı, qıcıqlanan olurlar.Daim kimlərəsə nələrisə sübut etməyə çalışırlar.Həmişə özlərinə və başqalarına nəzarət etmək istəyirlər.Belə adamlar daim hakimiyyətə can atırlar, həmişə yaxşı olmaq istəyirlər.Buna görə də yuxarıda olmaqdan qorxurlar ki, birdən nəyisə vaxtında çatdırmayalar.
Nəyə isə kin bəsləmək, qəbul etməmək, iyrənmək də xoraya gətirib çıxara bilər.Çünki bu dünyada nəyi isə inkar etməklə siz özünüzün hansısa bir hissənizi kəsirsiniz.Digər tərəfdən də qəzəb, inciklik, hirs, acıq, çarəsizlik də buna səbəb ola bilər.Sizin həyatı fərəhlə yaşamağınıza mane olan şeylər ətraf aləmdə yox, sizin özünüzdədir.
Belə hallarda ən yaxşı dərman-sevgi və sakitlikdir.Özünü və ətraf aləmi olduğu kimi sevib qəbul edənlər xora xəstəliyinə tutulmurlar.
Həmçinin ürək bulanma və qusmanın səbəbi də qorxu,həyatda nələrisə qəbul edə bilməmək və onlardan qurtulmaq istəyidir.
Nəqliyyat vasitələrində baş verən ürək bulanmanın səbəbi isə sükan arxasındakı insana etibar etməmək,şüuraltında pis situasiya(qəza) baş verəcəyindən qorxmaqdır.Bu halı aradan qaldırmaq üçün hər şeydən əvvəl özünüzə etibar edin və özünüzü gərginlikdən xilas edin.Hadisələri axarına buraxıb səyahətdən zövq almağa çalışın.
3.AYAQLAR- ayaqların vəziyyəti həyatda necə yeriməyimizin,irəliləməyimizin vəziyyətini əks etdirir.
Ayaqlarla bağlı problemlər,ayaqların xəstəlikləri- bu, gələcəklə bağlı güclü qorxudur, həyatda irəli hərəkət etməmək arzusu, yaxud bundan qorxmaqdır.
Həyat məqsədinin olmaması, yaxud düzgün olmayan məqsəd,ideya seçilməsi ilə ayaqlarda problem yarana bilər.
4.ÜRƏK-DAMAR SİSTEMİ- Hesab olunur ki, ürək həyatda fərəhlənmək qabiliyyətini, öz-özü ilə, ətraf dünya ilə uyuşmaq qabiliyyətini əks etdirir.
Ürəkdə olan ağrılar özünə,ətrafına,həyata olan qeyri-qənaətbəxş sevgi nəticəsində yaranır.Ürəyi xəstə olan insanlarda özlərinə və ya başqalarına qarşı sevgi çatışmazlığı vardır.Onlara köhnə incikliklər, qorxu, qəzəb, qısqanclıqlar, yazığı gəlmək, təəssüflənmək hissləri mane olur.Onlar özlərini tənha hiss edir və bundan qorxurlar, lakin anlamırlar ki, insanlardan qaçıb köhnə incikliklərə sığınmaqla bu halı özləri yaradırlar.Emosional problemlər,bu hisslər sanki “ağır daş”, “yük” kimi ürəkdən asılıdır.Sevgi və fərəh çatışmazlğı da bununla bağlıdır.
Adətən, o adamın ürəyi ağrayır ki, onların həyatı şikayət və əzablarla doludur.Onlar başqalarının dərdini öz üzərinə götürərək onların əzab və ağrılarına kömək etmək istəyirlər.Başqalarına yardım edərkən də özlərini unudurlar.Beləliklə ürək tədricən məhəbbət və fərəh üçün bağlanır.Onun damarları daralır.
Yazığı gəlmək və əzaba şərik olmaq-məhəbbət deyildir.Şəfqətli olun, amma ürəyiyanan olmayın.Başa düşmək lazımdır ki, insanlarla mən o şeyi bölüşə bilərəm ki, ondan məndə də olsun.Əgər sizdə yaxşı və işıqlı hisslər varsa bunu insanlarla bölüşün.
Ürəyi xəstə olanlar stress və gərginliyin zəruriliyinə inanan insanlardır.Praktik olaraq, onlar istənilən situasiyanı stress gətirən hadisə kimi qəbul edib neqativ reaksiya verirlər.Bu ona görə belədir ki, onlar öz həyatları üçün məsuliyyəti öz üstlərinə götürmürlər.Yaxşı hadisələri sevinclə,pis hadisələri isə bir dərs kimi qəbul etmək və ondan nəticə çıxarıb faydalanmaq lazımdır.Ümumiyyətlə pis situasiyaları “pis” yox, “faydalı” olaraq qəbul edin.
Ürəyinizdəki xoşagəlməz hisslərdən azad olun, gülümsəyin, qəddinizi düzəldin, özünüzü yüngül hiss edin, sərbəstləşin və həyatda başınıza nə gələrsə gəlsin siz həyatı və özünüzü sevməkdən vaz keçməyin.Həyat hər şeyə rəğmən yaşamağa dəyər! Sevgiylə və sağlıqla qalın, Dəyərli Oxuyucular