Freyd müəllifi oldugu psixoanalizi ilk öncə «başqa heç bir yolla öyrənilməsi mümkün olmayan proseslərin tədqiq proseduru» adlandırırdı. İkincisi, «nevrotik pozuntuların müalicəsi üçün metod» və sonda, «psixoanaliz vasitəsilə elmdə olan yeniliklərin tədricən toplanması, psixi infomasiyanın miqdarı» hesab edirdi. Başqa sözlə, Freyd öz təlimini həm psixoloji tədqiqat, həm müalicə üsulu , həm də dünyagörüşü kimi şərh edirdi. Oktyabr inqilabından sonrakı ilk illərdə Freydin təlimi keçmiş sovet məkanında çox geniş vüsət aldı və tədqiqatçının demək olar ki bütün əsas əsərləri rus dilinə tərcümə edilərək çap edildi. Həmin dövrdə psixoanaliz müxtəlif istiqamətlərdə təhlil edilir və praktik olaraq tibbə tətbiq edilirdi. O illərin fəlsəfi , psixoloji və tibbi ədəbiyyatlarında Freydin psixoanalizi və onun dünyagörüşü materializmin və dialektikanın özəyi kimi qiymətləndirilirdi. (B.E.Bıxovski, 1923; A.R.Luriya, 1925). 30-cu illərin əvvələrindən başlayaraq Freydə bir alim kimi münasibət dəyişilməyə başladı.Bunun əsas səbəbi onun tədqiqatlarında əldə etdiyi yeni nailiyyətlər və bu nailiyyətlərin Sovet məkanında aparılan tədqiqatların nəticələri ilə üst-üstə düşməməsi idi. O illərdən başlayaraq onun dünyagörüşü təhrif olunmağa , əldə etdiyi naliyyətlər şübhə altına alınmağa və onun özünü tədqiqatçı alim kimi idealist, metafizik və aqnostik düşüncəli insan adlandırmağa başladılar. Həmin cərayanı dəstəkləyən tədqiqatçılar isə rəsmi surətdə nəzarətə götürüldü , onların elmi işlərinə təzyiqlər olundu və istənilən nəşr olunmuş əsərləri «qeyri elmilikdə» ittiham edildi. Belə bir tarixi şəraitdə eyni müəllifin Freydin işlərində idealizmin bir neçə istiqamətlərini «aşkarlaması» heç də təəccüblü deyil: « Berklyans» , «psixiatrik » , «energetik» və «obyektiv idealist» (K.İ.Sobolğ, Filosofskie prinüipı psixoanalitiçeskoy teorii Ziqmunda Freyda, M.1961)
Artıq Freydin və onun davamçılarının əsərlərinin çapı dayandırıldı və nəzəriyyədən psixoterapevtik metod kimi istifadə olunması qadağan edildi. Çapa yalnız Qərb psixologiya və psixoterapiyasının «tənqidi xülasəsi» buraxılırdı(V.M. Morozov, 1961; F.V. Basin, 1968 ; M.S.Lebedenski, 1971; İ.E. Volpert, 1972 və s.). Bu xülasələr məzmununa görə bir – birinə çox yaxın idilər. Bu xülasələrə görə Freydin psixoanalizi «yalan öyrənmə» , ekzistensializm – «cəfəngiyat və paradoks fəlsəfəsi», Yunqun arxeotipləri rasizmə çox yaxın olan «təbəqə şüursuzluğunun əlamətləri» , Frommun konsepsiyası – Freydist bir nəzəriyyədir. Adlerin fərdi fərqlər psixologiyası öz natamamlığını siniflər arası mübarizə kimi qələmə vermək və ətrafdakıların üzərində üstünlüyünü nümayiş etdirmədir. Morenonun psixodrama və sosiometriyası isə «dini burjua idealogiyasının ideyalarını ört – basdır etmək üçün yaradılmış ən son subyektiv nəzəriyyədir» (N.S. Mansurov, 1963).
Katarsis metodunun əsasında «guya bütün nevrozların əsasında hansısa bir (xüsusilə , seksual sferada ) psixi travmalar durur və nevroza səbəb kimi onların şüursuzluq səviyyəsinə sıxışdırılması ideyası» kimi düzgün olmayan yanaşma olduğu üçün bu metod yararsız hesab olunurdu. Freydin «panseksualizm» konsepsiyası isə onun ən çox tənqidə məruz qalmış əsərlərindən biri hesab edilir. müharibədən sonrakı illərin ədəbiyyatı ilə tərbiyə olunmuş bir çox psixiatr və psixoloqlar , sadəlövhcəsinə , Freydin özünü «panseksualizm» hesab edirdilər və onların düşüncəsinə görə Freydin tələbələri məhz buna görə ondan imtina ediblər. Yalnız Freydin əsərlərinin rus dilinə tərcüməsi və çapından sonra bu psixoloqlar özləri üçün aydınlaşdırdılar ki, «panseksualizm» heç də Freydin özü deyil, bu, hələ sovet oxucularına bir o qədər də tanış olmayan , sadəcə psixologiyanın bir hissəsidir.
1961 – ci ildə V.M.Morozov Şopenhaur və Nitsşenin psixoanalizin fəlsəfi mənbəyi ideyalarını təhlil edərkən qeyd edirdi : « Freydizm psixiatriyada volyuntarizm (bütün varlığın əsasını iradə təşkil etdiyini iddia edən idealist fəlsəfi cərəyan) fəlsəfəsinə ən parlaq nümunədir. Psixoanalizlə heç bir kompramisə getmək olmaz, onu bütünlüklə rədd etmək lazımdır».
Freydin konsepsiyasını tənqid etmək üçün ən çox İ.P.Pavlovun reviziya ideyalarından və materializm pozisiyasından istifadə edirdilər. Əlbəttə, bu gün heç kim Freydin nəzəriyyəsinin mükəmməl olması haqqında mübahisə etmir. Lakin qeyd etməliyik ki, psixi proseslərin bütün dərinliklərini yalnız şərti reflekslərlə dərk etmək mümkün deyil.
Qərb və Sovet psixologiyası və psixiatriyasının birləşdiyi müasir dövrdə alimlər çalışmalıdırlar ki, Z.Freydin əsərlərini tərcümə edərkən mümkün qədər az şərhə və dəyişikliyə yol versinlər. İmkan yaratmaq lazımdır ki, Feydin oxucuları onun fikirlərini bilavasitə qavrayaraq özlərinə məxsus şəkildə qiymətləndirsinlər.