Psixologiya
  • Ana Səhifə
  • Kategoriyalar
    • Psixologiya tarixi
    • Təhsil – tələbə
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
      • Proqramlar
      • Sillabuslar
      • Mühazirə mətnləri
    • Psixoloq məsləhəti
    • Maraqlı məlumatlar
    • Sual – Cavab
    • Test və metodikalar
    • Bizim Kafedra
    • Elektron kitablar
    • Məqalələr
  • Xəbərlər
    • Ümumi xəbərlər
    • Aktual xəbərlər
  • Məqalələr
  • Distant (məsafədən) təhsil
    • Mühazirə mətnləri
    • İmtahan sualları
  • Statistika
  • Psixologiya
    • Sosial psixologiya
    • Kilinik psixologiya
    • Pedoqoji psixologiya
    • Ümumi psixologiya
  • Fərdi inkişaf
    • Psixoterapiya
    • Münasibətlər
    • Xoşbəxtlik
  • Psixologiyajurnalı.Az

Psixologiya

  • Ana Səhifə
  • Kategoriyalar
    • Psixologiya tarixi
    • Təhsil – tələbə
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
      • Proqramlar
      • Sillabuslar
      • Mühazirə mətnləri
    • Psixoloq məsləhəti
    • Maraqlı məlumatlar
    • Sual – Cavab
    • Test və metodikalar
    • Bizim Kafedra
    • Elektron kitablar
    • Məqalələr
  • Xəbərlər
    • Ümumi xəbərlər
    • Aktual xəbərlər
  • Məqalələr
  • Distant (məsafədən) təhsil
    • Mühazirə mətnləri
    • İmtahan sualları
  • Statistika
  • Psixologiya
    • Sosial psixologiya
    • Kilinik psixologiya
    • Pedoqoji psixologiya
    • Ümumi psixologiya
  • Fərdi inkişaf
    • Psixoterapiya
    • Münasibətlər
    • Xoşbəxtlik
  • Psixologiyajurnalı.Az
PsixologiyaÜmumi psixologiya

NƏZƏRİ TƏFƏKKÜR ANLAYIŞI VƏ ONUN TƏDQİQİ İSTİQAMƏTLƏRİ

yazdı Admin 03 Fevral 2022
yazdı Admin 03 Fevral 2022
NƏZƏRİ TƏFƏKKÜR ANLAYIŞI VƏ ONUN TƏDQİQİ İSTİQAMƏTLƏRİ

Açar sözlər: kiçikyaşlı məktəbli, nəzəri təfəkkür, psixi funksiya, psixi inkişaf, təlim fəaliyyəti, idrak fəallığı, öyrənmə, inkişafetdirici təlim

Respublikamızda aparılan sosial-iqtisadi islahatlar ümumi təhsilin halhazırki və gələcək inkişafının vacibliyini şərtləndirir. Müasir dövrdə informasiya axınının əhəmiyyətli dərəcədə artması bir tərəfdən, tədris proqramlarının məzmununun operativ şəkildə yenilənməsini aktuallaşdırır, digər tərəfdən elmi biliklərin mənimsənilməsinin münasib, dəqiq tempinin müəyyənləşdirilməsində çətinlik yaradır. Təhsil sistemində aparılan islahatlarda əsas diqqət ibtidai siniflərə yönəldilir. Çünki məhz ibtidai siniflərdə L.V.Zankov, V.A.Krutetski, D.B.Elkonin və başqalarının qeyd etdiyi kimi, şagirdin intellektual potensialı yığılır, idrak maraqları və təlim fəallığı inkişaf edir.
Kiçik məktəb yaşı dövrü şəxsiyyətin inkişafı üçün əhəmiyyətli potensial imkanların mövcud olduğu dövrdür. Ona görə də L.İ.Bojoviç, A.A.Lyublinskaya, L.M.Fridman və başqalarının göstərdiyi kimi, məktəbdə müsbət sosial-psixoloji mühitin yaradılması xüsusi əhəmiyyət daşıyır. Belə şəraitdə şagird ilkin məktəb tələbatlarını tez mənimsəyir, bilik qazanma prosesinə fəal qoşulur.
N.F.Talızina, N.A.Mençinskaya, M.İ.Maxmutov və başqaları öyrənmə bacarığının olmamasını təlimdə müvəffəqiyyətsizliyi yaradan əsas səbəblərdən biri hesab edirlər. Uşağa müstəqil öyrənməyi öyrətmək, dərk olunan obyekti tədqiq etməyi aşılamaq, başqa sözlə desək, onu təhsilin subyektinə çevirmək vacib şərtlərdəndir. Bu o zaman mümkündür ki, ibtidai təhsil mərhələsində şagirdlərdə müstəqil nəzəri idrak qabiliyyəti inkişaf etdirilsin. İbtidai siniflərdə təlim fəaliyyətinin düzgün təşkil olunması, nəzəri anlayışlar sisteminin mənimsədilməsi və digər vacib şərtlər nəzəri təfəkkürün inkişafına şərait yaradır. D.B.Boqoyavlinskaya, V.V.Davıdov, A.Z.Zak, S.E.Kovalyov, L.K.Maksimov, M.A.Xolodnaya və başqalarının tədqiqatlarında göstərildiyi kimi, nəzəri təfəkkür yalnız məzmuna doğru istiqamətlənmir, həmçinin “ideal məhsulların” qurulması formasına yönəlmiş olur. R.A.Ataxanov, V.V.Beliç, X.J.Taneyeva, L.S.Yakunova və başqalarının apardığı tədqiqatlar empirik və nəzəri təfəkkürün funksionallığı, qanunauyğunluqları probleminin öyrənilməsinə həsr olunmuşdur. A.B.Vorontsov, V.A.Qurujapov, O.S.Ostroverx, D.B.Elkonin və başqaları ümumtəhsil məktəblərinin ibtidai təhsil mərhələsində hər bir uşağın təhsilinin fərdi hərəkət trayektoriyasının qurulmasının və psixoloji-pedaqoji diaqnostikasının əhəmiyyətini xüsusi vurğulayırlar. Şagirdin ümumi inkişaf səviyyəsinin, o cümlədən nəzəri təfəkkürün inkişafının sistematik müəyyənləşdirilməsi vacibdir.
Fikri prosesdə sözün, obrazın və ya hərəkətin əsas rol oynamasından, bir-biri ilə qarşılıqlı əlaqəsindən asılı olaraq təfəkkürün üç növü ayırd edilir:
1)      əyani-əməli; 2)əyani-obrazlı; 3) sözlü-məntiqi. Bundan başqa, qarşıda duran məsələnin xüsusiyyətlərindən asılı olaraq təfəkkürün iki növü ayırd edilir: 1)praktik təfəkkür; 2)nəzəri təfəkkür. Əyani-əməli (əşyavi, praktik) təfəkkür təşkilati, konsruktiv, istehsalat və digər praktik fəaliyyətlə bağlı olan konkret məsələlərin həllinə yönəlmiş olur. Praktik təfəkkür, hər şeydən əvvəl, texniki-quraşdırma işləri ilə bağlı olur. Əyani-obrazlı (bədii) təfəkkür təsəvvür və obrazlara əsaslanır. Başqa sözlə desək, bu zaman insan mücərrəd fikirləri, ümumiləşdirməni konkret
obrazlara çevirir.
Sözlü-məntiqi (mücərrəd) təfəkkür məfhumlarla məntiqi əməliyyatların aparılması nəticəsində həyata keçirilir. Mücərrəd təfəkkür təbiət və cəmiyyətdə ümumi qanunauyğunluqların tapılmasına yönəlir. Sözlü-məntiqi təfəkkür ümumi əlaqə və münasibətləri əks etdirir. Təfəkkürün bu növü əsas etibarilə anlayışlara istinad edir, təsəvvür, obraz ikinci dərəcəli rol oynayır.
Təfəkkürün bütün növləri bir-biri ilə sıx əlaqədardır. Əksər insanlarda təfəkkürün müxtəlif növləri eyni səviyyədə inkişaf etmiş olur. Lakin cari məsələnin xarakterindən asılı olaraq, təfəkkürün bu və ya digər növü ön plana keçir. Həmçinin, təfəkkürün inkişafı yaş xüsusiyyətlərinə malikdir. Belə ki, erkən uşaqlıq yaşı dövründə əyani-əməli, məktəbəqədər yaş dövründə əyani-obrazlı, kiçik məktəb yaşı dövründə sözlü-məntiqi təfəkkür təzahür edir.
İctimai-tarixi inkişaf prosesində insanın intellekti ilkin olaraq praktik fəaliyyət əsnasında formalaşmışdır. Məsələn, əvvəlcə insanlar təcrübi yolla torpaq sahələrini ölçməyi öyrənmişdir, daha sonra tədricən xüsusi nəzəri elm sahəsi – həndəsə yaranmışdır.
Genetik baxımdan təfəkkürün ən erkən növü əyani-əməli təfəkkürdür. Təfəkkürün bu növünün əsas mahiyyəti əşyalarla əməliyyat aparmasındadır. İlkin formada təfəkkürün bu növü heyvanlarda da özünü göstərir. Əyani- əməli, manipulyativ təfəkkürün əsasında əyani-obrazlı təfəkkür yaranır. Təfəkkürün bu növü üçün fikrən, əyani obrazlarla iş əsas təşkil edir. Təfəkkürün yüksək pilləsini təcridi, mücərrəd təfəkkür təşkil edir.Təfəkkürün bu növü praktika ilə əlaqəni saxlayır.
Əqli fəaliyyətin məzmunundan asılı olaraq praktik, bədii və elmi təfəkkür növləri ayırd edilir. Praktik (operativ) təfəkkürün struktur vahidi – əməliyyat, bədii təfəkkürün struktur vahidi obraz, elmi təfəkkürün struktur vahidi anlayışdır.
Ümumiləşdirmənin dərinliyindən asılı olaraq, empirik və nəzəri təfəkkür növləri fərqləndirilir. Empirik (təcrübi) təfəkkür təcrübə əsasında ilkin ümumiləşdirmə verir. Empirik dərketmə idrakın aşağı, elementar pilləsidir. Empirik təfəkkürü praktik təfəkkürlə qarışdırmaq olmaz.
Nəzəriyyəçinin əqli fəaliyyəti praktikadan müvəqqəti uzaqlaşmaq üzərində mərkəzləşir (idrakın birinci yolu). Praktikin əqli fəaliyyəti abstrakt təfəkkürdən praktikaya keçid üzərində mərkəzləşir (idrakın ikinci yolu). Praktik təfəkkürün xüsusiyyətləri incə müşahidəçilik, diqqəti hadisənin müxtəlif detalları üzərində mərkəzləşdirmək qabiliyyəti, düşüncədən hərəkətə çevik keçmək bacarığı və s.dir. İnsanın praktik təfəkkürünə onun ağlı ilə iradəsinin optimal qarşıllıqlı əlaqəsi, fərdin idrak, nəzarət və enerji imkanları xasdır. Praktik təfəkkür əsas məqsədin operativ qoyulması, çevik planların və proqramların seçilməsi, gərgin fəaliyyət şəraitində özünənəzarət bacarığının olması ilə əlaqədardır.
Nəzəri təfəkkür dərk olunan obyekti onun zəruri əlaqələr sistemində tədqiq edərək, ümumi münasibətləri aşkar edir. Onun nəticəsi – konseptual modelin qurulması, nəzəriyyənin yaradılması, təcrübənin ümumiləşdirilməsi, müxtəlif hadisələrin inkişaf qanunauyğunluqlarının açılması və s.dir. Nəzəri təfəkkür praktika ilə əlaqəlidir, lakin özünün son nəticəsinə görə müstəqil xarakter daşıyır. O, keçmiş biliklərə istinad edir və növbəti idrakın əsasına xidmət edir.
Nəzəri təfəkkür aşağıdakı komponentləri əhatə edir: mənalı təhlil, planlaşdırma, refleksiya. Sadalanan əqli işlər bir-biri ilə qarşılıqlı əlaqədədirlər. Təhlil etmək qabiliyyəti mürəkkəb məsələləri araşdırmağa imkan yaradır. Planlaşdırma icra olunacaq işlərin ardıcıllığını müəyyən etməyə, üsul və vasitələrin seçilməsinə kömək edir. Refleksiya insanın öz hərəkətlərini dərk etməsi olub, məsələnin həlli prosesini tənzim edir, düzgün qiymətləndirməni təmin edir.
Nəzəri təfəkkürün təməlində “məzmunlu” və ya “nəzəri” ümumiləşdirmə durur. Ümumiləşdirmənin bu tipi əşyaların təhlil edilən sistemini təyin edir, ümumi əsaslarını ayırd edir. Əşyalar arasındakı əlaqəni tamın, yəni, bütün sistemin daxilindən izləməyə imkan verir. Empirik təfəkkür əşyaların sistemləşdirilməsi, qruplaşdırılması məqsədi daşıyır. Onun əsasında empirik və ya formal ümumiləşdirmə dayanır. Bu zaman əşyaların qarşılaşdırılması yolu ilə onlarda eyni, ümumi, uyğun, oxşar olanlar aşkar edilir. Bunun ardınca, bu ümumiləşdirmə sözlə ifadə edilir, həmin əşya digər əşyalardan təcrid edilir, yəni mücərrədləşdirilir. Bununla da empirik anlayış formalaşdırılır. Bu əlaqə nəzəri anlayışla möhkəmləndirilir. Empirik anlayışdan fərqli olaraq, nəzəri anlayış hansısa əşyalar sinfində eyniliyi aşkar etmir, ayrı-ayrı əşyaların qarşılıqlı əlaqəsini sistemin, tamın daxilindən izləyir, aşkarlayır.
Nəzəri təfəkkürün tədqiqi müasir dövrdə psixologiya elminin qarşısında duran aktual problemlərdən biridir. Məsələ ona görə aktualdır ki, əvvəla problem çətin olduğu üçün sonunadək araşdırılmamışdır. İkincisi, problemin nəzəri və praktik cəhətdən öyrənilməsinə müxtəlif aspektdən yanaşmaların olması nəzəri təfəkkürün mahiyyətinin açılmasını mürəkkəbləşdirir.
Təfəkkür psixologiyanın ən maraqlı və maraqlı olduğu qədər də mürəkkəb bölmələrindən biridir. İnsanların təfəkkürün qanunlarını öyrənməyə can atması tarixi baxımdan psixologiyanın müstəqil elm kimi formalaşmasından çox əvvəllərə gedir. Təfəkkür yalnız psixologiyanın deyil, həmçinin, fəlsəfə, məntiq, pedaqogika, fiziologiya, kibernetika elmlərinin də predmetidir. Nəzəri təfəkkür problemini öyrənərkən filosofların, psixoloqların və pedaqoqların nəzəri təfəkkürün mahiyyəti və formalaşması xüsusiyyətlərinə həsr olunmuş işlərinə istinad edirik.
Təfəkkür haqqında ilk nəzəriyyələrin yaradılması qədim filosoflara – Aristotel, Sokrat, Demokrat, Heraklit və başqalarına aiddir. Sonrakı dövrlərdə alimlər təfəkkürün çoxsaylı tipləri içərisində nəzəri təfəkkürü ayırmışlar. Elmi, nəzəri biliklərin inkişafı hələ qədim yunan filosoflarının diqqətini çəkmişdir. Aristotelin fikrincə, nəzəri elmlər praktik elmlərə nisbətən daha qiymətlidirlər. Elmi, fəlsəfi biliklər isbat olunmazdır və bilavasitə intellektual intuisiya ilə dərk olunur, deməli, “bütün elmi biliklər ümumi haqqında biliklərdir”. Aristotel tərəfindən irəli sürülən “məsələnin tarixi”, “problemin qoyuluşu”, “lehinə və əleyhinə arqumentlər”, “həll” və s. anlayışlar alimlər tərəfindən bu gün də geniş istifadə olunur. Sokrat həqiqət axtarışını hər şeydən ali hesab edirdi. O, dialoqu həqiqətin tapılmasının əsas metodu hesab edirdi. Onun fikrincə, məsələnin düzgün həllinin tapılması prosesində bütün nöqteyi-nəzərləri dinləmək və tənqidi müzakirə etmək lazımdır. R.Dekart təəccüb və şübhə hissini təfəkkürün bələdləşmə funksiyasını yerinə yetirdiyini qeyd edərək, idrakın əsası hesab edirdi.
İlk dəfə təfəkkürün empirik və nəzəri tiplərinin fərqləndirilməsi alman filosofu Hegelə məxsusdur. Hegel hissi təcrübənin nəticələrinə əsaslanan əqli fəaliyyəti empirik təfəkkür hesab edirdi. Odyektlərin mahiyyəti və onların daxili inkişaf qanunlarının ağılla açılmasını Hegel nəzəri təfəkkür adlandırırdı. Duyğulara əsaslanan, daxili refleksiya olmadan biliklərin müəyyənləşdirilməsinə imkan yaradan empirik təfəkkürü “sadəlövh təfəkkür” adlandırırdı.
Təfəkkür problemini tədqiq edən psixoloqlar hesab edirlər ki, bu idrak prosesi özündə yaradıcı inkasın fəal formasını və gerçəkliyin insan tərəfindən dəyişdirilməsini təcəssüm etdirir. İnsanlar nəzəri və praktik nəticələri hissi informasiyalar əsasında çıxarır. Təfəkkür məişəti yalnız ayrı-ayrı əşyalar, hadisələr və onların xüsusiyyətləri şəklində əks etdirmir, həm də onların arasında mövcud olan, bilavasitə qavrayışla verilməyən əlaqə və münasibətləri təyin edir. Praktikada təfəkkür ayrıca psixi proses kimi mövcüd deyil, o, digər idrak proseslərinin, yəni, qavrayış, diqqət, hafizə, təxəyyül və nitqin işində iştirak edir. Bu idrak proseslərinin ali forması mütləq şəkildə təfəkkürlə əlaqədardır. Təfəkkürün bu idrak proseslərində iştirak dərəcəsi onların inkişaf səviyyəsindən asılıdır. Təfəkkürün digər psixi proseslərdən fərqi onun məsələ həlli ilə, problemli situasiya ilə bağlı olmasındadır.
Təfəkkür mürəkkəb psixi prosesdir. Psixoloji ədəbiyyatlarda təfəkkürün çoxsaylı təsnifatı mövcuddur. A.V.Bruşlinski, V.Q.Krısko, P.S.Nemov və başqa psixoloqlar tərəfindən bu idrak prosesi müxtəlif cür təsnif olunmuşdur. Mövcud təsnifatların çoxu dixotomik prinsipə əsaslanır. Tədqiqatçılar nəzəri təfəkkürün yaradıcı təfəkkürlə, sözlü-məntiqi təfəkkürlə, praktik təfəkkürlə qarşılıqlı əlaqədə olduğunu xüsusi olaraq qeyd edirlər.
Psixoloqlar sübut etmişlər ki, istər ayrı-ayrı mədəniyyətlərdə, istərsə də ayrı-ayrı subyektlərdə eyni zamanda təfəkkürün müxtəlif növləri özünü göstərə bilər. Bu isə insan təfəkkürünün heterogenlik xassəsinə malik olduğu qənaətinə gəlmək üçün əsas verir. Eyni fəaliyyət prosesində həm nəzəri, həm praktik, həm yaradıcı və s. təfəkkür növləri iştirak edə bilər. Fəaliyyətin xarakterindən və yekun nəticədən asılı olaraq təfəkkürün bu və ya digər növü üstünlük təşkil edir. Təlim prosesində təfəkkürün hər bir növünün inkişafı üçün lazımi şərait yaratmaq lazımdır. Jan Piaje uşaqlarda intellektin inkişafının dörd mərhələsini qeyd edir :
–        hissi-hərəki (sensomotor) təfək- kür mərhələsi – uşaq doğulandan 2 yaşa qədər olan müddəti əhatə edir;
–        əyani-əməli təfəkkür mərhələsi;
– 2 yaşdan 7 yaşadək olan müddəti əhatə edir;
–        əşyalarla konkret əməliyyat mərhələsi – 7–8 yaşdan 11–12 yaşadək olan müddəti əhatə edir;
–        sözlü-məntiqi təfəkkür (formal əməlyyat) mərhələsi  11–12 yaşdan 14-15 yaşadək olan dövrü əhatə edir.
Bu tədqiqatlar öz dövrləri üçün aktuallıq kəsb edərək böyük elmi əhəmiyyət daşıyır.
Bir çox alimlərin, o cümlədən L.S.Vıqotskinin apardığı tədqiqatlar
göstərir ki, nəzəri təfəkkürün inkişafı kiçik məktəbli yaşının sonunda refleksiya, iradilik, özünütənzimə qabillik kimi əsas yenitörəmələrin yaranmasını təmin edir.
Son dövrlərdə nəzəri təfəkkürün eksperimental baxımdan çox sahəli tədqiqi xeyli inkişaf etmişdir. Belə ki, istər ümumi psixologiyada, istərsə də psixologiyanın xüsusi sahələrində nəzəri təfəkkürün tədqiqatı intensiv xarakter daşıyır. D.B.Elkonin, V.V.Davıdov, N.N.Poddyakov, L.V.Zankov və başqalarının idrak fəaliyyətinin inkişafının öyrənilməsinə yönəlmiş tədqiqatları uşaq psixologiyasının və pedaqoji psixologiyanın inkişafında çox mühüm əhəmiyyətə malikdir. Bu alimlər elm və texnikanın sürətlə inkişaf etdiyi, informasiya axınının çoxaldığı yeni ictimai-tarixi şəraitdə uşaqların əqli inkişafında baş verən köklü dəyişiklikləri faktlarla göstərərək sübut etdilər ki, hətta ibtidai sinif şagirdlərində ümumiləşdirmə və mücərrədləşdirmə qabiliyyətinin səviyyəsi kifayət qədərdir. V.V.Davıdov təlim psixologiyasına dair tədqiqatlarında göstərir ki, təhsilin təkmilləşdirilməsi təfəkkür tiplərinin dəyişdirilməsini, dialektik- nəzəri təfəkkür “modelinin” yaradılmasını tələb edir
Azərbaycan psixoloqlarından prof.Ə.Bayramovun ,prof.Ə.Əli- zadənin  və prof.Ə.Qədirovun da qeyd etdikləri kimi, müasir psixologiyada “xüsusidən ümumiyə”, “əyani obrazlıdan və ya hissidən mücərrədə” keçid, yəni konkretdən mücərrədə yüksəlmə birtərəfli proses kimi şərh olunur və indiyə qədərki tədqiqatlarda əsasən bu istiqamətin üstün olduğu qeyd edilir. Ancaq keçidin ikinci, həm də əsas tərəfi mücərrəddən konkretə prosesini araşdırmaq nəzərdən qaçırılmışdır. Ə.Qədirov qeyd edirdi ki, kiçikyaşlı məktəblilərdə mücərrədləşdirmənin inkişafı cəmiyyətin mədəni səviyyəsi ilə əlaqədar, onu əhatə edən aləmi dərketmə prosesində, bilavasitə praktik fəaliyyətdə baş verir
Bu məsələ nəzəri cəhətdən görkəmli psixoloq S.L.Rubinşteynin tədqiqatlarında öz əksini tapmışdır. Rubinşteynin fikrincə, “elmi”,
“nəzəri”, “mücərrəd” təfəkkür: hissi məlumatlardan istiqamət alıb, şeylərin əsas əlamətlərini kölgədə buraxan xassələrdən təcrid olunmaqla, məfhumlarda öyrənilən hadisələrin təbiətini müəyyənləşdirir.
şeylərin bu məfhumlarda əks olunan mühüm əlamətlərinə əsaslanaraq, onların hissi-müşahidə aləmində necə təzahür etdiyini aydınlaşdırır.
Məktəblilərin maksimum əqli inkişafının təmin edilməsi müasir təhsil sisteminin qarşısında duran əsas vəzifələrdən biri hesab olunur. Kiçikyaşlı məktəblilərin əqli inkişafının təlimdən asılılığı,təlimin aparıcı rola malik
olması bütün psixoloqlar tərəfindən qəbul olunur. Son zamanlar təlimlə əqli inkişafın əlaqəsi məsələsi geniş tədqiq edilir. N.S.Leytes tədqiqatlarında göstərir ki, ümumi əqli inkişaf təfəkkürün keyfiyyətlərindən asılıdır . N.A.Mençinskaya və D.N.Boqoyavlenskinin qeyd etdikləri kimi, bilik əldə etmək üçün şagirdlər lazımi fikri əməliyyatlara yiyələnməlidirlər . N.A.Mençinskaya təfəkkürün çevikliyini, əyani və mücərrəd komponentlər arasında əlaqəni, təhlil-tərkib fəaliyyətinin müxtəlif səviyyələrini əqli inkişaf prosesində əsas faktor hesab edir. Z.İ.Kalmıkova təfəkkürün qənaətcilliyini psixi inkişafın əsas kriteriyası hesab edir . L.V.Zankov bu nəticəyə gəlmişdir ki, təlim prosesində bütün fikri əməliyyatlar vəhdət halında fəaliyyət göstərməlidir . N.D.Levitov təfəkkürün müstəqilliyini, tənqidiliyini, çevikliyini, ümumiləşdirmə bacarığını əqli inkişafın göstəriciləri hesab edir
Təlim materialının mənimsənilməsində sözlü-məntiqi, həmçinin, nəzəri təfəkkür xüsusi rol oynayır. Digər tərəfdən düzgün təşkil edilmiş təlim prosesi şagirdlərdə mücərrəd, nəzəri təfəkkürü inkişaf etdirir. Professor Ə.S.Bayramov eksperimental tədqiqatlar vasitəsilə müəyyən etmişdir ki, hətta kiçik məktəblilərin təlim fəaliyyətində əlverişli şərait yaradıldıqda, onlarda təfəkkürün müstəqilliyi və
tənqidiliyi lazımi səviyyədə inkişaf edir .
Beləliklə, nəzəri təfəkkür kiçik məktəb yaşı dövründə inkişaf etməyə başlayır. Ona görə də, əsas yük ibtidai təlimin üzərinə düşür. Bunun üçün ilk növbədə nəzəri biliklərin ötürülməsi prinsipinə müvafiq olaraq, təhsil sistemi yenidən təşkil olunmalıdır.

Ədəbiyyat:

1.       Bayramov Ə.S. Şagirdlərdə əqli keyfiyyətlərin inkişaf xüsusiyyətləri. B., 1967.
2.       Əlizadə Ə.Ə.Müasir Azərbaycan məktəbinin psixoloji problemləri. B.,1999.
3.       Əlizadə Ə.Ə. Şagirdlərin yaradıcı fəaliyyətinin psixologiyası. Bakı, 1973.
4.       Qədirov Ə.Ə. Kiçik yaşlı məktəblilərdə mücərrədləşdirmənin inkişafı. Bakı, 1973.
5.       Выготский Л.С. Мышление и речь. М., 2016.
6.       Гегель. Энциклопедия философских наук: в 3 т. М., 1974-1977.
7.       Давыдов В.В. Теория развивающего обучения. Москва, 1996.
8.       Ж.Пиаже. Речь и мышление ребенка. Москва, 1994.
9.       Занков Л.В. Развитие учащихся в процессе обучения. М., 1963.
10.     Калмыкова З.И. Проблемы диагностики умственного развития учащихся. М., 1975.
11.     Менчинская Н.А., Богоявленский Д.Н. Психология усвоения знаний в школе. М., 1959.
12.     Лейтес Н.С. Об умственной одаренности. М., 1960.
13.     Левитов Н.Д. Детская и педагогическая психология. М., 1969.
14.     Рубинштейн С.Л. О мышлении и путях его исследования. Москва, 1958.

Müəllif: Gəncə Dövlət Universiteti Psixologiya kafedrasının baş müəllimi Pərvanə Məmmədova



Baxış sayı: 664
0 şərh
0
FacebookTwitterGoogle +Pinterest
Admin

əvvəlki yazı
Günə pozitiv başlamağın yolları.
növbəti yazı
K.Yunqun analitik psixologiyasında gender məsələləri

Related Posts

“Hər yerdə sizi təqib edən həmin qara bulud”

14 Yanvar 2023

Ailədə valideyn münasibətlərinin psixoloji xüsusiyyətləri

29 Dekabr 2022

Mədəniyyətlərarası münasibətlərə milli identikliyin təsirinin sosial-psixoloji xüsusiyyətləri

26 Dekabr 2022

Köməksizlik vəziyyətinin psixoloji mahiyyəti və diaqnostikası

20 Dekabr 2022

Nevrozun etiologiyasına psixoanalitik yanaşma

14 Dekabr 2022

Müxtəlif kateqoriyadan olan məhbusların şəxsiyyətinin psixoloji xüsusiyyətləri

01 Fevral 2023

Turet sindromu

31 Yanvar 2023

Zamanınızı idarə etməkdə çətinlik çəkirsinizmi?

27 Yanvar 2023

Autizm spektr pozuntusu

24 Yanvar 2023

İstedadlı uşaqların yaradıcılıq potensialının inkişafının psixo-pedaqoji məsələləri

19 Yanvar 2023

“Hər yerdə sizi təqib edən həmin qara bulud”

14 Yanvar 2023

Ailədə valideyn münasibətlərinin psixoloji xüsusiyyətləri

29 Dekabr 2022

Mədəniyyətlərarası münasibətlərə milli identikliyin təsirinin sosial-psixoloji xüsusiyyətləri

26 Dekabr 2022

Köməksizlik vəziyyətinin psixoloji mahiyyəti və diaqnostikası

20 Dekabr 2022

Nevrozun etiologiyasına psixoanalitik yanaşma

14 Dekabr 2022

Müxtəlif kateqoriyadan olan məhbusların şəxsiyyətinin psixoloji xüsusiyyətləri

01 Fevral 2023

Turet sindromu

31 Yanvar 2023

Zamanınızı idarə etməkdə çətinlik çəkirsinizmi?

27 Yanvar 2023

Autizm spektr pozuntusu

24 Yanvar 2023

İstedadlı uşaqların yaradıcılıq potensialının inkişafının psixo-pedaqoji məsələləri

19 Yanvar 2023

Şərh yaz Cancel Reply

Save my name, email, and website in this browser for the next time I comment.

Axtarış

Son Yazılar

  • Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun elmi tədqiqatçıları ilə görüş keçirilib
  • Psixodiaqnostika nədir? Psixoloji problemlər necə müəyyən olunur?
  • Müxtəlif kateqoriyadan olan məhbusların şəxsiyyətinin psixoloji xüsusiyyətləri
  • Gənclər gününə həsr olunmuş “Gəncliyin rəngləri” seminarı keçirilmişdir
  • Turet sindromu

UNUTMA

Son şərhlər

    Kateqoriyalar

    • Aktual xəbərlər
    • Bizim Kafedra
    • Diplomlar, avtoreferatlar, referatlar
    • Elektron kitablar
    • Fərdi inkişaf
    • Kateqoriya
    • Kilinik psixologiya
    • Maraqlı məlumatlar
    • Məqalələr
    • Mühazirə mətnləri
    • Münasibətlər
    • Pedoqoji psixologiya
    • Proqramlar
    • Psixologiya
    • Psixologiya jurnalı
    • Psixologiya tarixi
    • Psixoloq məsləhəti
    • Psixoterapiya
    • Sillabuslar
    • Sosial psixologiya
    • Sual – Cavab
    • Test və metodikalar
    • Təhsil – tələbə
    • Ümumi psixologiya
    • Ümumi xəbərlər
    • Xəbərlər
    • Xoşbəxtlik

    @2019 - Bütün hüquqlar qorunu Psixologiya.Net