“Öz-yetərlilik” (self-efficacy) termini ilk dəfə Kanada-Amerika psixoloqu və Stenford Universitetinin professoru psixoloq Albert Bandura (1977) tərəfindən istifadə edilmişdir.
Öz-yetərlilik insanın müəyyən situasiyalarda görəcəyi fəaliyyəti nə dərəcədə yaxşı icra edə biləcəyini və ya həmin fəaliyyətdə uğurlu və ya uğursuz olacağını təyin edən xüsusi inanclar toplusudur (Bandura, 1977). Daha sadə dillə desək, öz-yetərlilik insanın müəyyən bir vəziyyətdə uğur qazana bilmə qabiliyyətinə inamıdır.
Bandura bu termini ilk dəfə elmi ədəbiyyatlara gətirsədə, daha sonra bir çox psixoloqlar tərəfindən bu termin araşdırıldı. Bu psixoloqlardan biri də Kathy Kolbe idi. Onun fikrincə öz-yetərlilik həm də qətiyyət və əzmkarlığı ehtiva edir . Məqsədə çatmaq üçün çıxılan yolda qarşıya çıxan maneələri dəf etməyə kömək edir. Çünki biz əgər, maneələrin və ya problemlərin üstəsindən gələcəyimizə inansaq, o zaman həll yollarını axtarıb tapmaq bizim üçün daha asan olacaq.
Bəs öz-yetərliyə nə təsir edir?
Albert Bandura (1977) dörd əsas təsir mənbəyini qeyd etmişdir
- İnsanın keçmiş təcrübələri(Mastery Experiences (Performance Outcomes)
Keçmişdə yaşadığımız təcrübələr bir başa olaraq, öz-yetərlilyə təsir edir. Uğurlu təcrübələr sağlam öz-yetərlilik formalaşdırdığı halda, uğursuz təcrübələr isə öz-yetərlilyə mənfi təsir edir. Lakin şəxsdə sağlam öz-yetərlilik formalaşsa, yaşayacağı uğursuzluq ona mənfi təsir etməz. Banduranın fikrincə, yaşanılacaq hər yeni təcrübə şəxsə yeni bacarıqlar qazandırır. Bəzən qazandığımız bu bacarıqları ilk anda fərqində olmasaqda, zamanla fərqinə varırıq. Qazandığımız hər yeni bacarıq öz-yetərliyə müsbət təsir edir.
- Dolaylı təcrübələr (Vicarious Experiences (Social Role Models)
Hər bir insanin sosial həyatında rol modeli var. Bu rol model onun valideyni, dostu, müdiri, müəllimi, iş yoldaşı, hər hansı məşhur və ya fenomen ola bilər. Şəxs özünü bu rol modelə yaxın görür və onda olan bir və ya bir neçə xüsusiyyəti öz həyatına tədbiq etməyə çalışır. Rol modelin və ya ətrafımızda dəyər verdiyimiz insanların uğurlu olduğunu görmək motivasiyamızı artırır.
- Verbal təsir. (Social Persuasion )
Mürəkkəb bir işi yerinə yetirərkən müsbət rəy almaq insanı uğur qazanmaq üçün bacarıq və səriştəyə malik olduğuna inandırır. Əksinə mənfi rəy aldıqda isə o, öz bacarıqlarına şübhə duymağa başlayır. Ətrafınızdan nə qədər çox müsbət rəylər olsanız, uğurlu olmaq şansınız bir o qədər yüksək olur.
Şifahi inandırma hər yaşda mümkündü, lakin yaş artdıqca effetivliyi azalır.
- Fiziki və psixi sağlamlıq (physical and psychological state)
Bir insanın emosional fiziki və psixoloji rifahı öz-yetərliyə təsir göstərir. Depressiya və ya təşvişlə mübarizə aparırsınızsa, sağlam bir rifah səviyyəsinə sahib olmaq daha çətin ola bilər. Belə olan halda şəxs öz bilik və bacarıqlarına inanması çox çətin olur. İnsan özünü sağlam və yaxşı hiss etdikdə öz-yetərliyini inkişaf edə bilər. (Bandura, 1982).
Öz-yetərliyi aşağı olan fərdlər ümumiyyətlə özlərini səriştəsiz, bacarıqsız, inkişaf etməmiş, faydasız fərdlər kimi görürlər. Onlar problemlərlə qarşılaşdıqda çox cəhd etmədən təslim olurlar, xüsusən də əvvəlki uğursuz təcrübələri varsa bəzən heç cəhd də etmirlər. Bunun səbəbi, onlar özlərini, öz həyatlarına və həyat nəticələrinə nəzarət edə bilmədiklərini düşünürlər. Bütün bunların nəticəsində motivasiya və istəkləri azalır, bu hal hətta fiziki sağlamlıqlarına təsir edir.
Yüksək özünə inamı olan insanlar problemlərin öhdəsindən səmərəli şəkildə gələ biləcəklərinə inanırlar, buna görə də öz performanslarını, bacardıqlarını yüksək səviyyədə göstərə bilirlər. Onların özlərinə inamları daha yüksəkdir, özlərinə qarşı şübhələri azdır və bunu ifadə etməyə daha az meyllidirlər. Onlar problemləri bir növ yenilik kimi görürlər və təcrübələrdən çəkinmirlər, çünki onların öhdəsindən gələ biləcəklərinə inanırlar. Nəticədə uğursuzluqdan qorxmaq və ya narahat olmaq ehtimalı az olur və hər yeni tapşırıqda problem həll etmə və analitik düşünmə bacarıqlarını inkişaf elətdirirlər.