Dil öyrənmək və danışmaq, gəzmək və qaçmaq, nəyisə tutmaq və yuxarı qaldırmaq son dərəcə mürəkkəb proseslərdi. O qədər mürəkkəb proseslərdir ki, bunların hər hansı birini edərkən beyniniz dəliyə dönür. Sadəcə çay içdiyiniz zaman beyninizə çoxlu miqdarda qan axışı olur, beyniniz stəkanı qaldıra bilməyiniz və ona doğru gücü tətbiq etməniz üçün stəkanın ağırlığını hesablayır və əzələlərinizə doğru məlumatı göndərir, stəkanı doğru bucaq altında dodağınıza doğru əyib, çayı içə bilməyiniz üçün isə beyniniz çox mürəkkəb bucaq hesablamalarını edir.
Amma, siz bu şeyləri edərkən nə qədər mürəkkəb bir şey etdiyinizi bilmirsiniz. Çünki, bu işlərdə çox professionalsınız. O qədər professionalsınız ki, heç düşünmədən və diqqət ayırmadan bunları edə bilirsiniz. Amma bu, həmişə belə deyildi. Yemək yeyərkən üstünüzə dağıtdığınız, gəzərkən tez-tez yıxıldığınız, danışa bilmədiyiniz vaxtlar var idi.
Bəs necə oldu ki, bu gün bu prosesləri heç çətinlikdən çəkmədən öyrənə bildiniz? Çünki, zehniniz azad idi. Yaxşı gəzməyinizə görə sizə yüksək qiymət vermirdilər, qaşığı tuta bilmə imtahanları yox idi, ya da danışmaqla bağlı İELTS sertifikatları vermirdilər. Dolayısıyla, bu şeyləri etmək xaricində başqa bir dərdiniz yox idi. Əlavə stressdən və yükdən azad idiniz. Amma ən önəmlisi özünüzdən azad idiniz. Bəli, özünüzdən. ” Mən bunu bacarmayacam, onsuzda əlimdən heç bir iş gəlmir. Uğur qazanmaq mənlik bir şey deyil. Mənim bəxtim yoxdur” kimi düşüncələriniz yox idi. Amma indi var. Və bir yaşınızda dünyanın ən çətin işlərini öyrənmənizə baxmayaraq, indi daha sadə işləri edə bilməyəcəyinizi düşünürsünüz. Bəlkə də edə bilməyəcəksiniz və bəlkə də belə düşündüyünüz üçün.
Fuad Əsədov