İngilis dilində “overrated” və “underrated” sözləri var. Overrated sözünü “həddindən çox dəyər verilən” şəklində tərcümə edə bilərik. Tutaq ki, siz deyirsiniz ki, filan film overrated filmdi. Yəni, o filmi hamı çox tərifləyir, amma əslində o qədər də təriflənəcək film deyil. Underrated sözü də bunun tərsidi. “Layiq olduğu qədər dəyər görməyən” deməkdir. Tutaq ki, deyirsiniz ki, filan yazıçı underrateddi. Yəni, bu yazıçı əslində çox yaxşı yazıçıdır, amma heyf qədri bilinmir.
İndi, durub-durarkən bunları niyə yazıram. Mənə görə bu sözlərin varlığı belə özgüvəni təmsil edir. Bu sözləri istifadə edən insanlar əslində çox özgüvənli insanlardı. Onlar kütlə psixologiyasına qapılmır və öz zövqlərini əksəriyyətin fikrinə tərs olsa belə önə çəkirlər. Onlar bir insan kütləsinə “məncə, siz səhv edirsiniz” deməyi bacarırlar. Bu həm də, individuallığın önə çəkilməsidir.
Sizin öz şəxsi maraq dairəniz, subyektiv fikirləriniz və öz qırmızı çizgiləriniz ola bilər. Onları ifadə etməkdən və fərdiliyinizi önə çəkməkdən çəkinməyin. Çünki, siz daxili zənginliyi heç nə ilə müqayisə olunmayacaq varlıqlarsınız.
Fuad Əsədov