Bir şey etməlisiniz, amma tənbəllik canınızı alıb? İşləri ertələyə – ertələyə gedirsiniz? Aşağıdakı 13 tövsiyə sizin üçündür.
- Böyük işlər üçün kiçik addımlar texnikası. Görməli olduğunuz işi bacardığınız qədər kiçik addımlara ayırın. Məsələn, dərs oxumağa başlamağı ertələyirsinizsə aşağıdakı kimi siyahı hazırlaya bilərsiniz.
1) Əlini kitabın üstünə qoy
2) Kitabı götür
3) İlk səhifəni aç
4) Lazım olan mövzunu aç
5) İlk cümləni oxu
6) İlk abzası oxu
7) İlk səhifəni oxu və s.
Ardını bu qaydada kiçik addımlar yazaraq davam edə bilərsiniz. Bu texnika etməli olduğunuz işi gözünüzdə sadələşdirəcək. Üstəlik hər addımı yerinə yetirərkən beyninizdə motivasiya sistemi aktivləşərək sizi işin sonuna götürəcək. 2. Sizə həmin işi etmək üçün mane olan hər şeyi özünüzdən uzaqlaşdırın. Məsələn, ağlınızda baxmaq üçün bir film var, amma hər gün ertələyirsiniz, çünki sosial şəbəkələrdən bir türlü uzaqlaşa bilmirsiniz. O zaman filmə baxmaq üçün ayırdığınız vaxt gələndə sosial şəbəkələrdən çıxın ya da telefonu söndürün. Problem həll oldu.
3. Həmin işi etmək üçün bir addım atın. Bu yaxınlarda bir dostum dedi ki, neçə vaxtdır Azercellə getməliyəm, amma hər gün işdən çıxanda deyirəm ki, bu gün qalsın əşi və evə tərəf dönürəm. Ona dedim ki, gələn dəfə evə doğru dönmədən bir neçə addım Azercellə gedən yolla addımla. Əgər yenə də evə getmək istəsən geri qayıdarsan. Sabahı gün dostumdan belə bir mesaj aldım.
” Sən dahisən. Axır ki, bu gün Azercellə getdim ”
Təbii ki, dahi deyiləm. Amma texnika işə yaramışdı.
4. Problem – Sollution. Özünüzə siyahı tərtib edin. Bu işi görmək üçün sizə nə mane olur? Hamısını yazın. Bəs bu problemləri necə aradan qaldırmaq olar? Artıq nə etmək lazım olduğunu bilirsiniz. Ümumiyyətlə bu çox önəmlidir. Həyatdakı problemləriniz haqqında düşünməyin. Həll yolları haqqında düşünün.
5. Gələcəkdəki özünüzü əngəlləyin. Özünüzü tanıyırsınız. Loru dildə desək, nə mal olduğunuzu bilirsiniz. Bilirsiniz ki, həmin işi görmək üçün zaman gələndə bir şəkildə onu ertələyəcəksiniz. O zaman gələcəkdə ertələmə tərzinizi özünüzdən uzaqlaşdırın. Məsələn, universitet vaxtı bütün günü birlikdə olduğumuz dostum təqaüd kartının nömrəsini mənə verərək demişdi ki, siqaret çəkdiyimi görsən ya da hiss etsən bütün pulu çəkib özün xərcləyərsən. Təəssüf ki, texnika işə yaradı və o, heç vaxt siqaret çəkmədi.
6. İşləri ertələmənizə təşviq edən fikir və hislərin susmasını gözləmək insanların buraxdığı ən böyük xətadı. Onlar susmayacaqlar. Onlara rəğmən fəaliyyətə keçin. Bəzən işlərimi tamamlamaq üçün səhər saat 5- ə alarm qururam. Alarm çalanda şirin yuxudan ayrılmaq istəmirəm. Sanki beynimdə bir səs mənə deyir ki, onsuz da bu yuxu ilə heç nə edə bilməyəcən, yat. Öz – özümə deyirəm ki, sadəcə ayağa qalx, gerisi gələcək.
7. Elə bir sistem qurun ki, etməli olduğunuzu etmədiyiniz təqdirdə gələcəkdə yox, o anda olacaq bir itkiniz olsun. Xanım, abituriyent pasiyentim var idi. Ona demişdim ki, nə vaxt dərslərinə yaxşı hazırlaşmasa saçlarını yığsın və müəllimə desin ki, nə vaxt saçlarını yığsa ondan dərs soruşsun. Bir neçə dəfə bu hadisə olandan sonra içində onu dərs oxumağa təşviq edəcək səs oyanacaq. Deyə bilərsiniz ki, qız dərs oxumayanda da saçını açaraq hiylə işlədə bilər. Amma bu, cığallıqdı. Bu texnikalar ertələmə problemini həqiqətən həll etmək istəyənlər üçündür.
8. Etməli olduğunuz işi etməməklə bağlı içinizdə bir hiss oyananda ona qalib gəlməyə çalışın. Əgər, bu sizdə alındısa həmişə üstünüzdə gəzdirməli olduğunuz kağıza bir xətt qoyun. Həmin hissə məğlub olduğunuzda isə gələcəkdəki qabiliyyətlərinizi yeni sətirdə işarələyin. İradənizin gücünü bu şəkildə kağız üstündə görməyiniz sizə motivasiya verəcək. Bu, sadə olsa da o qədər effektiv texnikadır ki, narkotik aludəçisi bir pasiyentim sırf bu texnika ilə sağalmışdı.
9. Bəzən insanlar işlərini ona görə təxirə salırlar ki, nəticənin uğurlu olacağından əmin ola bilmirlər və bu, onları demotivasiya edir. Unutmayın, sadəcə edin. Just do it. Siz hələki indi üstünüzə düşəni edin. Bu halda işin alınmama ehtimalı çox aşağıdır. Hətta, alınmasa belə ən azından vicdanınız rahat olacaq ki, siz əlinizdən gələni etmisiniz.
10. Bu texnika səkkizinci texnika ilə bənzərdi. Lakin, bu zaman siz hər tənbəlliyiniz üçün vərəqə xətt qoyursunuz. Həmin vərəqə tez-tez baxaraq, zəifliyini görməniz içinizdə elə bir hiss oyadacaq ki, bir də o hissi yaşamamaq üçün hər şeyi edəcəksiniz.
11. Parçala və böl strategiyası. Bu ilk punktda yazdığıma bənzər bir texnikadı. Lakin, bu texnika zamanı siz etməli olduğunuz işi parçalara ayırdıqdan sonra ilk olaraq ən çətinindən başlayırsınız. Birinci texnikada isə işlər asandan çətinə doğru gedirdi. Xarakterinizə görə hansını istifadə edəcəyinizi seçə bilərsiniz.
12. Fikriniz yayınanda özünüzə kiçik bir vaxt tanıyın. Məsələn, kofenizi hazırlayın və fincanınızı bitirənə qədər beyninizdə özünüzü hazırlayın ki, içib bitirən kimi işimin başına dönəcəm. Kofenizi bitirdikdən sonra isə bir saniyə belə ləngimədən işlərinizə doğru qaçın. O saniyədən etibarən heç bir tərəddüdə yer yoxdur. 1,2,3 deyin və sadəcə başlayın. Bir dəfə başladınızsa ardı gələcək.
13. Deyə bilərsiniz ki, mən o qədər tənbələm ki, bu texnikaları tətbiq etməyə də tənbəllik edirəm. Unutmayın ki, özünüzü bu qədər aşağılamaq yanlışdır. Bu texnikaları tətbiq etmək üçün beyninizlə bu işi oyun halına gətirə bilərsiniz. İndi bu yazıları oxudunuz və öz- özünüzə deyin ki, bir yoxlayım. Bəlkə Fuad Əsədov deyildiyi qədər ağıllı deyil və sadəcə goplayır? Bir insanı sınamaq və məsələni bu qədər şəxsiləşdirmək beyin üçün güclü motivasiyadı. Bundan başqa yuxarıda yazdığım düşüncəniz varsa, sadəcə etməyə başlayın. Gerisini düşünməyin. 3- cü texnikanı xatırlayın. Təbriklər. Bu yazını oxuyub, bura qədər çatdınızsa, yaşlılar demiş, sizdən adam olacaq.
Fuad Əsədov