İntiharla bağlı cəmiyyətdə müxtəlif rəylər mövcuddur. Bəziləri “Qur’ani kərim”dən sitat gətirərək, onu günah sayır. Kimisi intiharı acizlik kimi dəyərləndirir. Bir qisim isə özünə qəsd edən adamı qınamayaraq, onun başqa çıxış yolu olmadığını fikirləşir. Bir qayda olaraq, intiharın səbəblərini sosial-məişət amillərində axtarırlar. Əslində isə bu, yanlış yanaşmadı, məsələnin yalnız görünən tərəfidir. Çünki sosial-məişət amillərinin müəyyən təsiri olsa da, intiharı psixoloji amillər şərtləndirir. Buna görə də biz ilk növbədə intiharı şərtləndirən “insan və mühit” , “təəssürat” amillərinə nəzər yetirəcəyik. İnsan onu əhatə edən mühiti nə soyuqqanlı, nə də laqeyd müşahidəçi kimi qavrayır. Qavranılan hadisələr ona xoş gəlib-gəlməməsindən asılı olaraq, rəğbətə və ya nifrətə səbəb olur. Bu zaman bəzən insanda ruh yüksəkliyi yaranır, bəzən isə o iztirab, kədər hissi duyur. Psixologiya dili ilə desək, insanda müxtəlif təəssüratlar yaranır. Təəssüratı elmi cəhətdən belə izah etmək olar: təəssürat beynin real aləmi inikas etməsi formalarından biridir. Və bütün insanların təəssüratı zəngin və rəngarəngdir. İnsan ətrafda baş verən hadisələrə və daxildən gələn qıcıqlara biganə qalmır, ya sevinir, ya da kədərlənir. İnsan öz təəssüratları ilə insandır. O, bunun sayəsində ya ucalır, ya da alçalır. Müasir dövrümüzdə insanlar böyük təəssürat böhranı, gərginlik içindədir. Həddindən artıq informasiya insanın sinir sisteminə təsir edərək onun həyat tərzini mürəkkəbləşdirir. Müasir psixologiya tədqiqatları sübuta yetirib ki, son illərdə ünsiyyət informasiya mübadiləsi kimi mühüm sosial əhəmiyyət kəsb edir. Psixoloqların müşahidələri ortaya maraqlı bir fakt qoyub. XIX əsrdə azərbaycanlı qadın bütün ömrü boyu 7-8 kişi (ata, qardaş, ər, oğul və ən yaxın qohumlar) ilə tanış olub, ünsiyyət saxlayırdısa, bizim günlərimizdə bu rəqəm dəfələrlə çoxalıb. Müasir Azərbaycan qadını nəinki bütün ömrü boyu, az qala, hər gün bu rəqəmdən daha çox kişi ilə üz-üzə gəlir, onlarla tanış olur və ya tanış olması mümkündür. İnsanlar topladığı informasiyaları, necə deyərlər, xərcləməli, kiminləsə bölüşməlidir. Müasir dövrdə bu istək artıq həyati zərurətə çevrilib. Son dərəcə zəngin və rəngarəng təəssürata, informasiyaya malik olan insan sanki bu “yükdən” bir qədər azad olmaq istəyir. Əks təqdirdə insan özünə qapanır. Bu isə insanı başqalarından ayırır, insan sosial təkliyə, yəni sosial təcrid olunma ilə üz-üzə qalır. Bu gün sosial təkliyə düçar olan insanlar çoxdur. Belə insanlar, adətən, minlərlə insanın əhatəsində yaşasa da, sanki adamsızlıqdan əziyyət çəkirlər. Onu başa düşən bir kimsənin yoxluğundan gileylənirlər. Bu isə əksər hallarda əsəb pozğunluğuna səbəb olur. Təəssüf ki, bəzi insanlar bu zaman yalnız bir çıxış yolu görürlər: intihar! Bəs nə üçün Allahın bəxş elədiyi anadangəlmə özünüqoruma instinkti, ağrı hissinin duyulması, qorxu hissi bizdən uzaqlaşır, insan könüllü olaraq həyatı tərk etməyə qərar verir? Avstriya psixoloqu Ziqmund Freyd intiharı sosial mühitdə olan savaş və narazılıqlarla əlaqələndirirdi. Freydə görə özünəqəsd şəxsiyyətin mühitlə konfliktinin nəticəsidir. Freyd intiharı məhz “cavabı verilməmiş emosiya” adlandırırdı. Bir sözlə, Freyd özünəqəsdi təmin olunmamış təəssüratların, arzu, istək və meyllərin nəticəsi hesab edirdi. Freyd intihar aktına gedən yolu belə xarakterizə edib: “İnsanın şüuruna daxil olan bütün fikirlər, emosiya, istək, meyl və arzular, təəssüratlar şüurdan kənarda mövcud olduğu üçün onlar, obrazla desək, dəhlizdədir, eyvana – yəni şüura daxil olmaq “iddiasındadır”. Lakin bunun üçün onlar gözləmə otağından keçməlidirlər. İnsanın ən böyük xoşbəxtliyi və bədbəxtliyi ondadır ki, bütün istəklər bu gözləmə otağından eyvana, yəni şüuraltıdan şüura keçmirlər. Bu, o demək deyil ki, onlar unudulur. Xeyr. Əslində, onlar gözləmə otağında qalır. Və insanın faciəsi də bəzən bundan sonra başlayır. Belə ki, ömrün bir anında şüuraltıda gizlənən arzu və istəklər fürsət taparaq, şüura keçir və insanı idarə etməyə başlayır. Bu isə bəzən insanı uçurumun kandarına gətirir”. Freydin analizini şərh edən psixoloqlar bu nəticəyə gəliblər ki, insan özünə çox “olmaz” deyəndə, təmin olunmamış istəklər nevrozla, intiharla nəticələnir. Çox “olar” deyəndə isə xudpəsənd, pozğun bir insana çevrilir. Təsadüfi deyil ki, dünyanın əksər psixoloqları belə bir məsləhət verirlər: “Özünə nə çox “olmaz”, nə çox “olar” de”. Psixoloqlar bu ikisinin arasında orta həddi müəyyənləşdirməyi məsləhət görürlər. Orta hədd ən xeyirlisidir. Hətta “Qur’an”ın bir çox ayələrində insanın həyatda “orta yol” tutmasından danışılır. Bu yol ərəbcə “siratəl-müstəqim” adlanır. Namaz qılan müsəlmanlar “fatihə” surəsini oxuyarkən, gündə 5 kərə bu sözü təkrar edirlər. Bütün bu deyilənləri isə psixoloqlar belə yekunlaşdırırlar. İntihar sosial mühitlə əlaqədardır. Adətən, istək və meyllər, təəssüratlar zamanı “olar” az, “olmaz” çox olduqda, cavabı alınmamış emosiyalar intiharla nəticələnir. Onu da deyək ki, Freydin bu nəzəriyyəsini bir çox alimlər psixologiyada inqilab kimi dəyərləndirdilər. Psixoloqlar maraqlı bir müşahidə aparıblar. Məlum olub ki, özünü ölümün ağuşuna atan, özünə qəsd edən insanların əksəriyyəti son anda onu kiminsə xilas edəcəyinə inanıb. Bəlkə elə buna görə də filosoflar intihar edən adamları üzmək bilməyən balıqlara bənzədib. Yeri gəlmişkən, psixologiyada özünəqəsd edən adama suisident, özünəqəsd aktına isə suisid, bu sahə ilə məşğul olan adamlar isə suisidoloqlar, elmi sahə kimi isə suisidologiya adlanır. Özünə qəsd edən insanların ruhi vəziyyətlərinə gəlincə, Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına nəzər salaq. Onların məlumatlarına əsasən, sui-qəsd edənlərin 15 faizini ruhi xəstələr, 10-15 faizini psixiatr nəzarəti tələb edənlər, 60-70 faizini isə praktiki sağlam şəxslər təşkil edir. Özünə qəsd edən S.Yesenini, V.Mayakovskini, A.Fadeyevi, E.Heminqueyi, H.Hüseynovu heç vaxt ruhi xəstə adlandırmaq olmaz. Psixoloqlar sui-qəsdə irsi meyllərin təsiri olub-olmaması faktına da diqqət yetiriblər. Elmi araşdırmalar zamanı məlum olub ki, sui-qəsdə irsi meyllərin müəyyən qədər də olsa, təsiri var. Sui-qəsd aktına gənclər arasında daha çox təsadüf olunur. Nə qədər təəccüblü görünsə də sui-qəsddə yamsılama da, təqlidçilik də az rol oynamır. Psixoloqların apardığı müşahidə əsasında məlum olub ki, L.Tolstoyun “Anna Kareninna”, Hötenin “Gənc Verterin iztirabları” əsərləri sui-qəsdin artmasına səbəb olub. Rusiyada həyatından bezən rus qadınları məhz Anna Karenina kimi özünü qatarın altına ataraq intihar edirdilər. Ümumiyyətlə, söz və söz sənəti sui-qəsddə mühüm əhəmiyyət kəsb edir. Sui-qəsdin forması isə özünə qəsd edənin fərdi keyfiyyətləri və ilə, onu əhatə edənlərlə sıx bağlıdır. Məsələn, həkimlər çox vaxt özlərini zəhərləyərək intihar edirlər. Hərbçilər özlərini güllə ilə vurmağa üstünlük verirlər. Ən geniş yayılmış intihar formalarından biri isə hündür yerdən özünü atmaqdır. Psixoloqlar müəyyən ediblər ki, sui-qəsd formasında xarakterin əlamətləri də özünü büruzə verir. Məsələn, sadəlövh adamlar çox vaxt özlərini yandırırlar. Sui-qəsdə hətta cinsi fərqin də təsiri var. Məsələn, kişilər intihar edəndə bunu düşünülmüş və məqsədəuyğun şəkildə edirlər, onları çox vaxt xilas etmək mümkün olmur. Qadınlar isə bunu kömək üçün etiraz aksiyası kimi edirlər. Onların intiharı fəryad xarakteri daşıyır, çox zaman bu, kişiləri qorxutmağa yönəlir. Son illərin statistik məlumatlarına görə, sui-qəsd çoxalıb və “cavanlaşıb”. Sui-qəsdə meylli əhvala qarşı ən yaxşı profilaktika dərdi bölüşməkdir. Təsadüfi deyil ki, sevinci paylaşdıqca çoxalır, dərdi bölüşdükcə azalır. Buna görə də, ətrafdakılara mənəvi yardım göstərmək hər bir insanın borcudur. Və hər bir kəs həyatın bu sərt, yazılmamış qanununu yadda saxlamalıdır: “Səni vursalar, tapdasalar belə, ayağa qalx və irəli get”. Bu həqiqət bir daha sübut edir ki, insan özü özünə kömək etmək istəməsə, heç kəs ona kömək edə bilməz. |