Son dövrlərdə müşahidə etdiyim bir mənzərə var. Sanki, get-gedə deyingən insanlara çevrilirik. Təxminən on il əvvəl sosial şəbəkələrdə bəzi səhifələr yarandı və ölkədə, cəmiyyətdə mövcud olan problemləri tənqid etməyə başladılar. Bu, çox yaxşı addım idi. Amma, bir müddət sonra sanki bu tənqidin dozası çox oldu və cəmiyyətdə loser psixologiyası yarandı. Artıq özümüzdən o qədər narazıyıq ki, hər addımda özümüzü baltalayırıq. Məsələn, həmişə xarici ölkələrdə küçədə kimlərsə rəqs edir və biz də böyük zövqlə bu videolara baxırıq. Amma keçən dəfə Azərbaycanlılar bunu etmişdi, hamı commentlərdə yazırdı ki, azərbaycanlıya küçədə rəqs etmək yaraşmaz. Niyə axı? Adam çox gözəl rəqs edir. Niyə axı biz əylənə bilmirik. Məsələ tək əyləncədə də deyil. Hər şeyi tənqid edən böyük bir kütlə var. İnsanların geyimini, təhsilini, əyləncəsini, yeməyini, oxuduğu kitabı tənqid edirlər. Əvvəlcə kitab oxumayanları tənqid etdilər, sonra kitab oxumayanları tənqid edənləri tənqid etdilər, sonra romantik kitab oxuyanları tənqid etdilər, sonra romantik kitab oxuyanları tənqid edənləri tənqid etdilər.
Keçən dəfə bir nəfər şəkil paylaşmışdı kitab oxuyan yerdə. Hamı yazırdı ki, özünü göstərirsən. Lap özünü göstərir, özü bilər. Niyə bu qədər antoqonist olmalıyıq hər şeyə. Keçən dəfə birinə deyirəm Orxan Şahbaz tərəfindən təşkil olunan təlimlərdə olmusan? Deyir, mənim vaxtım boş şeylərə sərf etmək üçün deyil. Təkrar sual verirəm ki, olmusan Orxanın təlimlərində, deyir yox, azərbaycanlıdırsa ondan heç nə öyrənə bilmərəm. Təsəvvür edirsiniz? Sırf Orxan azərbaycanlı olduğu üçün onun gördüyü işi boş adlandırır.
Çox qəribə mənzərə alınıb. Nə baş verirsə, ilk iş tənqidə uğrayır. Bir dəfə Instagram-da story hissəsində Eminemin repini paylaşmışdım. Bir neçə nəfər yazdı ki, siz necə psixoloqsunuz ki, Eminemi dinləyirsiniz. Birincisi nə əlaqəsi var, ikincisi də lap indi dinləyirəm də, burda nə qəbahət var ki? Ya da keçən dəfə səhifələrin biri bir həkimin zarafatlı statusunu paylaşıb, altına millət yazır ki, ona görə səhiyyəmizin bu gündədir. Niyə axı? Həkim zarafat edə bilməz. İlkin Süleymanov ailəsində baş verən faciəni paylaşıb, təfsilatları bilmədən millət commentə tökülüb ki, niyə vaxtında faciənin qarşısını almadınız.
Həqiqətən də, aşırı tənqidçi insanlar yetişib. Məsələn, bu insanlar xaricdə Azərbaycanı tanımayan insan görən kimi başlayır bizim milləti tənqid etməyə. Halbuki, Tural Bakuvi demiş, bu xaricilərin savadsızlığıdı, bizim problemimiz deyil. Amma nə fayda. Dediyim insanlar sırf tənqid etmək xətrinə, tənqid edirlər. Onları heç nəylə razı salmaq mümkün deyil. Amma unutmaq lazım deyil ki, kənara saçdığımız hər şey geri qayıdır.
Fuad Əsədov