MÖVZU 1.
DİQQƏTİN XÜSUSİYYƏTLƏRİ
Diqqət haqqında ümümi məlumat. Eyni anda bizə müxtəlif cisim və hadisələr təsir edir. Biz bunların hamısını eyni aydınlığı ilə qavraya bilmirik. Onlardan bəzilərini aydın qavradığımız halda, digərlərini ya olduqca solğun qavrayır və ya heç cür qavramırıq. Bu bizim diqqətimizlə bağlıdır.
Diqqət psixi proseslərin (qavrayış, hafizə, təfəkkür və s.) tərkibində çıxış edərək, onların daha müvəffəqiyyətli cərəyanını təmin edir. Diqqətin rus alimi N.F.Dobrınin tərəfindən təklif olunmuş tərifini nəzərdən kecirək: «Diqqət psixi fəaliyyətin müəyyən bir obyekt üzərinə yönəlməsi və onun üzərində mərkəzləşməsidir». Biz yönəlişlik dedikdə idrak fəaliyyətinin seçici xarakter daşımasını, mərkəzləşmə dedikdə isə hal-hazırkı fəaliyyətə aid olmayan bütün obyektlərdən uzaqlaşmanı nəzərdə tuturuq. Əgər insan psixikasının strukturuna istinad etsək, biz diqqəti həm bir proses kimi (və yaxud psixi prosesin bir tərəfi kimi: məsələn, sensor, perseptiv, intellektual diqqət), həm psixi halət kimi (məsələn, yönəlişlik), həm də şəxsiyyətin bir xassəsi kimi (məsələn, diqqətlilik) nəzərdən keçirə bilərik. Lakin bildiyimiz kimi diqqətin müstəqil psixi proses olması haqqında psixoloji ədəbiyyatda fikirlər üst-üstə düşmür. Bəzi tədqiqatçılar diqqətin digər psixi proseslərin tərkibində çıxış etməsi faktını əsas tutaraq, onu müstəqil psixi proseslərə aid etmirlər. Digər tədqiqatcılar isə diqqəti idrak proseslərindən biri hesab edərək, onu əsasən iradə və idrak fəaliyyəti ilə əlaqələndirirlər.
Diqqətin xarakterik xüsusiyyətləri
Psixoloji ədəbiyyatda diqqətin 5 əsas xüsusiyyətini ayırd edirlər. Bunlar diqqətin həcmi, paylanması, mərkəzləşməsi, davamlılığı və keçirilməsidir. Göstərilən xassələr bütün adamlarda eyni səviyyədə inkişaf etmir. Məsələn, bəzi adamlarda diqqət daha çox mərkəzləşməyə, digərində isə paylanmaya meyl edir.
Diqqətin həçmi onun eyni vaxtda əhatə etdiyi çisimlərin miqdarı ilə müəyyən edilir. Diqqətin həçmi fərdi şəkildə dəyişən bir kəmiyyət olub və əsasən bir-biri ilə əlaqəsi olmayan 52 obyekti əhatə edir. Əksər hallarda diqqətin həc¬mi¬ni ölçmək üçün taxistoskop adlanan cihazdan istifadə olunur. Bu cihaz vasitəsilə qıcıqlandırıcılar (sözlər, fiqurlar, rəqəmlər və s.) elə nümayiş etdirilir ki, yoxlanılan şəxs nəzərini bir obyektdən diqərinə keçirə bilməsin.
Diqqətin həçmi qavranılan cisim və hadisələrin bir-biri ilə nə qədər sıx əlaqədar olmasından aslıdır. Cisim və hadisələr bir birləri ilə nə qədər sıx əlaqədə olarsa diqqətin həçmi də bir o qədər böyük olar.
Diqqətin davamlılığı onun eyni bir obyekt üzərində uzun müddət saxlanılmasında ifadə olunur. Tədqiqatlar göstərir ki, insan diqqətini yönəltdiyi obyektdə yeni tərəflər, yeni əlaqələri aşkar etməyi bacarırsa onun diqqəti davamlı olur. Başqa sözlə qavranılan obyekt daima yeni məzmun kəsb edərsə bu diqqətin davamlı olmasına gətirib çıxarır. Bundan başqa diqqətin davamlılığı bir sıra şərtlərdən, məsələn, materialın çətinlik dərəcəsindən, onun anlaşıqlılığından, subyektin ona münasibətindən, insanın yaşından və şəxsiy¬yə¬tin bir çox fərdi keyfiyyətlərindən asılıdır. Diqqətin bu xüsusiyyətini nəzərə alaraq dərs zamanı hər 10-15 dəqiqədən sonra fəaliyyət növlərinin dəyişilməsi məqsədəuyğun hesab olunur.
Diqqətin paylanması eyni zamanda 2 və ya daha çox fəaliyyət növünü (və ya müxtəlif işləri) həyata keçirmək qabiliyyəti ilə müəyyən olunur. Diqqətin paylanmasının zəruri şərtlərindən biri odur ki, bu zaman icra olunan fəaliyyətlərdən biri avtomatlaşmalı, yəni şüurun xüsusi nəzarəti olmadan həyata keçirilməlidir.
Diqqətin paylanması insanın psixoloji və fizioloji vəziyyətindən çox asılıdır. Yorğunluq halında, diqqətin daha çox mərkəzləşməsini tələb edən fəaliyyət növlərinin həyata kecirilməsi zamanı diqqəti paylamaq çətin olur.
Bununla belə, diqqətin paylanması səviyyəsi eyni zamanda icra edilən fəaliyyət növlərinin xarakterindən, onların mürəkkəblik dərəçəsindən, həmin fəaliyyət növləri sahəsində insanın bacarıq və vərdişlərinin avtomatlaşma səviyyəsindən də asılı olur.
Diqqətin keçirilməsi şüurlu surətdə diqqəti bir obyektdən digər obyektə, bir fəaliyyət növundən digərinə keçirməkdə təzahür edir. Məsələn, müəllim dərs zamanı diqqətini müxtəlif şagirdlərə, öz fəaliyyətinə, gözlənilmədən baş verən hadisələrə kecirir və eyni zamanda da o dərsin əsas məzmunundan, planından yayınmır. Keçirilmə hər hansı bir dəyişən, mürəkkəb situasiyaya daha tez bələdləşmə qabiliyyəti ilə bağlıdır. Əlbəttə, diqqətin keçirilməsi bütün insanlarda asan baş vermir və çox şərtlərdən asılıdır. Bunlara əvvəlki və sonrakı fəaliyyətin qarşılıqlı əlaqəsini və subyektin onlara münasivətini aid etmək olar. İnsan asan işdən çətin isə keçdikdə keçirilmənin göstəriçiləri aşağı düşür.
Diqqətin mərkəzləşməsi zamanı şüurumiz yalnız bir obyekt və ya fəaliyyətə yönəlir. Fizioloji baxımdan mərkəzləşmə beyində olan dominant oyanma ocağının fəaliyyətilə bağlıdır. Mərkəzləşmənin masksimal intensivliyi yalnız bir obyektin qavranılması zamanı baş verir. Diqqətin həcmi artıqça, o mərkəzləşmənin səviyyəsinin aşağı düşməsinə səbəb olur. Mərkəzləşmə dərk etdiyimiz cism və hadisələrin daha dərindən öyrənilməsinin, mürəkkəb əşyavi fəalliyyətin yerinə yetirilməsinin psixoloji şərti kimi çıxış edir.
Diqqətin qeyd olunan xassələri ilə yanaşı bir sıra pozulma hallarına da rast gəlmək mümkündür. Bunlara diqqətin tərəddüdünü, yayınmasını, dalğınlığı aid etmək olar.
Diqqətin tərəddüdü–müəyyən fəaliyyət zamanı diqqətmizin gah bu, gah da başqa obyektə yönəlməsi, az və çox müddət onun üzərində mərkəzləşməsidir.
Hətta çox davamlı və mərkəzləşmiş diqqət zamanı biz onun intensivlik dərəcəsinin qısa müddətli qeyri-ixtiyarı dəyişmələri ilə rastlaşırıq. Bu diqqətin tərəddüdüdür. Diqqətin tərəddüdü N.N.Lanqe tərəfindən öyrənilmişdir. Onun eksperimentlərində yoxlanılanlar saatın tiqqiltisini eşidirdilər. Müəyyən zaman intervalı keçəndən sonra saatın səsi fluktiasiyaya uğqayırdı. N.N.Lanqe qöstərdi ki, tərəddüd dövrü təqribən 2-3 saniyə təşkil edir. Diqqətin tərəddüdünün səbəblərinə yorğunluğu və hiss üzvlərinin adaptasiyasını aid etmək olar. Diqqətin tərəddüdü onun davamlılığına əks olan bir xüsusiyyətdir.
Diqqətin yayınmasına gəldikdə bu, hər hansı bir fəaliyyət zamanı diqqətin qeyri-ixtiyari olaraq əsas işlə əlaqəsi olmayan kənar cisim və ya hadisəyə yönəlməsindən ibarətdir. Diqqətin yayınması ilə mübarizə tədbirlərindən biri işlədiyimiz yerdə kənar qıcıqların mümkün qədər olmamasına çalışmaqdır. Lakin buna həmişə nail olmaq mümkün olmur. Bəzən istər-istəməz bir sıra yayındırıcı qıcıqlandırıcıların təsir göstərdiyi şəraitdə işləməli oluruq. Ona görə də diqqətimiz yayınır. Bu cəhəti nəzərə alaraq insan özündə həm sakit şəraitdə, həm də kənar qıcıqlandırıcıların təsir göstərdiyi şəraitdə işləmək bacarığı aşılamağa çalışmalıdır.
Diqqətin yayınması hallarından birini də dalğınlıq təşkil edir. Dalğınlıq insanın öz diqqətini mərkəzləşdirə bilməməsində ifadə olunur. Dalğınlıq halının iki şəklini ayırd edirlər. Birincisi, ixtiyari diqqətin zəifliyində ifadə olunan dalğınlıqdır. Bu zaman insan öz diqqətini müəyyən bir obyekt üzərində mərkəzləşdirə bilmir, onun diqqəti davamsız olur və tez-tez yayınır. Uşaqlarda və yaşlı adamlarda bu cür dalğınlığa tez-tez rast gəlmək olur. Bunun səbəbi çox yorulmaq, insana təsir edən güclü emosional amillər, , xəstəlik, uşaqda ixtiyari diqqətin tərbiyəsinin düzgün təşkil edilməməsi ola bilər.
İkinci halda dalğınlıq diqqətin hər hansı bir obyekt üzərində çox güclü, gərgin şəkildə mərkəzləşməsində ifadə olunur. Bunun sayəsində kənar qıcıqlandırıcılar onu yayındıra bilmir, insan sanki ətraf aləmi «unudur». Bu nöqsan diqqəti paylamağı və bir obyektdən digərinə vaxtında keçirməyi bacarmamaqda ifadə olunur.
MÖVZU 2-3
HAFİZƏ,HAFİZƏNİN NÖVLƏRİ
Hafizə haqqında anlayış. İnsanın duyub və qavradıqlarının, psixikasında baş verənlərin hamısı izsiz ötüşmür, müəyyən mənada orada hifz olunur. Bəziləri isə ömürlük qalır. Keçmişdə baş verənlərin psixikada “izi”, işarələri, kodu, sürəti qalır. Bizlərdən hər birimiz təsdiq edə bilərik ki, təkrarən duyduğumuz və qavradıqlarımızı tanıyır və onu əvvəllərdə məhz o şəkildə yaşadığımızı söyləyərik.
Psixikanın mühüm universal xüsusiyyətlərindən biri də informasiyanın fasiləsiz olaraq toplanması qabiliyyətidir. Bu proses psixi fəaliyyətin bütün dövr və sahələrini əhatə etməklə bir çox hallarda avtomatlaşır, hətta az qala qeyri-şüuri mahiyyət kəsb edir. Nümunə olaraq psixologiyada iki mötəbər tarixi fakt kimi göstərilən hadisəni vermək istərdik.
Tamamilə savadsız qadın xəstələnir və həyəcanlı, yüksək tonla mənasını özünun də başa düşmədiyi yunan və latın dillərində danışmağa başlayır. Məlum olur ki, uşaqlıqda o, keşişin yanında qulluqçu işləmişdir. Keşiş adətən antik klassiklərin əsərlərindən pafosla parçalar oxuyarmış. Qadın isə qeyri-ixtiyari olaraq onları yadda saxlamış, lakin xəstələnənə qədər bunu heç özü də bilməmişdir.
Aptekdə gipnoz edilmiş şəxs dərmanların üzərindəki yüzlərlə yazını, dərman adlarını əzbərdən söyləmişdir. Halbuki onun tibblə heç vaxt bağlılığı olmamışdır.
Hafizə bütün canlılarda vardır. Hətta, bitkilərin də yaddaşının olması ilə bağlı elmi fikirlər söylənilir. Geniş mənada, hafizəni canlı orqanizmin informasiyanı təsbit edən anadangəlmə və həyatda qazanılan mexanizm kimi də xarakterizə etmək olar.
Hafizə keçmiş təcrübənin beyində nəqşləndirilməsi, yadda saxlanması sayəsində sonralar onun tanınma və yada salınmasından ibarət mürəkkəb psixi fəaliyyətdir.
Hafizənin insan həyatında və fəaliyyətində əhəmiyyəti olduqca böyükdür. Əgər hafizə olmasaydı hər şey insana həmişə yeni görünərdi. Hafizə olmasaydı insan «əbədi olaraq yeni doğulmuş uşaq vəziyyətində qalardı» (İ.Seçenov). Bütün psixi proseslərin ən mühüm xarakteristikası olan hafizə insan şəxsiyyətinin vahidliyini və tamlığını təmin edir.
Hafizə və onun mexanizmləri ta qədim zamanlardan mütəfəkkirlərin diqqətini cəlb edən bir problem olmuşdur. Bu baxımdan hafizənin psixoloji, fizioloji, biokimyəvi və s. nəzəriyyələri meydana çıxmışdır. Hafizənin psixoloji nəzəriyyəsində hələ vaxtilə Aristotelin irəli sürdüyü assosiasiya anlayışı xüsusilə diqqəti cəlb edir. Bu anlayış bütün psixi törəmələrdə məcburi prinsip kimi irəli sürülmüşdür. Bu prinsipə görə əgər müəyyən psixi törəmələr şüurda eyni vaxtda və ya bir-birinin ardınca meydana gəlirsə, onların arasında assosiativ əlaqə yaranır və bu əlaqələrin hər hansı bir ünsürü yenidən canlandıqda şüurda mütləq onun bütün ünsürlərinin təsəvvürünü yaradır. Assosionistlər obyektlərin məkan-za¬man yaxınlığından, oxşarlığından və fərqindən asılı olaraq üç assosiasiya tipini ayırmışlar: qonşuluq üzrə, oxşarlıq üzrə, əkslik üzrə. Bunların yaddasaxlama və yadasalmada əsas rol oynadığını göstərmişlər.
Hafizə haqqında fizioloji nəzəriyyənin əsasını akademik İ.P.Pavlov qoymuşdur. Bu İ.P.Pavlovun ali sinir fəaliyyətinin qanunauyğunluqları haqqında təliminin əsas müd¬dəaları ilə sıx bağlıdır. Başqa sözlə, fizioloji nəzəriyyə hafizənin fizioloji əsasını beyin qabığında müvəqqəti əlaqələrin yaranması, möhkəmlənməsi və canlanması ilə bağlayır.
Hafizə haqqında biokimyəvi nəzəriyyə tərəfdarları belə hesab edirlər ki, beyində müəyyən üzvlərin möhkəmlənməsi, hifz edilməsi və yada salınması proseslərinin mexanizmləri əsasında xarici qıcıqlandırıcıların təsiri altında sinir hüceyrələrində baş verən spesifik kimyəvi dəyişmələr durur.
Beyində psixi funksiyanın necə lokallaşdırılması haqqında ilkin məlumatlar beyin travmaları almış xəstələri mü¬şahidə etməklə toplanmışdır. Müəyyənləşdirilmişdir ki, beynin arxa nahiyəsinin zədələnməsi görmənin, alın nahiyəsinin zədələnməsi emosiyanın, sol yarımkürənin zədələnməsi nitqin pozulmasına səbəb olur.
Qəbul edilən yeganə qanunauyğunluq ondan ibarət idi ki, beynin daha çox zədələnməsi ilə hafizənin pozulması arasında asılılıq mövcuddur. Bu kütlənin təsiri qanunu adlanır. Yəni beyin toxumalarının pozulması nisbəti ilə hafizənin pozulması nisbəti düz mütənasibdir. Hətta, beynin cərrahiyyə yolu ilə 20 faizi götürüldükdə belə, hafizə itmir. Elə bu səbəbdən də hafizə mərkəzinin lokalizasiyasının olmasına şübhə yarandı. Bəzi psixoloqlar isə hesab edirdilər ki, hafizə orqanı bütövlükdə beyindir.
Son vaxtlar baş verən iki elmi yenilik psixikanın informasiya mərkəzinin dəqiq öyrənilməsinə ümidləri artırmışdır. Birinci, müəyyənləşdirilmişdir ki, beynin bir sıra sahələrinə təsir göstərilməsi nəticəsində şüurda mürəkkəb zəncirvari yadasalma baş verir. Yəni insan çoxdan unutduqlarını xatırlayır. Cərrahiyyə əməliyyatından sonra unutduqlarını asanlıqla yada sala bilir. İkinci, müəyyənləşdirilmişdir ki, hafizə mərkəzi və ya hər halda məlumatların qısamüddətli hafizədən uzunmüddətli hafizəyə ötürülməsini tənzim edən sahəsinin fəaliyyəti yeni informasiya daxil olanadək mümkün olmur. Bu mərkəz «qippokamp» adlanır və beynin gicgah sahəsində yerləşir. Qippokampın iki tərəfli götü¬rülməsindən sonra xəstələr cərrahiyyə əməliyyatına qədər baş verənləri yada salır, lakin əməliyyatdan sonra baş verənləri isə yada sala bilmirlər. Əvvəllər toplanmış informasiyaların harada qorunduğu sualı hələ də öyrənilməmiş qalır.
Hafizə probleminin yekun həlli uzun illər boyu psixologiya və fiziologiyanın mübahisə obyekti olmuşdur. Onun həlli beyində informasiya daşıyıcısı olan fiziki təbiətinin (molekullar, zülallar və s.) öyrənilməsi nəticəsində mümkün olacaqdır.
Hafizənin prosesləri. Yuxarıda qeyd olunduğu kimi, hafizənin yaddasaxlama, yadasalma, tanıma və unutma kimi prosesləri vardır.
Hafizə psixikanın funksional bütövlüyünün, üç mühüm prosesin nəticəsində yaranır. Onlardan birincisi yaddasaxlamadır. Bu prosesdə beynə daxil olan müxtəlif informasiyaların təhlili, identifikasiyası və kodlaşdırılması aparılır. Hafizə prosesinin ikinci mərhələsi informasiyanın hifz olunmasıdır. Prosesin üçüncü mərhələsi ixtiyari və ya qeyri-ixtiyari yadasalmadır. İnformasiyanın yada salınmasını haqlı olaraq hafizənin əsas funksiyası, insanın öz təcrübəsindən istifadə edə bilməsinin əsası hesab edirlər.
Yaddasaxlama duyub qavradıqlarımızın beyində hifz olunması prosesidir. Bu zaman yeni qavranılanların əvvəllər əldə etdiklərimizlə əlaqələndirilməsi yolu ilə möhkəmləndirilməsi baş verir.
Anlamadan asılı olaraq yaddasaxlamanın məntiqi və mexaniki növləri mövcuddur. Məntiqi yaddasaxlamanın əsasında anlama dayanır. Bu zaman insan öyrəndiklərini öz sözləri ilə ifadə edə bilir. Mexaniki yaddasaxlama isə quru əzbərləmə, bəzən mənaya əhəmiyyət vermədən yaddasaxlamadır. Adətən mexaniki olaraq yadda saxlayan şagird və ya tələbə materialın ayrı-ayrı hissələrini ayrılıqda yada sala bilmir.
Qarşıya qoyulan məqsəddən asılı olaraq yaddasaxlamanın qeyri-ixtiyari və ixtiyari növlərini qeyd edirlər. Qeyri-ixtiyari yaddasaxlama qarşıya məqsəd qoymadan duyub-qavradıqlarımızın yadda saxlanmasıdır. Çox vaxt bizə emosional təsir bağışlayan material qeyri ixtiyari olaraq yadımızda qalır. İxtiyari yaddasaxlama isə qarşıya qoyduğumuz məqsədlə bağlı olur. Ona görə də ixtiyari yaddasaxlamanı xüsusi mnemik iş kimi xarakterizə edirlər. İxtiyari yaddasaxlamanın müvəffəqiyyəti, məhsuldarlığı mnemik məqsədin xüsusiyyətindən asılı olur.
Prinsipcə hər bir insanın hafizəsi, xüsusilə, qeyri-ixtiyari yaddasaxlamanın seçiciliyi baxımından fərqlənir. İxtiyari yaddasaxlamanın müvəffəqiyyəti isə qavranılan informasiyanın xarakteri ilə bağlıdır. Məsələn, tanışları və ya qohumlarında keçirilən qonaqlığın yada salınmasına diqqət yetirək. Bəziləri (xüsusilə qadınlar) kimin və necə geyindiyini, digərləri kimin nə və necə yediyini, üçüncülər isə məclisin ümumi təsvirini və söhbətlərin məzmununu xatırlayacaqdır.
Yaddasaxlamanın davamlılığından asılı olaraq qısamüddətli və uzunmüddətli növləri də vardır. Qısamüddətli yad¬dasaxlama saniyə və dəqiqələrlə, uzunmüddətli yaddasaxlama isə saatlarla, günlər, aylar, illərlə ölçülür.
Yaddasaxlamanın bir növü kimi süni yolla assosiasiya yaradaraq yaddasaxlamanı da qeyd edirlər. Bu cür yaddasaxlama mnemonik yaddasaxlama adlanır. Məsələn, 20.07 rəqəmini yaddasaxlamaq üçün 2007-ci ili yada salmaq kifayətdir. Yaxud yeni tanış olduğumuz adamın adını həmin adda olan yaxın adamımızın adı ilə eyni olduğuna görə yadda saxlayırıq.
Yadasalma əvvəllər psixikada möhkəmlənmiş məzmunun uzunmüddətli hafizədən operativ hafizəyə gətirilməsi nəticəsində aktuallaşdırılması, xatırlanmasından ibarət olan hafizə prosesidir. Yadasalma da ixtiyari və qeyri-ixtiyari olur.
Beyində hifz olunanların qısa müddətdən sonra yenidən yada salınması xeyli çətin baş verir, əsasən, 2-4 gündən sonra daha aydın və əhatəli yada salınır.
Yadasalmada hadisələrin hansı konteksdə baş verdiyi mühüm əhəmiyyət kəsb edir. Məsələn, köhnə əşyalar, kitablar, ev, uşaqlığın keçdiyi yerlər və onlarla bağlı olanlar daha güclü təsir edir. Bu mənada Zeyqarnik effekti maraq kəsb edir. Təbii sonluğu olmayan vəziyyətləri, tamamlanmayan hərəkətləri insanlar daha yaxşı yadda saxlayır. Əgər biz yeməyi, içməyi sona çatdıra bilmir, arzu etdiyinə çata bilməyə az qalmış, amma çatmadıqda bu daha uzun müddət yadda saxlanılır, nəinki asanlıqla əldə edilən. Hafizənin bu xüsusiyyəti onunla bağlıdır ki, tamamlanmamış hərəkətlər mənfi emosiyaların mənbəyi olduğundan müsbət emosiyalara nisbətən daha güclü təsirə malikdir. Məhz buna görə də adamlar uğursuz sevgini, bədbəxt hadisələri, xəstəliyi, əzablarını, həyəcanlarını daha dəqiq və aydın yadda saxlayırlar.
Tanımaya gəldikdə o, hər hansı bir obyekti yenidən qavrama zamanı yada salmaqdan ibarətdir. Tanıma olmasaydı biz cisimləri artıq bizə tanış olan kimi deyil, yeni cisim kimi qavrayardıq.
Unutma. Hafizə ilə bağlı çətinliklər yadasalmadan daha çox xatırlama ilə əlaqədardır. Müasir psixologiyanın bir çox tədqiqatları sübut edir ki, sağlam beyində informasiyalar uzun müddət hifz olunsa da onların çox hissəsi istifadə olunmamış qalır. Praktiki olaraq böyük əksəriyyəti «əlçatmaz» olur, «unudulur», amma deyirlər ki, onlar bunu bilirdi, oxumuşdu, eşitmişdi və s. Psixoloqlar bunu unutma adlandırırlar. Yəni psixikada olan informasiyalar dəqiqliyini, aydınlığını itirir və ya azalır. Q.Ebbinhauzun təcrübəsi bu baxımdan maraqlıdır. O, sübut edir ki, öyrənilən materialın 40 faizi yarım saat sonra, 66 faizi bir gündən sonra, 75 faizi üç gündən sonra, 79 faizi bir aydan sonra unudulur. Əlbəttə, burada fərdi xüsusiyyətlər, materialın mənalılığı, əhəmiyyətliliyi də böyük rol oynayır.
Göründüyü kimi, unutmada başlıca yeri vaxt tutur. Lakin psixika üçün paradoksal hallar da xasdır. Məsələn, yaşlı adamlar indicə, az müddət əvvəl eşitdiklərini asanlıqla unutduqları halda, uzaq keçmişdə baş verənləri çox da çətinlik çəkmədən və aydın xatırlayırlar. Bu fonomen «Ribo qanunu» adlanır. Unutmanın ikinci mühüm amili adətən mövcud informasiyadan aktiv istifadə olunmasıdır. O şeylər daha tez unudulur ki, ona az tələbat olur və ya ehtiyac olmur. Yaşlı adamlarda verbal hafizə daha tez unutqanlıqla əvəz olunur. Uşaqlığın təəssüratı, xatirələri, hərəkət vərdişləri hafizədə daha davamlı, bəzən on illərlə heç də çox iradi səy göstərmədən yada salınır. Belə faktlar da məlumdur ki, üç il həbsxanada «oturmuş» adam nəinki qalstuk bağlamağı, hətta ayaqqabı bağlamağı belə unudur.
Unutma eyni zamanda, psixikanın özünümüdafiə mexanizmidir. Unutma şüur və şüuraltı sahələri sarsıntı və pozul¬malardan qoruyur. İnsana xüsusilə kəskin təsir etmiş hadisələrin uzun müddət həmin şiddətlə davam etməsinə təbii ki, orqanizm davam gətirməz. Vaxt keçdikcə onun təsiri azalır, tədricən unudulur. Ümumiyyətlə, o şeylər “unudulur” ki, psixoloji tarazlığı pozur, davamlı neqativ gərginlik yaradır.
Hafizə insanın daha asan pozulan qabiliyyətlərindəndir. Onun çoxsaylı pozuntuları geniş yayılmışdır. Baxmayaraq ki, insanların çoxu onun pozulduğunu hətta bilmirlər və yaxud da çox sonralar bilirlər. Hafizənin pozulması insanın fərdi xüsusiyyətləri ilə də bağlıdır. Onların təhlili hafizənin bir daha psixoloji fonomen olduğunu təsdiq edir.
Hafizənin növləri
Yadda saxlanılan materialların növlərinə görə müvafiq olaraq hafizənin aşağıdakı dörd növü müəyyənləşdirilmişdir. Müxtəlif hərəkətlərin və onların yadda saxlanılması, hifz olunması hərəkət hafizəsi adlanır. Maşın sürmək, musiqi alətlərində ifa etmək, kompyuterdə yazmaq və s. Hərəki hafizə peşə fəaliyyətini icra etmək üçün vacibdir. Sonra gerçəkliyin cisim və hadisələrinin keçmişdə qavramış olduğumuz surətlərinin yadda saxlanılması, hifz edilməsi və yada salınmasından ibarət surət hafizəsi formalaşır. Surət hafizəsində hansı analizatorun daha aktiv iştirak etməsindən asılı olaraq onun beş növünü: görmə, eşitmə, toxunma, iy bilmə və dadı ayırırlar. İnsan psixikası üçün görmə və eşitmə hafizəsi daha əhəmiyyətli rol oynayır.
Praktiki olaraq hərəkət hafizəsi ilə eyni vaxtda emosional hafizə formalaşır. Emosional hafizə yaranmış hisslərin, şəxsi emosional vəziyyətin və affektlərin yada salınmasıdır. Həyətdən qəflətən çıxan itdən qorxan şəxs uzun müddət oradan keçərkən həmin hissləri təkrar yaşayır. Hafizənin ən yüksək, ali növü verbal (sözlü-məntiqli və ya semantik) hafizə hesab olunur. Onun köməyilə insanın intellektual bazası yaranır və fikri fəaliyyətinin (oxumaq, yazmaq, hesablamaq və s.) böyük əksəriyyəti həyata keçirilir.
Verbal hafizə təfəkkürün xüsusi formasının məhsulu kimi özündə ana dilinin qrammatik qaydalarının əsasını, təhlili və dərk olunmasını ehtiva edir. Yəni materialın mənasının yadda saxlanılması və yada salınması təfəkkür prosesi ilə bağlıdır.
Yaddasaxlama və yadasalmanın iradi proseslərinin dərəcələrinə görə hafizənin qeyri-ixtiyari (bəzən özü də istəmədən nəyisə xatırlayır) və ixtiyari hafizələrə ayırırlar. İxtiyari hafizədə insan sanki qarşısına məqsəd qoyur. «Yada sal». Lakin iradi səy həmişə uğurla tamamlanmır və maraqlıdır ki,insan həmişə unudacağından qorxduğu şeyi unudur.
Genetik hafizənin mexanizminin bir çox sahələri hələ də sirr olaraq qalır. İnsanın hərəkət və psixi reaksiyasının tənzim olunmasında irsi amillərin rolu, çoxalma və özünümühafizə instinktinin bu prosesdə yeri tamamilə elmi həllini tapmamışdır.
Müxtəlif növ məlumatların yadda saxlanılması qabiliyyəti insanın hansı – sol və sağ yarımkürələrinin dominant olmasından asılıdır. Birinci halda verbal hafizənin (sxemlər, məntiqi sübut, terminlər və s.), ikinci halda isə görmə və hərəkət hafizələrinin mexanizmləri daha səmərəlidir.
Hafizə yadda saxlanan informasiyalar dinamikliyinə görə fərqlənir və sanki psixikada müstəqil «yaşayır». O, bəzən qeyri-ixtiyari olaraq fəallaşır, digər hallarda heç bir səbəb olmadan yox olur. Dinamikanın məlum olan belə silsilələri reminisensiya adlanır.
Yadda saxlama müddətindən asılı olaraq hafizə¬¬nin qısamüddətli və uzunmüddətli növləri də vardır. Qısamüddətli hafizə qısamüddətli yaddasaxlamaya əsaslanır. Uzun¬müddətli hafizəyə gəldikdə isə bu zaman öyrənilən material uzun müddət, bəzən bütün həyat boyu beyində hifz olunan və istənilən vaxt yada salına bilir.
Uzunmüddətli hafizə ilə bağlı toplanmış materiallar, keçirilən təcrübələr göstərir ki, onun həcmi və müddəti demək olar hüdudsuzdur. İndi baş vermiş və uzaq keçmişdə olmuş hadisələrin hafizədə hifz olunması baxımından fərqli cəhətləri çoxdur. Birincinin xatırlanması asan, ikincininki isə xeyli çətin və nisbətən uzun vaxt tələb edən prosesdir.
Qısamüddətli hafizə ilə uzunmüddətli hafizənin fərqi təxminən belədir: «Əvvəlki sözünüz necə oldu?» – qısa¬müd¬dətli hafizə. «Keçən həftənin bazar günü naharda nə yemişdiniz?» – uzunmüddətli hafizə. Yeni materialın uzun¬müddətli hafizəyə daxil olması və sonra yada salınması xeyli iradi səy tələb edir. Psixikamızın operativ və analitik mərkəzi özünün informasiya mərkəzinə qismən nəzarət edir. Məhz bu səbəbdən hifz olunan informasiyaların içərisindən lazım olanını həminki anda seçmək xeyli çətindir. Eyni zamanda, bir sıra mürəkkəb əməliyyatlar, məsələn, qrammatik qaydalardan istifadə olunması, mətnin oxunması uzunmüddətli hafizənin nəticəsində asan və praktik olaraq avtomatlaşdırılmış şəkildə icra olunur.
Nəhayət hafizənin operativ növü də vardır. Adətən, insan müəyyən məsələni həll edərkən ona lazım olan məlumatları xatırlayır və ondan istifadə edir. Əməliyyat qurtardıqdan sonra həmin məlumat yenidən beyində hifz olunur. Bu proses operativ hafizə ilə əlaqədardır.
MÖVZU 4
MARAQLARIN İNKİŞAFI
Maraqlar insanın idrak təlabatlarının emosional təzahürləridir. Onalrın təmin olunması biliklərdəki çatışmamazlıqları aradan qaldırmağa, onları anlamağa, onlarla tanış olmağa kömək edir. Maraqlar subyektiv olaraq – insanın özü üçün – idrak prosesinin kəsb etdiyi müsbət, emosional tonda, onun haqqında daha çox bilmək, onu başa düşmək arzusunda təzahür edir. Başqa sözlə desək, maraq şəxsiyyətin, gerçək həyatının müəyyən bir sahəsinə, müəyyən bir fəaliyyətə, bu və ya digər biliyi əldə etməyə az və ya çox yönəlməsində ifadə olunan fərdi psixi xüsusiyyətdir. Şəxsiyyətin istiqaməti onun maraqlarında ifadə olunur.
Maraq bizdə müəyyən hisslər doğuran cisim və hadisəyə daha artıq və gərgin diqqət yetirilməsini təmin. Maraq hər hansı bir obyekti daha dərindən və dəqiq dərketmə meylindən doğur. Maraqların fizioloji əsasını bələdləşmə – tədqiqat refleksləri təşkil edir. Gerçək aləmdə baş verən hər bir yeni, gözlənilməz dəyişiklik zamanı bələdləşmə refleksi baş verir və qıcıqlandırıcının daha tam və aydın inikasını təmin edir. Ətraf mühitdə ən kiçik bir dəyişiklik, yenilik baş verdiyi zaman insanda müvafiq reseptor aparatı bu dəyişikliyi törədən qıcığa doğru yönəlir
İntellektual emosiyalardan biri olan marağın insanın təkamülündəki rolu böyükdür. İnsan başqa insanlarla, ondan digər canlılardan, əşya və situаsiyalardan daha maraqlı gördüyü səbəbindən münasibət qurur və bu münasibəti qoruyub saxlayır. K.İzard marağın anadangəlmə emosiya olmasını qeyd etməklə yanaşı onun inkişafında sosializasiyanın rolundan, insan şəxsiyyətinin formalaşmasında marağın kəsb etdiyi əhəmiyyətdən danışır.
Maraq hər bir şeyə istiqamətlənə bilər, lakin insanlığa daha çox fayda vеrən intellektual, estetik və başqa yaradıcı fəaliyyət növləridir.
Fəaliyyət proseslərində maraqların rolu müstəsna dərəcədə böyükdür. Maraqlar şəxsiyyəti onda əmələ gəlmiş bilmək və başa düşmək cəhdini təmin etdiyi üçün fəal surətdə yollar və vasitələr axtarmağa məcbur edir. Sabit əhəmiyyətə malik obyektə marağın təmin olması adətən, marağın sönməsi ilə nəticələnmir, əksinə onu daxilən yenidən qurmaq, zanginləşdirmək və dərinləşdirmək yolu ilə idrak fəaliyyətinin daha yüksək səviyyəsinə cavab verən yeni maraqların əmələ gəlməsinə səbəb olur Beləliklə, maraqlar – idrakın daimi təhrikedici mexanizmi kimi meydana çıxır. Maraqlar şəxsiyyətin fəaliyyətinin motivləşməsinin mühüm, lakin yeganə olmayan cəhətidir.
Maraqlar necə formalaşır?
Maraq – fərdin xüsusi cəhd göstərmədən öz istəyi ilə, zövq alaraq bir işə yönəlməsidir. Marağı bir insanın özü və çevrəsi tərəfindən təsdiq olunan davranışları kimi də qəbul etmək olar. Yəni maraq daxili və xarici təsirlə formalaşır. Bir işə sevgi ilə müəyyən müddət bağlanma da maraqdır. Kitab, futbol, musiqi və s. də bu maraqlara daxildir. Maraqlar bir çox səbəbdən asılı olaraq fərddən fərdə dəyişir. Şəxsin içində olduğu dairə, cinsiyyət, yaş, zəka, fiziki imkanlar, başqa bir çox qabiliyyətlər, sosial mühit, ailə mühiti və mədəni faktorlar və s. bu səbəblərə daxildir. İnsanın maraq dairəsi müntəzəm olaraq dəyişir. Ən çox dəyişkənlik yeniyetməlik illərində olur. Yeniyetməlik dövründə gəncin vücudu və yaşı ilə birlikdə qərarları da dəyişir. Bu gün bəyəndiyi bir müğənnini üç gündən sonra bəyənmir. Yeniyetməlik yetkinliyin astanası oloduğu üçün zehni yönlü də inkişaf edir. Vəzifə və məsuliyyət daşımaq istəyi artır. Məktəblərin birində aparılan bir araşdırma zamanı ibtidai siniflərin 95%-nin məktəbə oynamaq üçün gəldiyi halda, yuxarı sinif şagirdlərinin 93%-i yaxşı bir universitetə daxil olmaq məqsədilə məktəbə gəldiyi müəyyən edilmişdir. Maraq-məqsədlər müxtəlif zamanlarda fərqli ola bilər. Qızların maraqları oğlanlara nisbətən hər yaşda daha fərqli olur. Səbəbi odur ki, qızlar bioloji cəhətdən oğlanlardan fərqlənməklə yanaşı, ruhi-psixoloji cəhətdən onlardan daha tez yetkinləşirlər. Qızların maraq dairəsinin formalaşmasında mədəni faktorlarla birgə milli-mənəvi, ictimai dəyərlərin də böyük rolu vardır. Həmçinin maraq valideynlərin nümunəvi davranışları ilə də yaxından bağlıdır. Qız anasını nümunə götürərək ev işləri ilə maraqlanır. Oğlanlar isə atalarının tərəfdar olduğu futbol komandasına azarkeşlik edirlər. Ailənin iqtisadi vəziyyəti, ata-ananın hədəfləri gənclərin marağına təsir edə bilir. Bir musiqiçi ailəsində yetişən yetiyetmənin maraqlarında təbii ki, musiqinin çəkisi ağır gələr. Aparılan araşdırmalar nəticəsində aşağıdakı maraq növləri öyrənilmişdir. Maraq növlərini üç başlıq altında analiz etmək olar:
1. Şəxsi maraqlar: Gəncin seçim və vərdişlərini əhatə edir. Saçın, üzün, bədənin xarici görünüşü, geyim, danışma, əylənməilə bağlıdır. Yeniyetməliyin ilk dövrlərində geyimə olan maraq sonsuzdur. Tez-tez paltar almaq istəyirlər. Fərqli görünmək, başqalarının diqqətini cəlb etmək istəyirlər. Bu baxımdan valideynlə qarşıdurmalar ən çox geyimlə bağlı olur.
2. Sərbəst vaxt marağı: Yeniyetmənin boş vaxtlarında görmək istədiyi işlərlə bağlı olur. Kitab oxuma, musiqi dinləmə, idmanla məşğul olma və s. Ancaq bu maraqlar zaman görə dəyişə bilər. Orta məktəbdə idmana, musiqiyə olan maraq universitet illərində kitaba yönəlir. Yeniyetməliyin ilk illərində gənclərdə şeir yazma, mahni oxuma, xatirə dəftəri tutmağa maraq yaranır. Bu maraqlar cinsə görə fərqlənə bilər.
3. Sənət maraqları: Gənclər yeniyetməliyin ilk dövrlərində məslək mövzusunda qərarsız olurlar. Fikirlərini tez-tez dəyişirlər. Ancaq əl qabiliyyətləri, bacarıqları istiqamətində fikirləri dəqiqləşə bilir. Yeniyetməliyin sonrakı mərhələlərində seçəcəkləri peşə ilə bağlı fikirlərin əsası qoyula, bir sistem halina gələ bilir. Bu məslədə daha çox xəyala dalır, macəraçı olurlar.
Maraqların təsnifatı.
Maraqlar məzmununa, məqsədinə, genişliyinə və davamlılığına görə təsnif olunur və aşağıdakı növlərə ayrılır:
1.Məzmununa görə maraqların fərqi idrak təlabatlarının obyektlərini və müəyən fəaliyyət məqsədləri üçün, geniş mənada isə şəxsiyyətin mənsub olduğu cəmiyyət üçün onların real əhəmiyyətini aşkara çıxarır. Insanın əsasən nəyə maraq göstərməsi və onun idrak təlabatları obyektinin ictimai dəyərinin necə olması psixoloji cəhətdən mühümdür. Tamamilə aydındır ki, mənzil və ya yataqxana qonşusunun şəxsi həyatına maraqla, digər məşhur bir insanın həyat və fəaliyyətinə maraq müxtəlif ictimai dəyərlərə və müxtəlif məzmuna malikdir. Məktəbin ən mühüm vəzifələrindən biri yeniyetmə və gəncin fəal idrak fəaliyyətini stimullaşdıran və məktəbi bitirdikdən sonra da, hifz olunan ciddi və məzmunlu maraqların tərbiyəsindən ibarətdir.
2.Məqsəd əlamtinə görə fərq vasitəsiz və vasitəli maraqların olmasını aşkar edir. Vasitəsiz maraqlar əhəmiyyətli obyektin emosional cazibədarlığı ilə yaranır. Obyektin real əhəmiyyəti ilə onun şəxsiyyət üçün əhəmiyyəti uyğun gəldikdə, vasitəli maraqlar meydana çıxır. Əmək və tədris fəaliyyətində heç də hər şey vasitəsiz emosinoal, cazibəyə malik deyildir. Buna görə də əmək prosesinin şüurlu təşkilində aparıcı rol oynayan vasitəli maraqların formalaşması çox vacibdir.
3.Maraqlar özlərinin genişliyinə görə fərqlənir. Bəzi adamlarda onlar bir sahədə mərkəzləşsə də, başqalarında isə sabit əhəmiyyətə malik olan bir çox obyektlər arasında bölünə bilər. Maraqların dağınıqlığı çox vaxt şəxsiyyətin mənfi xüsusiyyəti kimi meydana çıxır, lakin maraqların genişliyini nöqsan kimi şərh etmək səhv olardı. Müşahidələrin göstərdiyi kimi, şəxsiyyətin ahəngdar inkişafı maraqların məhdudluğunu deyil, genişliyini tələb edir. Maraqların çox fokusluluğu şəxsiyyətin dəyərli xüsusiyyətidir.