Başımıza müəyyən hadisələr gəlir, müəyyən şəraitlərə düşürük, müəyyən insanlarla qarşılaşırıq və s. Qarşılaşdığımız hər şey bizə təsir etməzdən öncə birinci beyin süzgəcimizdən keçir. Hadisələri və insanları pis yaxud da yaxşı edən onların təbiəti deyil, bizim etdiyimiz yorumlardı. Heç bir şey yaxşı və ya pis deyil. Bu sözlər bizim yaratdığımız və nələrəsə aid etdiyimiz təsvirlərdi. Ona görə də, xoşumuza gəlməyən məqamlarda dəyişməli olan bizik. Digər insanları dəyişə bilmərik. Həyatımızda da kontrol edə bilməyəcəyimiz bir çox şey var. Dəyişdirə biləcəyimiz tək varlıq özümüzük. Bəs necə dəyişə bilərik?
- İlk olaraq, onu deyim ki, hər kəsin içində yaxşı hiss etmək arzusu var. Hətta, ağır depressiyalı insanların belə içində yaxşı olmaq istəyən bir parça var. Ona görə də, birinci özünüzün həyatdan nə istədiyini kəşf etməlisiniz. Nələr sizi xoşbəxt edir, nə tip bir ailə və dostlar istəyirsiniz, hansı işlə məşğul olmaq istəyirsiniz və s. Öncə, bu suallara cavab verin.
- İkincisi dəyişə biləcəyinizə inanmalısınız. “Dəyişməlisiniz” demirəm. Belə bir məcburiyyətiniz yoxdur. Amma, bilməlisiniz ki, istəsəniz, dəyişə bilərsiniz. Dəyişmək bəzən çətindir. İllərdir sizdə möhkəmlənən xarakteriniz, inanclarınız, düşüncələriniz və hisləriniz müqavimət göstərəcək. Amma, dəyişmək mümkündür.
- İnsanın əzab çəkməkdən qaçması normaldır. Amma, bu hər zaman yaxşı deyil. Bəzən, sizə əzab verən şeylərlə üzləşməlisiniz. Bəzən, bütün o neqativ hisləri yaşamağınız lazımdır ki, bu səhifəni bitirib, növbəti səhifəyə keçə biləsiniz.
Fuad Əsədov