Bəzən pasiyentlərə məruz buraxma texnikaları tətbiq edəndə onlar narahat olurlar. Çünki, məruz buraxma texnikaları sizi qorxunuzla üzləşməyə sövq edir. Sizi narahat edən şeylərdən qaçmaq qısa müddətlik sizi rahatlasa da, bir müddət sonra yenidən baş qaldıraraq uzun müddət sizi narahat etməyə davam edirlər. Məruz buraxma texnikaları isə sizə qısa müddət ərzində çətinlik yaşadır, amma problemi də birdəfəlik həll edir. Burdakı önəmli detal, qorxularınızla üzləşməyi və bu stressi yaşamağın özünüzün seçməyidir. Başa düşürəm, bu çətin olur, amma faydalıdır. Lakin bəzi pasiyentlər belə bir sual verirlər.
- Bu qədər stress yaşamaq təhlükəli deyil?
Düzdür, stress şəkər, təzyiq və s. kimi problemlərə səbəb olur. Amma bunun üçün stressin illərlə və demək olar ki, heç durmadan sürməsi lazımdır. Məruz qalmanın yaratdığı stress qısa müddətdə artsa da, birdən-birə də sıfıra enir. Bu texnikalar zamanı yaşanılan stress adətən 30 dəqiqədən daha az sürür, ən maksimum halda isə bir saat ərzində özünüzü yaxşı hiss etməyə başlayırsınız. Üstəlik, növbəti dəfə bu texnikanı edəndə stress səviyyəsi daha az artır. Bir müddət sonra isə ümumiyyətlə özünüzü məruz buraxacağınız bir şey olmur. O andan sonra həyatınız keyfiyyətli bir şəkildə davam edir.
Fuad Əsədov