Ailə münaqişələri — cəmiyyətin ən aktualməsələlərindən biridir. Ailə şəxsiyyəti və cəmiyyəti formalaşdıran mühüm sosial institutdur. Azərbaycan mədəniyyətində ailə başlıca mərkəzi anlayışdır, ailəyə münasibət isə şəxsiyyətin sosial əhəmiyyətinin qiymətləndirməsinin və özünütəsdiqin vacib amilidir. Hər adamın öz həyat məkanı vardır, bu digər insanlarla qohum, dost, qonşularla olan münasibətlərdir. Onlardan ən yaxınları ilə münasibət artıq bilavasitə belə düzülür; “ev”, “ailə”. Bura insanların yaşadıqları yerdir, yalnız burada onlar özünü yaxşı hiss edir. Ailə, şübhəsiz, müasir dövrdə istər ayrılıqda götürülmüş şəxsiyyət, istərsə də bütövlükdə cəmiyyət üçün əhəmiyyəti artmaqda olan ümumbəşəri dəyərin, mədəni irsin, əxlaqi norma və qaydalarının ötürücüsü rolunu oynayır. Ailə münasibətlərinin idealı çətin əldə edilir və müasir ailədə “münaqişələrə” səbəb olur. Kişilərin əksəriyyəti hesab edir ki, qadının işləməsindən və ya işləməməsindən asılı olmayaraq əsas odur ki, evdə həmişə rahatlıq və səliqə olsun, qadının peşəkar fəaliyyətində və siyasətdəki təsiri müxtəlif ola bilər, amma ailədə onun üstün təsiri saxlanılmalıdır. İndiyə qədər ailələrdə o cümlədən azərbaycanlıailələrində əməyin ənənəvi bölgüsü aparılır. Ər pul qazanır, arvad təsərrüfatla məşğul olur, ya da kişiyə kişi işi qadına qadın işi tapşırılırdı.
Ərlə arvad arasındakı münasibətlər möhkəm olanda hətta təsadüfən baş verən xoşagəlməz hadisə ailəni əslində sarsıda bilmir: ata – ana dərdi birlikdə çəkir, ailə üçün ən çətin olan anda bir – birlərinə həyan olurlar,bir sözlə,bir-birlərinə arxa-dayaq dururlar. Ailə münasibətləri möhkəm olmadıqda isə heç kəsin gözləmədiyi halda bu və ya digər xoşagəlməz hadisə ər – arvadı bir – birindən daha da uzaqlaşdırır. Onlar bir –birini günahlandırmağa, təqsiri bir – birinin üstünə atmağa başlayırlar. Söz – söhbət, qanıqaraçılıq günlərlə davam edir.
Ailənin psixoloji iqlimini ən ümumi şəkildə nəzərdən keçirsək, onda bu xüsusiyyətləri qeyd edə bilərik: hər bir sosial qrupda olduğu kimi, ailədə psixoloji iqlim insanların həyat fəaliyyətinin mühüm bir sahəsini təşkil edir, ailə üzvlərinin gümrahlığı və fəallığı bilavasitə ondan asılıdır. Doğru deyirlər ki, bədbinlik – passivlik nikbinlik – iradə deməkdir. Ər və arvad bir yersiz söz dedikdə onlardan hər hansı birinin qanı qaralır.
Psixoloji iqlim ailə üçün həyati əhəmiyyətə malikdir. Ailədə əlverişli psixoloji iqlim xoş güzəran, mənalı ömür, psixi sağlamlıq, uşaqların sağlam düşüncədə böyüməsi deməkdir. Ər – arvadın yaxşı və ya pis ünsiyyəti ailədə psixoloji iqlimin vəziyyətini göstərən mühüm əlamətlərdən biridir.Mütəxəssislərin fikrincə, ər – arvad ünsiyyəti prinsip etibarilə çox mühüm psixoterapevtik vəzifəni yerinə yetirməlidir.Ərlə arvadın ünsiyyəti onların hər ikisinin işdən sonra psixoloji cəhətdən sakitləşməsi, gərginlikdən azad olması üçün ən təsirli vasitə olmalıdır.
Ərlə arvad söhbəti onlardan hər birinin işdə və evdə rastlaşdığı çətinliklərin həllinə kömək göstərməlidir. Ailənin psixoloji iqlimi böyük tərbiyəvi əhəmiyyətə malikdir. Uşaqlar ananın əhvalına qarşı çox həssasdırlar, onu asanlıqla sezirlər. Ana hətta gizlincə ağlasa da, uşaqlar bunu başa düşür və pis hiss edirlər. Uşaqlar bilavasitə ananın həyatı ilə yaşayırlar. Ananın əhvalı uşaq ürəyinə yoldur, onların psixi sağlamlığına güclü təsir göstərir. Ana güləndə, sevincli olanda evin divarları da sanki gülür. Uşaqlar fərəhli və gümrah ömür sürür.
Psixoloji iqlim ailə üzvlərinin bir – birinə və ailəyə münasibətində özünü büruzə versə də, bununla məhdudlaşmır. Onlar zəruri surətdə insanların bütövlükdə dünyaya münasibətlərinə, dünya duyumuna təsir göstərir; şəxsiyyətin sərvət meyllərində əks olunur, onun öz işinə və özünə münasibətlərində izsiz qalmır. Ailədə psixoloji iqlim əlverişli olduqca ər və arvad valideynlər və uşaqlar bir – birlərini və özlərini yüksək qiymətləndirirlər.
İstər ər – arvad münasibətlərində, istərsə valideyn – övlad münasibətlərində emosional çalarlar ana ilə bağlıdır. Ağlayan uşağı sakitləşdirmək üçün ananın onu bəlkə də bircə dəfə oxşaması, bağrına basması kifayətdir. Bəli, ana ən yaxşı psixoloq, ən mahir nevropatoloqdur. Ailə məişətinin bütün əsas məsələləri məhz onun əlində toplanmışdır. Ailənin psixoloji iqlimi ananın ailə kollektivinin əməyini, həyatını necə təşkil etməsindən əhəmiyyətli dərəcədə asılıdır.Ümumiyyətlə ağıllı və anlayışlı həyat yoldaşları təklikdə, mehriban ünsiyyət şəraitində özlərinin narazılıqlarını səmimi şəkildə bir – birinə bildirir, mübahisəli məsələləri danışaraq aydınlaşdırırlar.
Bu, ərlə arvadın bir – birinə anlayış göstərməsi yollarından biridir. Lakin həyat yoldaşlarının bir-birini tənqid etməsi, heç də təhqir etməsi demək deyildir. Burada söhbət məhz tənqiddən deyil, ünsiyyət mədəniyyətindən gedir. Ailə etikası kənar adamların, yaxın dostların, qohumların və uşaqların yanında həyat yoldaşını danlamağı və tənqid etməyə qətiyyən haqq qazandırmır.Ailə də qarşılıqlı hörmət və tələbkarlıq, qayğı və kömək normal olmalıdır.
Statistik göstəricilər
Sosioloqların müşahidələrinə görə ailələrin 70%-i sevgi əsasında qurulur. Ancaq evlənəndən 5–6 il sonra məlum olur ki, onların yalnız 46%-i öz həyat yoldaşını sevməkdə davam edir, 24%-isə artıq sevmir. Ümumiyyətlə, evlənəndən 5–6 il sonra nigahın taleyi təkcə məhəbbət hissindən yox, eyni zamanda birgə ömür-gün sürən insanların şəxsiyyətindən, hər birinin şəxsi keyfiyyətlərindən asılıdır. Onların bir-biri ilə rəftarı, uşaqlarına münasibətləri bu bəşəri hisslərin özü məhəbbətin taleyini həll etmiş olur.
BMT-nin sənədlərində qeyd olunur ki, son 50 il ərzində ailənin strukturunda bir sıra dəyişikliklər baş vermişdir. Bunlardan Azərbaycan üçün aktual olanlar–demoqrafik dəyişikliklər və bununla əlaqədar ev təsərrüfatlarının kiçilməsi (ailə üzvlərinin sayının azalması, amma ailələrin sayının çoxalması), miqrasiyanın ailələrə təsiri, natamam ailələrin çoxalması, doğum səviyyəsinin aşağı düşməsidir. Son illərdə keçirilən tədqiqatlar göstərir ki, müasir Azərbaycan ailəsinin modeli dəyişməkdədir. Nüvə ailələr, yəni valideyn və uşaqlardan (bir nəsil) ibarət olan ailələr üstünlük təşkil edir. Mürəkkəb tərkibli ailələrə isə getdikcə az rast gəlmək olar, xüsusilə şəhərlərdə.
Ailə münaqişələri ən çox yayılmış formadır. Mütəxəssislərin rəyinə görə ailələrin 80–85%-də münaqişələr, qalan 15–20%-də müxtəlif səbəblərdən hərc-mərclik baş verir. Ailə münaqişələri, xüsusilə, ər-arvad münaqişələri təhlil edilərkən ailənin inkişafında böhranlı dövrlərin nəzərə alınması vacibdir. İlk dövr ailə həyatının birinci ilində müşahidə edilir (nigahların ümumi sayının 30%-nı boşanmaehtimalı daşıyır), ikinci dövr uşaqların anadan olması ilə bağlıdır, uşağın anadan olması bir çox ailələr üçün ciddi sınaqdır, üçüncü dövr ər-arvadın orta yaş dövrünə təsadüf edir (birgə həyatda 10–15 il olması), bu dövr hisslərin məhdudluğu ilə xarakterizə edilir, dördüncü dövr ər-arvadın birgə yaşayışının 18–24-ci illərindən sonra yaranır.
Səbəbləri
Ailə münaqişələri öz səbəblərinə görə fərqlənir. Onların əhəmiyyətlisi:
- ailə üzvlərinin fəallığının, özünü ifadə etməsi azadlığının məhdudlaşdırılması;
- ailənin bir və ya bir neçə üzvünün davranışının qəbul edilmiş normalardan kənara çıxması;
- əks maraqların, meyllərin mövcudluğu, ailə üzvlərindən birinin tələbatlarının ödənilməsi imkanlarının məhdudluğu;
- bütünlükdə ailədə qarşılıqlı münasibətlərin sərt tipi;
- çətin həll edilən maddi problemlərin mövcudluğu;
- ər-arvad münasibətlərinə qohumların müdaxilə etməsi;
- nigahda partnyorların seksual disharmoniyası;
Ailə münaqişələri uşaqların psixikasına mənfi təsir göstərir, məhz bu səbəbdən uşaqları qorumaq üçün bu münaqişələrdən uzaq durun.