1. DİNİ DƏYİŞDİRMƏ ANLAYIŞI VƏ DİNİ DƏYİŞDİRMƏ QƏRARININ VERİLİŞ MƏRHƏLƏLƏRİ.
Dini dəyişdirmə bir dindən başqa dinə dönmə deməkdir. İhtida (İslam dininə girmə) və irtidat (islam dinindən çıxma) anlayışları bura daxildir. Qərb dillərində dini dəyişdirmə mənasında işlədilən “conversion” sözü təkcə dinlərarası dəyişmə deyil, həm də psixologiyada, siyasi, estetik, sosial fikirlərdə və dini inanclarda fikir dəyişdirmə, dönmə və dönüş kimi çox geniş mənalara malikdir. Dini dəyişdirmə insanın inamının bir dindən başqa bir dinə keçməsini ifadə edir.
Şübhəsiz ki, dini dəyişdirmə az rast gəlinən, lakin insan üçün olduqca önəmli olan bir davranışdır. Çünki bir insanın uzun müddət inandığı və bağlandığı dini dəyərləri bir kənara atıb yeni dəyərləri qəbul etməsi olduqca çətindir. Bunun üçün uzun bir zamana, bir hazırlıq dövrünə ehtiyac vardır. Dinini dəyişdirmək üçün insana onun yaşadığı müddətdə bir çox faktorlar təsir edir. Bu faktorların təsirilə uzun zaman şüur altında hazırlanan dini dəyişdirmə şüur sahəsinə çıxır və dini dəyişdirməyə qarşı olan müqavimətlər yox edilərək dini dəyişdirmə qərarı verilir. Bu qərarın verilməsi aşağıdakı mərhələlərdən keçir:
a) Fərdin mövcud olduğu dinə olan inamı və bağlılığı bir qrup uzaqlaşdırıcı təsirlər nəticəsində zəifləyir və bu təsirlər şüur altına daxil olur.
b) Mövcud olduğu dindən uzaqlaşmağına səbəb olan mövzuların başqa bir dində, özünü təmin edəcək məzmunda olduğunun öyrənilməsilə bu dinə qarşı maraq oyanır.
c) Şüuraltına daxil olan uzaqlaşdırıcı təsirlər şüur sahəsinə çıxaraq yeni dinə qarşı yaranmış maraq və meyl ilə birləşir və dini dəyişdirməyə qarşı olan müqavimətlərlə qarşıdurma başlayır. Bu dövr narahatlığın ən çox müşahidə olunduğu dövrdür.
d) Qarşıdurmanın yeni dinin leyhinə nəticələnməsilə gərginlikdən azad olunur və dini dəyişdirmək qərarı verilir.
2. DİNİ DƏYİŞDİRMƏYƏ TƏSİR EDƏN FAKTORLAR.
Dini dəyişdirməyə təsir edən faktorları xarici və daxili faktorlara ayırmaq olar. Lakin fərdlərin əksəriyyəti bu faktorların qarışıq təsirilə dini dəyişdirmək qərarını verir. Bəzilərində daxildən gələn, yəni psixoloji (hissi və zehni) faktorlar, bəzilərində isə xaricdən gələn sosial faktorlar daha təsirli olur. Faktorlarla bağlı verəcəyimiz nümunələr Din dəyişdirmədə psixo-sosioloji faktorlar adlı doktorluq işindən götürülmüşdür.
A- İnanılan dinin təmin etməməsi.
Dini fəaliyyyətlər insanların ehtiyac və arzularını təmin etmək üçün yaradılmışdır. İnsanın təmin edilməyən ehtiyac və arzuları onun özündə daxili narahatlıq, gərginlik yaradır. O, meydana çıxan ehtiyaclarını təmin etmək, narahatlıq və gərginlikdən azad olmaq üçün müxtəlif növ fəaliyyətlər göstərir.
Fərd mövcud olduğu dinin əsaslarına şübhə edirsə, mövcud olduğu din onu təmin etmirsə, onda yavaş-yavaş gərginlik və narahatlıq yaranır.
Clark dinini dəyişdirən insandakı ən əsas psixoloji səbəbin gərginlik olduğunu söyləyir. Onun fikrincə, “dini dəyişdirməyə istiqamətlənmiş bir insanda gərginlik müəyyən bir nöqtəyə çatana qədər şüursuz, daha sonra qismən şüurlu olaraq böyüyür və inkişaf edir. İnsanın dini əsaslarla bağlı şübhələri davam etdiyi müddətdə gərginlik artır və ruhən təmin olunmadığı üçün böhrana düşməyə başlayır”. Beləcə, fərd böhrandan qurtulma, şübhələndiyi mövzuda təmin olma və rahatlığına qovuşma yollarını axtarır. Belə bir vəziyyətdə, özünü təmin edən başqa bir dinə aid oxuduğu bir kitab, qarşılaşdığı bir şəxs dini dəyişdirməsinə səbəb olur. Aşağıdakı nümunəyə nəzər salaq:
“ Xristianlıqdakı “İsa Allahdır” inancını doğru hesab etmirdim. Ağlım və məntiqim belə bir şeyi qəbul etmirdi. Bu səbəbdən Xristianlığın gerçək bir din olmadığını, İncilin keşişlərin əli ilə dəyişdirildiyini düşünürdüm. Allahın insanları xilas etmək üçün insan şəklində yer üzünə enə biləcəyinə heç cür inana bilmirdim. Hələ məktəb vaxtlarından maraqlandığım İslam dinini araşdırmağa başladım. Qur-anın almanca tərcüməsini və İslamiyyətlə
bağlı bir çox başqa kitablar oxudum. Uzun sürən araşdırma nəticəsində İslamiyyətin ən son və gerçək bir din olduğunu, həqiqi Allah inancının İslamiyyətdə tapıldığını gördüm. Beləcə İslam dininə inanmışdım, lakin rəsmi olaraq qəbul etməmişdim. Bu zaman Almaniyaya işləmək üçün gələn müsəlman bir türklə tanış oldum. Onun şərhləri və öndərliyi ilə qəti qərarımı verdim və rəsmi olaraq İslam dinini qəbul etdim”.(Kişi, yaşı:82, Alman, litsey məzunu, tacir)
B- Öz dininin uyğun olmayan tərəflərini və başqa dinin daha üstün əsasları ehtiva etdiyini öyrənmə.
Fərd bu vəziyyətə aşağıdakı yollarla gələ bilər:
1. Başqa dinə aid olan insanlarla dini mövzularda mübahisə.
Fərd münasibətdə olduğu başqa dinə aid olan insanlarla dini mövzularda mübahisəyə daxil ola bilər. Mübahisəyə daxil olan şəxs dini mövzulardakı inamını təhqiq etmək və qüvvətləndirmək, bu mövzuların doğruluğuna aid dəlil göstərmək ehtiyacını duyur. Qarşısındakının düşüncəsinə təsir etmək üçün sərf etdiyi səyin davamı olaraq dini mövzularda fikir irəli sürür. Mübahisə yolu ilə inkişaf edən bu ehtiyac dərinləşir; insan öz-özlüyündə danışdığı kimi öz-özü ilə mübahisə edir və inanclarının doğruluğunu öz-özünə isbat etməyə çalışır.
Lakin fərd bu mübahisədə öz dininin uyğun olmadığı tərəflərini öyrənmə fürsəti tapır. Bundan əlavə, mübahisə etdiyi insanın fikirlərindən təsirlənə bilər. Bu hal onun yeni dinə marağının oyanmasına və yeni dini araşdırmasına səbəb ola bilər. Araşdırmanın gedişində fərd yeni dinin məntiqə daha uyğun olduğunu və aid olduğu dindən daha üstün əsasları ehtiva etdiyini görərsə, aid olduğu dinə inamı getdikcə azalacaq və üstün tutduğu dinə daxil olacaqdır. Lakin bu da gerçəkdir ki, insan az qavradığı və ya mübahisəsi qarşıdurma yaradacaq xüsusiyyətli yaxud özünü təmin edəcək isbatı edə bilmədiyi inancların çoxunu dərinə, yəni şüuraltına daxil edir. Onların üzərində çox düşünmədən onlarla bağlı mübahisələrə qarışmaz və bunu günah anlayışı ilə izah etməyə çalışar. Lakin bu tip inanclar insanın həyatını gizlicə təsirləndirmə gücünə hər zaman malikdir. Aşağıdakı nümunəyə nəzər salaq:
“ Xristianlıq ictimaiyyətində böyümüş və bütün uşaqlıq illərində Xristian inancları və duaları ilə doldurulmuş bir ingilis vətəndaşı idim. Məktəbə başlayıb oxuma və yazmanın o ilk şövqü ilə İncili və Xristian dinini daha ətraflı və şüurlu bir şəkildə öyrəndikdən sonra onu tamamilə məntiqsiz və insan əli ilə korlanmış bir din kimi gördüm və istiqamətimi digər dinlərə çevirdim.
Qəzetdə Hz İsanın ilahiliyinə aid yazıya verdiyim cavab yayınlandığı zaman oxucuların məktub yağışına tutuldum. Bunlar arasında ən maraqlı olanı bir müsəlmandan gələn məktub idi. Bu şəxs ilə məktublaşaraq İslam dini haqqında mübahisələrə başlamışdıq. Bu məktublaşmalarda İslam dininə qarşı müqavimətim hər dəfəsində bir az da azalırdı. Bəli, bu şəxs göndərdiyi gözəl cavablarla məni məğlub etmişdi. Artıq mənim üçün yeni bir dünyaya baxan yeni bir pəncərə açılmışdı.
İslam dini həqiqətən məni çox cəzb elədi və bir çox İslam kitabları oxumağa başladım. Bu zaman çox dəyərli yeni müsəlman dostlar da qazanmışdım. Xüsusilə müsəlman olmuş ingilis qızların köməyi məni daha çox heyrətləndirmişdi. Oxuduğum “İslam dini” və buna oxşar bir çox kitablarla İslam dininin həqiqi dəyər və qiymətini anlayaraq müsəlman oldum”.
2. Digər dinləri araşdırma.
Fərd, 1. İnandığı dindən təmin olmama, 2. Araşdırmağa marağı olma, 3. Peşəsinin araşdırıcılıq olması səbəbilə digər dinləri araşdıra bilər. Mədəniyyətini artırmaq, müxtəlif dinlərin inanc əsaslarını öyrənmək, elmi bir araşdırma və ya dini bir təbliğat etmək məqsədilə dinləri araşdıran şəxs bu araşdırma gedişində qarşılaşdığı dinin hökmündən təsirlənə bilər. Əldə etdiyi biliklərdən bəziləri onun inancına şübhə yarada bilər. Beləcə ən azından mövcud olduğu dinin əsaslarını şübhə ilə yenidən araşdırmağa ehtiyac duyur və iki dini qarşılaşdırır. Qarşılaşdırma nəticəsində yeni dinin daha mükəmməl və üstün bir dünyagörüşünə sahib olduğunu görməsi və ona olan heyranlığı zamanla dini dəyişdirməsinə səbəb ola bilər.
C-Başqa dinə aid insanların müsbət davranışları.
Fərd başqa dinə aid olan insanlarla olan münasibətində, onlardan gördüyü kömək və yaxşılıqlardan təsirlənərək din dəyişdirə bilər. O, din dəyişdirmə qərarını özünün mənsub olduğu dinin dindarları ilə münasibətdə olduğu bu insanları qarşılaşdırdıqdan sonra verir. Əgər fərd əvvəllər dəfələrlə haqsızlığa uğramış, eyni dinə inandığı şəxslərdən müxtəlif pisliklər görmüşsə, onlara qarşı nifrət hissləri bəsləmiş və bu hisslər onun şüuraltına keçmişdir. Başqa dinə mənsub olmasına baxmayaraq münasibətdə olduğu yeni dinə mənsub şəxslərdən gördüyü kömək və yaxşılıqlar fərdi o dərəcədə təsirləndirər ki, əvvəllər şüuraltına yerləşmiş nifrət hisslərini şüur sahəsinə çıxmasına və dini dəyişdirməsinə səbəb olar.
D-Başqa dinə mənsub olan şəxslə evlənmək.
Başqa dinə mənsub olan şəxs ilə evlənən fərd ya evlənərkən, ya da evləndikdən sonra dini dəyişdirir. Belə din dəyişdirmələrə aşağıdakı motivlər təsir göstərir:
1.Evləndiyi insana qarşı olan sevgisinin inandığı dini dəyərlərdən daha üstün gəlməsi.
Bir-biri ilə evlənmək istəyən yoldaşlar biri digərinə evlənə bilmələri üçün dinini dəyişdirməli olduğunu söyləyə bilər. Belə vəziyyətdə olan şəxs ya sevdiyi insanın dinini qəbul edəcək, ya da evlənməyəcək. Bu halda əgər fərdin evlənəcəyi insana olan sevgisi inandığı dini dəyərlərdən daha üstün olarsa, mənsub olduğu dini atıb sevdiyinin dinini qəbul edər. Aşağıdakı nümunəyə nəzər salaq:
“Həyat yoldaşım evlənərkən müsəlman olmağımı istədi. Mən də müsəlman oldum. Sadəcə evlənmək məqsədilə dini dəyişdirdim” (Qadın, yaşı:24, litsey məzunu, ingilis, evdar xanım)
Bunu da qeyd etmək lazımdır ki, fərd əvvəllər evlənəcəyi şəxsin aid olduğu dinə maraq duymuş, meyl göstərmiş, lakin dini dəyişdirmə qərarını verməmiş ola bilər. Maraq duyduğu dinə mənsub olan şəxslə evlənməsi qərarsızlıq maneəsini aşmağa və dini dəyişdirməyə səbəb ola bilər. Aşağıdakı nümunəyə nəzər salaq:
“Atam yəhudi, anam isə müsəlman idi. Mən də atam yəhudi olduğu üçün rəsmi olaraq yəhudi idim. Lakin din mövzusunda sərbəst böyümüşdüm. Yəhudilik və İslamiyyət haqqında bir şey bilmirdim. Dostlarımın hamısı müsəlman idi. Mənim isə yəhudi olmağım məndə narahatlıq yaradırdı. Müsəlman bir kişi ilə evlənərkən onun müsəlman olmağımı istəməsini məmuniyyətlə qəbul etdim”.(Qadın, yaşı:21, litsey məzunu, T.C. Tabelikli, evdar xanım)
2. Dinini dəyişdirəcəyi halda özünü yeni qohumlarına daha çox sevdirə bilmək
düşüncəsi.
İnsanlar ehtiyaclarından artıq təhlükəsizliyə sahib olmaq istəyirlər. Başqa insanlarla yaxşı yola getmək yollarını öyrənməyi, dost qazanmaq və insanlar üzərində təsirli olmağını istəyirlər. Bu hisslərlə fərd evləndikdən sonra yeni bir ətrafı olacağını, dini dəyişdirərsə yaxınları və ətrafındakı insanlarla daha yaxşı münasibətlər qura biləcəyini, hörmətinin artacağını, özünü onlara daha çox sevdirə biləcəyini və daha zəmanətli bir sosial təhlükəsizliyə qovuşa biləcəyini düşünərək dini dəyişdirir. Aşağıdakı nümunəyə nəzər salaq:
“Cəmiyyətə uyğunlaşmaq və ailəmlə münasibətlərimin daha yaxşı olması məqsədilə dini dəyişdirdim. Müsəlman bir kişi ilə evliyəm. Evlənən zaman dinimi dəyişdirdim, ancaq evlənmək məqsədiylə dəyişmədim dinimi. Yoldaşım zabitdir. Onunla evlənə bilmək üçün tabeliyimizin(vətəndaşlığımızın) dəyişməsi vacib idi. Tabeliyimi(vətəndaşlığımı) dəyişdirmək üçün müraciət etdiyim zaman orada işləyən məmur dinimi də dəyişdirməli olduğumu söylədi. Başqa cür əməliyyatların edilə bilməyəcəyini söylədi. Aradan bir ay keçdikdən sonra müsəlman olmağa qərar verdim. Yeni bir ətrafım vardı. Yuxarıda qeyd etdiyim kimi, ətrafımdakı insanlarla daha yaxşı münasibətimin olması üçün dini dəyişdirmək qərarını verdim”.(Qadın, yaşı:30, universitet məzunu, fransız, müəllim)
Lakin fərdin əvvəlki dini inancı şüur altına yaxşıca yerləşmiş, kök salmışsa, dini dəyişdirdikdən sonra dini dəyişdirməyə qarşı olan müqavimətlər yenidən şüur sahəsinə çıxacaq və fərddə böyük bir gərginlik və narahatlıq meydana çıxacaq. Əgər fərd şüur sahəsinə çıxan dönmə meylini basdıra bilməzsə, gərginliyi yox etmək və rahatlığa qovuşmaq üçün yenidən əvvəlki dininə dönəcəkdir.
Psixoloq Antoine Vergote dini dəyişdirməyə qarşı olan müqavimətlərin, dini dəyişdirdikdən sonra da yenə bir araya gəlib təşkilatlaşacağını və şəxsiyyətin yenidən bütöv olaraq şəkillənmədiyi müddətdə qarşıdurmanın yenidən başlayacağını irəli sürmüşdür.
3.Yoldaşı ilə dini mövzularda mübahisə nəticəsində onun dinini məntiqə daha uyğun olduğunu qəbul etmək.
İki ayrı dinə aid olan insanların evlənməsindən sonra tərəf müqabilləri bir-birinin dini ilə maraqlana bilərlər. Lakin fərd necə ki hər şeyi eyni dərəcədə qavramırsa, eləcə də hər şeyə eyni dərəcədə maraq göstərə bilməz. İnsanın digər dinlərə qarşı maraq duyması üçün onların öz ehtiyac və istəklərinin təmin olunmasına dəyər verməsi lazımdır. Fərdin ehtiyaclarını və marağın təsirliliyini, o ana qədər qazandığı meylləri, inancları, fikirləri və qənaətləri təyin edər. Beləcə, tərəf müqabilləri bu xüsusiyyətlərin təsirilə bir-birinin dininə maraq göstərə və zamanla dini mövzularda mübahisə edə bilərlər. Mübahisə onlarda şüuraltında gizlətdikləri və kifayət qədər sübut edə bilmədikləri inancların şüur sahəsinə çıxmasını və gərginlik yaratmağını təmin edəcəkdir. Beləcə, ortaya çıxan gərginlikdən qurtulmaq üçün ya gərginlik yaradan mövzuları şüuraltına itələyərək inandığı dini olduğu kimi qəbul edəcəklər, ya da tərəf müqabillərindən biri zamanla digərinin dininə keçəcəkdir.
E- Başqa dinə bağlı olan bir cəmiyyətdə yaşayırsa
1. Cəmiyyətin mədəniyyətini, adət-ənənələrini mənimsəmək.
Bildiyimiz kimi insan sosial mühit adlanan bir mühit içində yaşayır. Bu mühit insanın hərəkət və davranışlarını idarə edir, onları müəyyən çərçivəyə salır. Psixoloji tədqiqatların nəticələrinə görə, insan davranışı üzərində cəmiyyətin və mədəniyyətin təsirinin rolu çox böyükdür. Fərdin davranışlarının meydana çıxmasına, hətta bioloji xüsusiyyətlərinin formalaşmasına təsir edən mühit faktorudur. Sosial-mədəni təsirlərin hamısı cəmiyyətdən, mühitdən gəlir.
Bu səbəbdən əgər fərd başqa dinə bağlı olan insanlardan ibarət olan bir cəmiyyətdə yaşayır və dostlarının çoxunu bu dinə bağlı olan insanlar təşkil edirsə, zamanla onlardan təsirlənə bilər və cəmiyyətin mədəniyyətini, adət-ənənələrini mənimsəyər. Mənimsədiyi bu adət-ənənə və yaxşı davranışların əksəriyyəti cəmiyyətin inancından əmələ gəldiyi üçün cəmiyyətin dininə heyran olar və bu din ilə maraqlanmağa başlayar. Bu hiss getdikcə inkişaf edərək şüuraltına daxil olar. Beləcə, fərddə təqdir etdiyi bu dinə girmək istəyi və meyli meydana çıxır. Bu istək və meyllərin qüvvətlənməsilə və ya qarşısına çıxacaq bir şəxsin təsirilə din dəyişdirməyə qarşı olan müqavimətlər yox edilər və fərd dini dəyişdirərək cəmiyyətin dinini qəbul edər.
2. Ətrafındakı insanlar kimi hörmət görmək, təqdir edilmək istəyi.
Hər kəsin dostları tərəfindən sevilmə arzusu olduqca qüvvətli bir motivdir. Fərd, hər şeydən əvvəl, ətrafındakı insanlar qədər hörmət görmək, təqdir edilmək arzusunu duyur. Başqa dindən olduğuna görə bunu özünə eyib hesab edə bilər. Dini tərəfdən duyduğu əksiklik ətrafındakılara qarşı alçaqlıq hissinə qapılmasına səbəb ola bilər. Alçaqlıq duyğusu insana çox ağır gələn, xoşagəlməz bir ruhi vəziyyət olduğundan və bu duyğuya malik olan insanlar özlərini digər insanların yanında əksik gördüklərinə görə fərd bu alçaqlıq hissindən qurtulmaq, ətrafındakı insanlar qədər sevilib hörmət görmək, onların rəğbətini qazanmaq istəyi ilə dini dəyişdirir və mənsub olduğu cəmiyyətin dinini qəbul edər. Özünün başqa dindən olması səbəbindən övladlarının alçaqlıq kompleksinə qapılmamaları üçün dinini dəyişdirənlərə də rast gəlinir.
3. Cəmiyyətə uyğunlaşma istəyi.
Fərd başqa dinə bağlı insanlardan ibarət bir cəmiyyətdə yaşayırsa, ətrafındakı insanlara uyğunlaşmaq istəyi ilə dini dəyişdirə bilər.
Uyğunlaşma davranışı 3 fərqli müddətlə bağlı ola bilər: itaət, qaynaşma, mənimsəmə. İtaət başqaları tərəfindən qəbul edilmək, qaynaşma dəyər verilən insan ya da qrupa bənzəmək, mənimsəmə isə gerçəkliyi anlamaq şəklində insana fayda verir. Bu baxımdan, itaət və qaynaşmada normativ, mənimsəmədə isə elmi sosial təsirdən söhbət gedir. Beləcə, uyğunlaşma davranışı həm fərdi, həm də ictimai meyllərin təsirinin nəticəsi kimi ortaya çıxır. Bu şəkildə fərd cəmiyyətə uyğunlaşmaq üçün dinini dəyişdirməklə həm psixoloji ehtiyaclarına cavab vermə, həm də sosial normalara uyğunlaşma davranışını göstərmiş olur. Aşağıdakı nümunəyə nəzər salaq:
“İstanbulda anadan olub böyümüşəm. Bütün dostlarım türk və müsəlman idi. Heç vaxt özümü onlardan ayrı hiss etməmişdim. Mən də türk olduğum və bütün dinlər eyni olduğuna görə İslam dinini seçdim. Mənim üçün önəmli olan Allaha inanmaqdır. Evləndikdən çox sonra din dəyişdirdim. Bir övladım var. Mənim vəziyyətimin övladıma əks təsir göstərməməsi, cəmiyyətdə onun bu səbəbdən sıxılmaması üçün və cəmiyyətə uyğunlaşmaq üçün dini dəyişdirdim”.(Qadın, yaşı:51, litsey məzunu, T.C. vətəndaşı, evdar xanım)
F- Dindarların və ya din adamlarının mənfi tutumları.
Din adamlarının və özünü dindar göstərən insanların şəxsi mənafelərinə görə din adından səhv hökmlər vermələri, dinin əmri kimi göstərdikləri prinsiplərə özlərinin əməl etməmələri, qısası sözləri ilə hərəkətlərinin bir-birini tamamlamaması fərdin din adamlarına və dindar şəxslərə olan inamının azalmasına, onlara nifrət etməsinə səbəb ola bilər. Bu nifrət hissi şüuraltına yerləşə və zamanla inkişaf edərək fərdin mənsub olduğu dinə olan inanc və bağlılığının azalmasına, hətta dindən tamamilə uzaqlaşmasına səbəb ola bilər. Bu halda fərd başqa dinə bağlı olan insanlarla qurduğu münasibətlərdə onların və ya başqa dinə aid oxuduğu kitabların təsirilə dini dəyişdirə bilər. Aşağıdakı nümunəyə nəzər salaq:
“İki ildir ki, Türkiyədə yaşayıram. Bura gəldikdən sonra çoxlu məscid və türbə gəzdim. İslam dini haqqında çoxlu kitab oxudum. İslam dininin ən son, mükəmməl və məntiqə uyğun bir din olduğunu anladım. Xüsusilə birbaşa, vasitə olmadan Allaha dua etmək üçün İslam dinini seçdiyimi deyə bilərəm. Onsuz da Xristianlıqdan çox əvvəllər çıxmışdım. Xristian din adamlarının bizdən istədiklərinin özlərinin etməmələri, bundan əlavə, insanların günahlarını Allahdan əvvəl özlərinin bağışlama səlahiyyəti varmış kimi görünmələri səbəbindən Xristianlıqdan tamamilə uzaqlaşmışdım”.(Kişi, yaşı:28, universitet məzunu, İsveçrəli, mühəndis)
G- Dini təlqin.
“İnsanların müxtəlif istiqamətlərdə bir-birlərinə qarşılıqlı psixi təsiri” mənasında işlədilən təlqinin bütün həyatda olduğu kimi, din dəyişdirən insan üzərində də önəmli təsiri vardır. Xüsusilə də, fərdin mənsub olduğu din ilə girmək istədiyi dinə qarşı duyduğu maraq və meyllərinin qarşıdurma dövründə, qərarvermə əsnasında, sosial-mədəni motivlərin yanında təlqinin də olduqca böyük təsiri var. Bundan əlavə, xüsusilə kiçik yaşlarda edilən dini təlqinlər insanın dini dəyişdirməsinə gətirib çıxara bilər.
H- Maddi çıxar təmin etmək.
Fərd bir sıra maddi çıxarlarını təmin etmək məqsədilə də dini dəyişdirə bilər. Bu halda o, şəklən din dəyişdirsə də, əslində əvvəlki dininə inanır. Buradakı dəyişmənin əsasında sərvət ehtiyacının təmin olunması durur. Aşağıdakı nümunəyə nəzər salaq:
New York Herald qəzetinin müxbiri olaraq Türkiyəyə gələn və İstanbulda bir türk qızı ilə evlənərək müsəlman olan amerikalı bir qəzetçi Amerikaya qayıtdıqdan sonra yazdığı bir məqalədə müsəlman olma səbəblərini belə izah edirdi: “Daima macərapərəst bir təbiətim var. Avropada qəzetçi kimi işlədim. Lakin bir müddət sonra qəzetdən məni İstanbula göndərdilər. Orada müsəlman oldum, müsəlman bir türk qızı ilə evləndim və bunun sayəsində xaricilərin qətiyyən ayaq basa bilməyəcəyi bir çox gizli hərəmlərə girməyə müvəffəq oldum.”
Din dəyişdirmədə cinsiyyət, yaş və təhsil vəziyyətinə xüsusilə baxıldığı aşağıdakı nümunələrdə əks olunmuşdur:
Qadınların ən çox “cəmiyyətə uyğunlaşmaq” və ikinci olaraq da “evlənmə” motivinin təsirilə din dəyişdirdikləri məlum olmuşdur. Kişilərdə isə ən çox “inandığı dindən təmin olmamaq” və ikinci olaraq da “ağıl və məntiqinə uyğun bir din ilə qarşılaşma” motivlərinin təsiri olmuşdur. Beləcə, qadınlarda psixi və sosial motivlərin, kişilərdə isə psixi və zehni motivlərin daha təsirli olduğu müəyyən olunmuşdur.
Din dəyişdirmə hadisələrinin yarıdan çoxu 21-40 yaş arası olan yetkinlik dövründə müşahidə olunmuşdur.
Təhsil vəziyyətinə gəldikdə isə, orta məktəb məzunlarında “başqa dinə bağlı olan insanı sevmək” və “cəmiyyətə uyğunlaşmaq” motivlərinin; litsey məzunlarında “inandığı dindən təmin olmamaq”, “başqa dinə bağlı insanı sevmək”, “ağıl və məntiqinə uyğun olan bir din ilə qarşılaşmaq” və “cəmiyyətə uyğunlaşmaq” motivlərinin; universitet məzunlarında isə “inandığı dindən təmin olmamaq” və “ağıl və məntiqinə uyğun olan bir din ilə qarşılaşmaq” motivlərinin daha təsirli olduğu müşahidə olunmuşdur. Buradan məlum olmuşdur ki, orta məktəb məzunlarında psixi və sosial motivlərin, litsey məzunlarında psixi, sosial və zehni motivlərin, universitet məzunlarında isə psixi və zehni motivlərin təsiri güclüdür.
DİN PSİXOLOGİYASI
əvvəlki yazı