Carl Rocers psixologiyanın ən görkəmli mütəfəkkirlərindən biri kimi qəbul edilir. O, ən çox şəxs mərkəzli terapiya adlanan psixoterapiya metodunu inkişaf etdirməsi və humanist psixologiyanın qurucularından biri olması ilə tanınır.
Erkən həyatı
Carl Ransom Rogers 1902-ci ildə İllinoys ştatının Oak Hill şəhərində anadan olub. Atası inşaat mühəndisi, anası isə evdar qadın idi. Altı uşaqlı ailənin dördüncüsü olan Rogers erkən yaşlarından məktəbdə yüksək nəticə əldə etmişdir. O, 5 yaşından əvvəl oxumağa başladı və uşaq bağçasını və birinci sinfi atlayaraq təhsil həyatına bir-başa 2 ci sinifdən başladı.
Onun 12 yaşı olanda ailəsi şəhərətrafı yerlərdən kənd təsərrüfatı sahəsinə köçdü. 1919-cu ildə Viskonsin Universitetində kənd təsərrüfatıyla əlaqəli ixtisas üzrə təhsil aldı. Bununla belə, 1922-ci ildə Çində keçirilən Xristian konfransında iştirak etdikdən sonra Rocers karyera seçimini yenidən gözdən keçirtdi. Daha sonra nazir olmaq planları ilə Tarix ixtisasını oxumağa qərar verdi.
O, 1924-cü ildə Viskonsin Universitetini Tarix ixtisası üzrə bakalavr dərəcəsi ilə bitirmiş və magistr dərəcəsini tamamlamaq üçün 1926-cı ildə Kolumbiya Universitetinin Müəllimlər Kollecinə təhsilinə davam etmişdir
Kolumbiya Universitetində psixoloq Leta Stetter Hollinqvort tərəfindən tədris etdiyi mühazirələrdən ilhamlanaraq C.Rogers Psixologiya sahəsinə yönəldi. O, Kolumbiyada klinik psixologiya proqramına yazılmaq qərarına gəldi və 1931-ci ildə doktorantura dərəcəsini tamamladı.
Karyerası
Doktorantura dərəcəsi aldıqdan sonra Rogers bir neçə il akademik işlərinə davam elədi. O, bu zaman dilimində Ohayo Dövlət Universitetində, Çikaqo Universitetində və Viskonsin Universitetində işləmişdir.
Məhz bu müddət ərzində Rogers psixoterapiyada öz yanaşmasını inkişaf etdirdi və bu terapiyanı ilkin olaraq “qeyri-direktiv terapiya” adlandırdı. Terapevtin terapiya seansının direktoru deyil, fasilitator kimi çıxış etməsini əhatə edən bu yanaşma, daha sonralar şəxs mərkəzli terapiya (client-centered therapy) kimi tanınmağa başladı.
1946-cı ildə Rocers Amerika Psixoloji Assosiasiyasının prezidenti seçildi. Rocers özünün humanist nəzəriyyəsini əhatə edən 19 kitab və çoxsaylı məqalələr yazmışdır. Onun ən tanınmış əsərləri arasında Client-Centered Therapy (1951), On A Person (1961) və A Way of Being (1980) əsərləri var.
Viskonsin Universitetinin psixologiya şöbəsində bəzi münaqişələrdən sonra Rocers Kaliforniyanın La-Jolla şəhərində yerləşən Qərb Davranış Tədqiqatları İnstitutunda (Western Behavioral Studies Institute ) vəzifə qəbul etdi. Daha sonra, o, bir neçə həmkarı ilə birgə iş yerini tərk edərək Şəxsin Tədqiqatları Mərkəzini (Center for Studies of the Person ) yaratdı.
1987-ci ildə Rocers Nobel Sülh Mükafatına namizəd göstərildi. 1987-ci ildə ölümünə qədər müştəri mərkəzli terapiya ilə işini davam etdirdi.
Mühüm Nəzəriyyələri
Özünü aktuallaşdırma
Rogers hesab edirdi ki, bütün insanlar inkişaf etmək və öz potensiallarına nail olmaq üçün anadangəlmə motivləri var. Onun fikrincə, bu, özünü-gərçəkləşdirmə davranışın əsas və ali motividir.
Şərtsiz müsbət münasibət (Unconditional Positive Regard
Psixoterapiyanın müvəffəqiyyətli olması üçün Rogers təklif etdi ki, terapevtin müştəriyə şərtsiz müsbət münasibət göstərməsi vacibdir. Bu o deməkdir ki, terapevt müştərini olduğu kimi qəbul edir və ona həm müsbət, həm də mənfi hissləri mühakimə etmədən və ya qınamadan ifadə etməyə imkan verir.
Mənin inkişafı (Development of the Self)
Rogers hesab edirdi ki, sağlam mənlik anlayışının formalaşması insanın həyat təcrübələri ilə formalaşan davamlı bir prosesdir. Sabit mənlik duyğusu olan insanlar daha çox özlərinə güvənirlər və həyatın çətinliklərinin öhdəsindən daha effektiv gəlirlər.
Rogers, mənlik anlayışının uşaqlıq dövründə formalaşmağa başladığını və sağlam mənlik formalaşmasında valideynlərin rolunun böyük olduğunu söyləmişdir. Övladlarına qeyd-şərtsiz sevgi və hörmət göstərən valideynlər daha çox sağlam mənlik anlayışını inkişaf etdirirlər. Valideynlərinin məhəbbətini “qazanmaq” məcburiyyətində olduqlarını düşünən uşaqlar, özlərində hörmətsizlik və layiqsizlik hissləri ilə üzləşə bilərlər.
Uyğunluq (Congruence)
Rogers həmçinin insanların “ideal mənlik” anlayışına sahib olduqlarını təklif etmişdir. Problem ondadır ki, kim olmamız lazım olduğunu düşündüyümüz imicimiz həmişə bu gün kim olduğumuza dair təsəvvürlərimizlə üst-üstə düşmür. Mənlik imicimiz ideal mənliyimizlə üst-üstə düşməyəndə, biz uyğunsuzluq vəziyyətində oluruq, bu da bizə daxili narahatıq verir.
Rogers hesab edirdi ki, şərtsiz müsbət rəğbət almaqla və özünü-gərçəkləşdirərək insanlar uyğunluq vəziyyətinə yaxınlaşa bilərlər.
Tam Fəaliyyətdə olan Şəxs ( The Fully-Functioning Person)
Rogers hesab edirdi ki, hər bir insan öz məqsədinə çata bilər. İnsan burada və indi yanaşması ilə subyektiv təcrübələri və hissləri sayəsində daim böyüyür və dəyişir. Bir çox cəhətdən Rogers tam fəaliyyət göstərən insanı (the fully functioning person) ideal insan kimi görürdü. Lakin bunu həyat səyahətinin sonu kimi düşünmək yanlış olar. Bu, həmişə olan və dəyişən bir prosesidir.
Rogers tam fəaliyyət göstərən insanın beş xüsusiyyətini müəyyən etmişdir:
- Təcrübəyə açıq olmaq: Tam fəaliyyət göstərən insan həm müsbət, həm də mənfi emosiyaları qəbul edir. Mənfi hissləri inkar etmir, basdırmır əksinə həmin hisləri yaşamağa çalışır.
- Ekzistensial yaşam tərzi: Tam fəaliyyət göstərən insan həyatda baş verən müxtəlif təcrübələrlə təmasda olur, ön mühakimədən və streotiplərdən qaçır. Keçmişə və ya gələcəyə baxmamaqla indiki anı yaşayır.
- Hislərinə güvənmək: Hisslərinə, düşüncələrinə diqqət yetirir və etibar edir. İnsanların öz qərarları düzgündür və düzgün seçim etmək üçün yalnız özünə güvənməlidirlər.
- Yaradıcılıq: Yaradıcı düşüncə və risk etmək insanın həyatının əsas xüsusiyyətləridir. Yaradıcılıq yaranan problemləri tənzimləmək, dəyişdirmək və yeni təcrübələr axtarmaq qabiliyyətini əhatə edir.
- Tamamlanmış həyat: Tam fəaliyyət göstərən insan xoşbəxt və həyatdan razıdır və həmişə yeni çağırışlar və təcrübələr axtarır.
Psixologiyaya töhfələri
Carl Rogers insan potensialına xüsusi diqqət yetirməsi ilə həm psixologiyaya, həm də təhsilə böyük təsir göstərirdi. Bundan başqa o, bir çoxları tərəfindən XX əsrin ən nüfuzlu psixoloqlarından hesab olunur.
Qızı Natali Rogersin təsvir etdiyi kimi, o, “öz həyatında, pedaqoq fəaliyyətində, yazıçı və terapevt kimi işlərində şəfqət və demokratik ideallar üçün çalışan bir model idi”.
Ədəbiyyat :
- Ismail NAH, Tekke M. Rediscovering Roger’s self theory and personality. J Educ Health Community Psychol. 2015;4(3):28-36.
- The Editors of Encyclopaedia Britannica. Carl Rogers. Updated Jan 31, 2020.
- Carl Rogers Psychologist Biography (verywellmind.com)