“Məni döyməyin”
Azyaşlı uşaqların evlərdə zorakılığa məruz qalma ehtimalı daha böyükdür
Avropa Şurasının İnsan hüquqları üzrə ali komissarı Tomas Hammerberq: “Biz böyüklər uşaqları şillələmək və döyməklə bunun “onların xeyrinə olmasını” söyləyir və özümüzü müdafiə edirik. Uşaqların şillələnməsi təkcə pis davranış nümunəsi deyil, o həm də daha kiçik və zəiflərin hüquqlarına hörmətsizliyin aydın təcəssümüdür. Belə olan halda biz onlardan gələcəkdə insan hüquqlarına hörmət etməyi necə gözləyə bilərik?!
Uşaq vaxtı kim döyülməyib?! Yəqin bu suala çox az adam “mən” cavabı verər. Azərbaycan ailəsində uşaqların ata-analar tərəfindən döyülməsi hədsiz təbii hal sayılır. Bizim valideynlər başqa tərbiyə üsulu, yaxud cəzalandırma vasitəsini nəinki tətbiq etmək, heç bu barədə düşünməyi də ağıllarına gətirmirlər. Əlbəttə, istisnalar var. Ancaq onlar cüzi faiz təşkil etdiyindən orta statistik Azərbaycan ailəsində atasından, anasından ömründə bircə dəfə də olsun kötək yeməmiş uşağa rast gəlməmək çox müşküldür.
Əslində uşaqlara qarşı zorakılıq təkcə evdə, ailədə deyil, məktəbdə, küçədə, internat məktəblərində, cəzaçəkmə müəssisələrində – bir sözlə uşaqların olduğu hər bir yerdə baş verir. Belə hallar dünyanın bütün ölkələrində müxtəlif forma və şəraitdə baş verir və adətən dərin mədəni, iqtisadi və sosial səbəblərə söykənir. “Uşaq mənimdir əgər…”
BMT-nin Uşaq Fondunun (UNICEF) uşaqlara qarşı zorakılıqla bağlı hazırladığı dünya hesabatında bildirilir ki, ailələr xüsusilə körpə və azyaşlı uşaqlar üçün çox təhlükəli yer ola bilər. Valideynlər və digər ailə üzvləri tərəfindən uşaqlara qarşı fiziki, cinsi və psixoloji zorakılıq, habelə uşaqların qəsdən atılma halları hələ yenicə qəbul edilməyə və qeydə alınmağa başlayıb. İlkin araşdırmalar göstərib ki, azyaşlı uşaqların evlərdə zorakılığa məruz qalma ehtimalı daha böyükdür. İnkişaf etmiş ölkələrdə valideynləri tərəfindən qətlə yetirilən uşaqların say nisbəti belədir; 1 yaşadək olan körpələrin öldürülməsi riski 1-4 yaşında olanlardan 3 dəfə, yaşı 5-14 arası olanlardan isə 2 dəfə çoxdur. Ümumiyyətlə isə, 10 yaşadək olan uşaqların ailə üzvləri tərəfindən daha çox zorakılığa məruz qalma ehtimalı yüksəkdir. Uşaqlara qarşı zorakılıqla məhz ailə kontekstində mübarizə aparmaq olduqca çətindir. Əksər cəmiyyətlərdə ailəyə “fərdi sektor” kimi baxılır və kənar şəxsin ora müdaxiləsi yolverilməz sayılır. Ailə başçılarının qəti qənaəti budur ki, uşaq onun şəxsi mülkiyyətidir və bu mülkiyyətdən istədiyi kimi istifadə etmək hüququnu (?!) onun əlindən kimsə ala bilməz. “Anam məni döyəndə ondan zəhləm gedir”
Ailədə uşaqlara qarşı zorakılıq nümunəsinə hər addımda rast gələ bilərik. Bu yazının müəllifi olaraq heç uzağa getmədim. Elə öz ailəmizdə bacımın hazırda 5-ci sinifdə oxuyan qızını sorğu-suala tutdum. Hərçənd bu qızın uşaqlığı demək olar ki, gözümün önündə keçmişdi və anasının tez-tez də olmasa, vaxtaşırı uşağı döyməsinin şahidi idim. Amma dəqiq olsun deyə, 12 yaşlı uşağı yenidən sorğuya çəkdim. Və ondan soruşdum ki, “mama səni nə üstdə döyürdü?” Dedi ki:
– Heç nə, onun verdiyi paltarı geymək istəmirdim, birdən, gec geyinirdim, yerimdən gec dururdum, yerimi (yatağımı) yığmırdım… İndi də dərslərimi vaxtında eləyib qurtarmayanda saçımı dartır, başıma vurur…
– Mama səni vuranda hirslənirsən?
– Hə.
– Yəni necə olursan? Ağlayırsan?
– Ağlamıram, hirslənirəm, zəhləm gedir onda ondan…
Əslində, bu “hirslənirəm” sözünün arxasında bir uşağın keçirdiyi sarsıntılar əksini tapır. Uşaq zəifdir, böyüyün cavabını verə bilmir. Gücü ona “çatır ki” anasının istədiyini yenə yerinə yetirmir. Kiçik yaşlı uşaqlar valideynlər tərəfindən hər hansı formada zorakılığa məruz qalanda ailənin yaxın üzvünün onu qucağına alıb “səni kim incitdi, döyəcəm onu” deyib guya ananı vururmuş kimi hərəkət etməsinin balacaya necə ləzzət verdiyini məgər heç müşahidə etməmisiniz? Bu, gücsüz bir məxluqun onu incidən böyükdən bir başqasının öc almasından aldığı ləzzətdir. Bu “ləzzət” isə günlərin bir günü qəddarlıqla əvəzlənə bilər…
İntihar edənlər zorakılıqla qarşılaşanlardır
Binəqədi rayonu orta məktəbləri üzrə psixologiya metodbirləşməsinin rəhbəri, psixoloq Sahib Əhmədov da uşaqlara qarşı zorakılığın çox ağır fəsadlarla nəticələnə biləcəyindən danışdı:
– Zorakılıq görən uşağın qəlbi yaralanır, onların sınıq qəlbi bərpa olunmursa, onlar həm özlərinə, həm də ətrafdakılara əzab verməkdə davam edirlər. Uşaq anadan olandan 25 yaşına kimi sürətli inkişaf dövrü keçir. Uşaq tam fərd, şəxsiyyət kimi ancaq 25 yaşında formalaşır. Bu dövrə kimi uşağa qarşı hər hansı zorakılıq tətbiq etmək çox böyük travmalarla nəticələnə bilər.
İndi doğulan uşaqların 90-92 faizi travma ilə anadan olur. Bunların arasında mikroblu, fiziki, ən çoxu isə beyindaxili travmalı uşaqlardır. Bu uşaqlarda beyin təzyiqi, stress güclü olur. Uşaqların ailədə döyülməsinin əsas səbəbi ilk növbədə valideynlərin savadsızlığı və sosial durumun aşağı olmasıdır. Valideynlərin uşaq psixologiyası haqqında heç bir anlayışları yoxdur. Valideyn işdə, öz sosial mühitində hirslənir, orda etiraz etməyə, özünü müdafiə etməyə gücü çatmır, hirsini gəlib evdə uşağın üstünə tökür. Valideynin etdiyi zorakılıq uşağın da aqressivləşməsini və gələcəkdə risk qrupuna daxil olmasını şərtləndirir. Həmin uşaqlar gələcəkdə suisid yönümlü – özünəqəsd, intihara meyilli olur. Risk qrupuna daxil olanlar istənilən neqativ addım gözlənilən insanlardır. Onun melanxolik, yaxud xolerik tip insan olmasından asılı olmayaraq. Yaşadığı mühit onu bu hala gətirir. Bizim bir tanışımız vardı, əsgəri xidmətinin bitməsinə 3 ay qalmış özünü asmışdı. Hamıya deyirmiş ki, evə qayıtmağımın əhəmiyyəti yoxdur. Evdə gündə danlayırlar, valideynlərim bir-birilə dalaşır və s. Bu, həyatı sönmüş bir insan idi. Həyati perspektivi yox idi. İnsan xəyallarla yaşamırsa, onun gələcəklə bağlı planları, perspektivi yoxdursa, o özünü daim çərçivə içində hiss edir, sıxılır və bu da son nəticədə intihara gətirib çıxarır. İntihara əl atanların 95 faizi ailədə zorakılıqla üzləşmiş və sosial problemlər yaşanan ailələrin uşaqlarıdır. Valideynin zorakılığı, təzyiqi uşağın intihara meyilli olmasına, uşaqlarda qəddarlıq xüsusiyyətlərinin formalaşmasına gətirib çıxarır. Uşaq psixologiyası hədsiz mürəkkəb və kövrəkdir. Bu psixologiyaya bələd olanlar bilir ki, uşağı döyürsənsə, o səndən qisas almağa çalışır. Bunu indi edə bilməsə də, hesabını gələcəyə saxlayır, məni döyürsünüz, mən də döyəcəm. Şərt deyil ki, bu aqressiya valideynə qarşı yönəlsin. Ümumilikdə cəmiyyət bundan əzab çəkə bilər.
Psixoloq qeyd etdi ki, valideyn uşağı tənbeh etməlidir. Ancaq tənbeh heç bir halda cəza mexanizmi ilə eyni anlama gətirilməməlidir:
– Valideyn tanıyıram ki, dırnağını yeyib deyə, uşağın barmağını yandırıb. Ümumiyyətlə, uşaq valideynin nəzərində “pis bir iş” görübsə, uşağın əlinin üstünü yandırmaq, onu odla qorxutmaq Azərbaycan ailələri üçün spesifik haldır. Bəlkə vaxtilə “atəşpərəst” olmuşuq, ona görə?!
Zorakılığın doğurduğu fəsadlar
S.Əhmədov qeyd etdi ki, hazırda telekanalları başına almış teleseriallar valideynlərin başını o qədər qatıb ki, uşaqların tərbiyəsi yada düşmür. Serialların bir çoxu zorakılığı təbliğ edir. Valideyn seriala baxdığı zamanı hansısa elmi-analitik proqramı izləməyə, yaxud kitab oxumağa sərf etsə, övladının tərbiyəsi ilə lazımi səviyyədə məşğul olar. Əgər valideyn bilsə ki, uşağın döyülməsi hansı fəsadlara gətirib çıxara bilər, o heç vaxt uşağına əl qaldırmaz. Uşağına biganə yanaşan valideynlər az-az tapılar. Hamı istəyir ki, uşağı yaxşı təhsil alsın, gələcəyi təmin edilmiş olsun. Ancaq bu məqsədə çatmağın yollarını səhv təyin edirlər. Valideyn vaxtilə öz valideynindən hansı tərbiyə üsulunu görübsə, uşağına da onu tətbiq edir. Əgər uşaqlıqda onu döyüblərsə, o da düşünür ki, mən də uşağı döyə-döyə tərbiyə edəcəm. Daha başa düşmür ki, uşağı vuraram beyni tərpənər, başına qan sızar, travma alar. Fiziki təzyiqin uşaq orqanizmində yaradacağı fəsadları valideynlər bilmir.
Elə buradaca qeyd edək ki, BMT-nin Uşaq Fondunun dünya hesabatında uşaqlara qarşı zorakılıqların kəskin və uzunmüddətli təsirlərinə dair araşdırmalar da yer alıb.
Müxtəlif fiziki zorakılıqlara məruz qalan uşaqların əlil olduğu, cinsi disfunksiyalar yaşadığı, beyin zədələri aldığı, alkoqol və narkotik maddələrə qurşandığı, idraki inkişafdan qaldığı, təhsildə gerilədiyi, özünə aşağı qiymət verdiyi, travma sonrası stress yaşadığı, psixosomatik pozğunluq keçirdiyi, intihar və özünə xəsarət yetirməyə cəhd etdiyi, xərçəng, xroniki ağ ciyər xəstəliyi, yoğun bağırsağın iltihabı, işemiya, qara ciyər xəstəliyi, sonsuzluq kimi reproduktiv, uzunmüddətli sağlamlıq problemləri yaşadığı göstərilib.
“Döyülmüşəm, döyəcəm” Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağayeva bildirdi ki, Açıq Cəmiyyət İnstitutunun xətti ilə 2007-ci ilin noyabrından 2008-ci il may ayının 10-dək respublikanın 4 bölgəsində – Qazax, Astara, Zaqatala və Qusarda, hər rayon üzrə 4 kənd olmaqla ümumilikdə 16 kənddə 9-11-ci sinif şagirdləri arasında “Mənim hüquqlarım, mən hüquqlarımı bilirəmmi?” mövzusunda inşa yazıları layihəsi həyata keçiriblər:
– Şagirdlərin yazdığı inşa yazılarından bəlli oldu ki, uşaqlara qarşı zorakılığa bölgələrdə və aztəminatlı ailələrdə daha çox rast gəlinir. Bəzi şagirdlər evdə zorakılıqla üzləşdiklərini açıq etiraf etmişdilər. Uşaqlar əsasən işləməyə sövq edildiklərindən şikayətlənirdilər. Ən çox yadımda qalansa bir şagirdin “qısa inşası” oldu: Pulun varsa, hüququn var”.
K.Ağayeva qeyd etdi ki, Azərbaycan ailələrində “böyük danışanda kiçik susar” prinsipi hələ də aparıcıdır. Və bir çox valideynlər uşaqların tərbiyəsinə ancaq “döyülmüşəm döyəcəm” prizmasından yanaşır. Amma istisnalar da olur.
– Doğrudur, valideynlərin əksəriyyəti tərbiyə üsulunu döyməkdə görür. Ancaq uşağın uşaq vaxtı döyülməsi onun beynində heç də həmişə neqativ assosiasiya yaratmır. Təcrübəmdən görmüşəm ki, uşaq vaxtı döyülmüş qadın öz uşaqlarını heç vaxt döyməyəcəyinə söz verib və sözünün üstündə də durub. İnsanlar fərqli keyfiyyətlərə malikdir. Kimdəsə döyülmə, zorakılıq mənfi xüsusiyyətlərin formalaşmasına gətirib çıxarır, bəzənsə əksinə, insanda müsbət, xeyirxah hissləri gücləndirir. Görünür, bu qadının döyüldüyü zaman keçirdiyi ruhi sarsıntılar, uşaq olsa da, hafizəsində yaxşı qalıb. Və o özünün keçirdiyi sarsıntıların övladı tərəfindən yaşanmasını qəti surətdə istəmir. Amma hamımız bilirik ki, uşağın döyülməsi Azərbaycanın “ailə məktəbində” əsrlərlə davam edən adətdir və hələ də kimsə bunun dəyişməsi üçün heç bir cəhd göstərmir. Valideyn anlamalıdır ki, uşağı başıqapazlı böyütmək olmaz. Bu, uşaqda özünə güvənsizlik, zəiflik kompleksi yaradır.
Uşaqlarımızı döyülməkdən necə xilas edək?
Həm S.Əhmədov, həm də K.Ağayeva bu qlobal problemin qarşısının alınması yolunu valideynlərlə maarifləndirmə işinin aparılmasında və dövlətin ailə və uşaqlara dəstəyinin artırılmasında görürlər. Onların fikrincə, bu işlə Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, eləcə də digər ailə institutları və qeyri-hökumət təşkilatları məşğul olmalıdır.
Əlbəttə belə hallarda maarifləndirmə əsas şərt kimi götürülsə də, sərt qanunların tətbiqi də çox zaman effektli olur.
Məsələn, cismani cəzaların qadağan edilməsi üzrə İsveç təcrübəsi mövcuddur. Qeyd edək ki, İsveç bütün cismani cəzaları qadağan edən birinci ölkədir. Bu ölkənin Valideynlik və Qəyyumluq Məcəlləsində cismani cəzalar bütün İsveç ərazisində aydın şəkildə qadağan edilib. Üstəlik Cinayət Məcəlləsindən “intizam” prosesində yüngül xəsarət yetirən valideynləri bağışlayan şərt çıxarılıb. İsveç təcrübəsi göstərir ki, mütərəqqi hüquqi islahatlar ictimai maarifləndirmə ilə paralel aparılarsa, insanların baxışlarında və eləcə də uşaqlara qarşı zorakılıqların azaldılmasında əhəmiyyətli dəyişikliyə nail olmaq olar. Məsələn, İsveçdə CM-yə dəyişiklik edildikdən sonra uşaqlarına cismani cəza tətbiq edən valideynlərin faiz nisbəti 51-dən 8-ə enib.
Nəzərə alsaq ki, Azərbaycan əhalisi uşaqların döyülməsi timsalında zorakılığa üstünlük verəndir, problemin həllində adekvat addımların atılması bəlkə daha effektli ola bilər. Bir halda ki Avropanın İsveç kimi demokratik ölkəsində valideynlərin maarifləndirilməsi ilə yanaşı, qanunların sərtləşdirilməsindən də yan keçilməyib, niyə bu, şərq adət-ənənəsinin möhkəm olduğu Azərbaycanda da tətbiq edilməsin?
Miqrantlara Hüquqi Yardım Mərkəzinin rəhbəri, hüquqşünas Əlövsət Əliyev Azərbaycanda bir çox məsələlərin məhz adətlərlə tənzimləndiyini önə çəkərək “Azərbaycan Cinayət Məcəlləsində onsuz da döymə, şəxsə fiziki xəsarət yetirmə, özünəqəsd həddinə çatdırma və s. ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulur. Hesab etmirəm ki, biz bu gün Cinayət Məcəlləsinə uşaqlarını döydükləri üçün valideynlərin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı xüsusi maddənin salınmasına hazırıq. Məncə, buna sosial sifariş yoxdur” dedi. Ə.Əliyev uşaqlara qarşı zorakılığın qəti əleyhinə olduğunu söylədi, lakin bunu da söylədi:
– Kənddə döyülə-döyülə böyüyən uşağın gələcəyi şəhərdə başı sığallana-sığallana böyüyən uşaqdan həmişə demirəm, bəzən daha perspektivli olur.
Uşaqlara qarşı zorakılıq faktları araşdırılmır
Uşağı döymək
əvvəlki yazı