Son iki gündə Instagramda belə bir sorğu keçirdim.
- Özünüzü hansı üç sözlə ifadə edə bilərsiniz?
Bu suallara yüzlərlə cavab almışdım. Hər birini tək-tək oxudum. Məsələ burasındadır ki, insanlar bu sualda daha çox öz neqativ xüsusiyyətlərini dilə gətirirdilər. Özlərinə aid diqqətsiz, sıxıcı, məsuliyyətsiz, tənbəl, qapanıq, kobud, ağılsız, səbrsiz və s. kimi sözlər işlədirdilər.
Özünüzə aid bu cür şeylər düşündükdə əlbəttə özünüzü pis hiss edəcəksiniz. Həm də, bu anlayışları qəbul edəndə, daha da elə davranmağa başlayırsınız. Məsələn, kobud olduğunu bir dəfə qəbul edən insanın hər dəfə kobudluq etməməsi üçün bir səbəb yoxdur. Hər dəfə kobudluq edəcək və “onsuzda, mən kobud insanam da” deyə düşünəcək.
Amma, məsələ burasındadır ki, deyilsiniz. Bu sözlərin heç biri sizə aid deyil. Bu sözlər sizin müəyyən zamanlardakı davranışlarınıza aiddir. Siz robot deyilsiniz. Proqramlaşdırılmamısınız. Hər situasiyada eyni cür davranmırsınız. Bəli, kobudluq ya da tənbəllik etdiyiniz olur. Amma kobud və ya tənbəl deyilsiniz. Çünki, tamamilə başqa cür davrandığınız anlar da olur. Ona görə də, özünüzü bu cür sözlərlə ifadə etməyin ki, bu cür davranışlarınız da möhkəmlənməsin.
Fuad Əsədov