Hər birimiz uşaqlıqdan etibarən həyatımızı daha yaxşı etmək üçün çalışırıq. Bu 6 yaşımızda məktəbə getməklə başlayır. Və bu, ölənə qədər davam edir. Hədəflər yaradırıq, onlara çatırıq və yeni hədəflər yaradırıq. Hədəfə doğru yaxınlaşan insanın psixologiyasına bəzi mərhələlərdən keçir. Gəlin bunlara baxaq.
- Həvəs. Yeni bir hədəf yaratdığımızda ilk olaraq çox həvəsli oluruq. Onun üçün hər şeyi etməyə hazır hiss edirik. Beynimizdə plan, bədənimizdə güc, həyatımızda disiplin hiss edirik. Və başlayırıq. Artıq bizi heç nə durdura bilməz, elə deyil? Artıq elə şeylər edəcəyik ki, bundan sonra bütün həyatımız dəyişəcək. Amma…
- Bəli, ikinci mərhələ başlayır. Bu mərhələni yorğunluq, vaz keçmə istəyi ya da xəyal qırıqlığı adlandıra bilərik. Hədəfimizə doğru addımlayarkən anlayırıq ki, bu düşündüyümüz qədər asan deyil. Çətinliklərlə qarşılaşırıq. Bəzən bəxtimizin pis olduğunu düşünürük. Ağlımıza neqativ düşüncələr hücum edir.
Deyəsən alınmır.
Deyəsən bacara bilməyəcəm.
Deyəsən bu iş mənlik deyil.
Çox hallarda bu mərhələdə insanların bəzisi dayanır və geri dönür. Çox az insan hər şeyə rəğmən yoluna davam edir. Əgər bu mərhələdə keçsəniz, üçüncü mərhələ başlayır.
- Deyəsən alınır. İkinci mərhələdən keçmənin özgüvəni ilə yola davam edirik. Hətta bəlkə də əvvəlkindən daha çox çalışırıq. Və birdən kəşf edirik ki, artıq bir çox şey alınır. Bu yolda daha yaxşı addımlaya bilirik. Nə oldu? Bəxtimiz açıldı? Yox, sadəcə beynimiz inkişaf etdi. Bütün bədənimiz və sinir sistemimiz səylərimizə reaksiya göstərir. Bəli, bədənimiz bizi mükafatlandırır.
- Uğur. Artıq hədəfə çatdıq. Bu çox gözəl bir hisdir. Amma sanki düşündüyümüz qədər gözəl olmadı. Sanki nəsə yarımçıqdır. Bunu tamamlamaq lazımdır. Baxın bu yeni hədəfin yaranma anıdır.
Fuad Əsədov