Böyük məktəblilərin yaş dövrü ilk gənclik yaş dövrünə təsadüf edir. Ümumiyyətlə, gənclik yaşı dövrünün başlanması və sonu haqqında müxtəlif fikirlər irəli sürülmüşdür. Bunlardan daha çox qəbul edilən 14-15 yaşdan 21 yaşa qədər olan dövrdür. Psixoloqlar həmin dövrün iki mərhələni keçdiyini qeyd edirlər: ilkin gənclik (15-17 yaş) və yetkin gənclik (18-21 yaş). Bəzi mütəxəssislər yetgin gəncliyə 18-25 yaş dövrünü aid edirlər. Gəncliyi sadəcə olaraq bioloji yaşın müəyyən həddə çatması kimi xarakterizə etmək olmaz. Gənclərin formalaşması həm bioloji, həm psixoloji, həm psixoseksual, həm də sosial amillərin təsiri altında baş verir. Bunların içərisində gənclərin bir şəxsiyyət kimi formalaşmasında sosial — psixoloji amillər xüsusi yer tutur. Ona görə də gəncliyi sosial-psixoloji hadisə kimi qeyd etmək olar. Bioloji baxımdan gənclik orqanizmi fiziki cəhətdən əsaslı surətdə dəyişir və onun inkişafı əsasən tamamlanır. Psixoloji baxımdan gənclər artıq öz “mən”lərini, imkanlarını dərk edir, idrak fəaliyyətləri və dünyagörüşləri geniş əhatəli olur. Psixoseksual baxımdan cinsi yetişmə əsasən tamamlanmış olur, psixoseksual davranış sosial normalara uyğunlaşır. Sosial baxımdan gənclər ictimai münasibətlər qovuşuğunda həmin münasibətləri mənimsəməklə sosiallaşırlar. Nəticədə bu dövrdə gənclər ictimai münasibətlərin məcmuu kimi, sosial varlıq kimi yetişir, həyat hadisələrinə fəal mövqedən yanaşırlar. Bütövlükdə, götürdükdə, gənclik dövründə şəxsiyyət biososial-psixoloji varlıq kimi formalaşır. Gənclərin davranışında təşəbbüskarlıq, prinsipiallıq, məsuliyyətlilik yüksəlir. Onların intellektual fəaliyyətində, qabiliyyətlərinin inkişafında əsasən irəliləyiş, sosial-psixoloji varlıq kimi formalaşma baş verir.
Yuxarıda da qeyd etdiyimiz kimi, böyük məktəbli dövrü ilk gənclik yaş dövrünə təsadüf edir. Yaş psixologiyası fənnində bu haqda sizə geniş məlumat təqdim edildiyimdən bəzi əsas məqamları yadımıza salaq. İlk gənclik yaşında şəxsiyyətin inkişafı məktəb yaşı dövrü üçün ən yüksək səviyyəyə qalxır. Bu dövrdə həqiqi yaşlılığa real keçid baş verir. Burada böyüklük hissinin yüksək səviyyədə formalaşması və ünsiyyət fəaliyyətinin sürətli inkişafı mühüm rol oynayır. Böyük məktəblilərin ünsiyyət fəaliyyətində onların daxil olduqları sinif kollektivinin, valideynlərin rolu artır. Bu dövrdə ünsiyyət fəaliyyətində kollektivin ictimai rəyi xüsusi yer tutur. Böyük məktəblilər sinif və məktəb kollektivinin onlara verdikləri qiymətə və rəyə həssas yanaşır, öz fəaliyyətlərində onları nəzərə alırlar. Bu dövrdə valideynlərlə ünsiyyət də istənilən nəticəni verir. Ailə tərbiyəsi düzgün təşkil edildikdə böyük məktəblilərin valideynləri ilə ünsiyyətləri də müsbət istiqamətə yönəlir, onlar bu ünsiyyətə can atırlar. Burada valideynlərin öz övladlarını başa düşmələri, onlarla ünsiyyətdə avtokratiklikdən uzaqlaşmaları, demokratik mövqe tutmaları lazımi nəticə verə bilir. İlk gənclik dövründə yeniyetmələrin ünsiyyətlərindəki emosionallıq aydın təzahür edir. Onlar ünsiyyətin gedişinə özlərinin münasibətlərini emosional cizgilərlə təzahür etdirirlər. Böyük məktəblilərin ünsiyyət fəaliyyətinin inkişafında yoldaşlıq münasibəti mühüm rol oynayır. Gənclər öz yoldaşlarında yüksək əqli və əxlaqi keyfiyyətlərin olmasını arzulayırlar. Bu dövrdə yoldaşlıq hissi ilə yanaşı dostluq hissi də inkişaf edir, mürəkkəbləşir və davamlılığı ilə fərqlənir. Bu dövrdə yaranan dostluq uzun ömürlü olur. İlk gənclik dövründə dostluq hissi yeni motivlərə malik olur. Dostlar bir-birinə yüksək tələblər verməyə başlayırlar. Psixoloqlar bu cür tələblərə aşağıdakıları aid edirlər. Gənclərin fikrincə dost, birinci növbədə səliqəli, sadiq, prinsipial olmalı, çətin anda dostunun köməyinə çatmalıdır; ikincisi, dostluq onların həyat və fəaliyyətlərinin bütün sahələrini əhatə etməlidir; üçüncüsü, onların dostluğu ən çox emosional olmalıdır, dost öz dostunun sevinc və kədərini onunla bölüşdürməlidir. İlk gənclik dövründə oğlanlarla qızlar arasındakı qarşılıqlı münasibətlərdə də əsaslı dəyişiklik baş verir. Yeniyetməlikdən fərqli olaraq bu dövrdə oğlan və qızlar arasındakı qarşılıqlı münasibətlər xeyli fəallaşır. Yoldaşlıq münasibətlərinin sahəsi genişlənir. Xüsusilə qızlarda qarışıq dostluğa tələbat güclənir. İlk gənclik yaşının əvvəllərindən başlayaraq məktəblilərdə məhəbbət hissi özünü göstərməyə başlayır. Ona görə də cinslərarası qarşılıqlı münasibətlər tərbiyə işinin əsas problemlərindən birinə çevrilir.
İlk gənclik dövrünün (böyük məktəblilərin) əsas psixoloji xüsusiyyətləri (15-17 yaş)
-ÖZÜNÜ DƏRK ETMƏNİN (mənlik şüurunun) – özü haqqında təsəvvürlərin, özünün zahiri görkəmini, əqli, mənəvi, iradi keyfiyyətlərinin qiymətləndirilməsi -Özünün öz ideallarına münasibətləri baş verir, özünütərbiyə imkanları meydana gəlir -İRADİ TƏNZİM yüksəlir -Diqqətin mərkəzləşməsi, hafizənin həcmi, təlim materialının məntiqiləşdirilməsi yüksəlir, mücərrəd-məntiqi təfəkkür formalaşır -Mürəkkəb məsələlərdən müstəqil olaraq baş çıxarmaq bacarığı meydana gəlir -Tam baxışlar, bilik, inam, özünün həyat fəlsəfəsi sistemi kimi DÜNYAGÖRÜŞÜ formalaşır -Özünün şəxsi həyat, məhəbbət, siyasət nəzəriyyəsinin yaranması, mühakimələrinin maksimalizmi -Özünün müstəqilliyi, orijinallığının təsdiqinə cəhd -Böyüklərin məsləhətinə məhəl qoymamaq -Tənqidbazlıq, inamsızlığın təzahüri -Quru rasionalizm, praktisizm -Özünüidarəyə, ətrafdakıları yenidən anlamağa cəhd göstərmək, psixoloji yetginliyin müəyyən dərəcəsinə yiyələnmək -İdrak fəaliyyətinin əsas motivi kimi PEŞƏYƏ YİYƏLƏNMƏYƏ cəhd -Həqiqi müstəqilliyin olmaması. Həmyaşıdlarının təsirinə meyllilik, həmyaşıdlarına münasibətdə yüksək təlqin və konformizm -Cinsi yetişmənin başa çatması -İlk MƏHƏBBƏT hissinin, dostluğun meydana gəlməsi -Emosional sahədə əsaslı yenidənqurmanın baş verməsi -Öz hərəkətlərini kifayət qədər dərk edə bilməməsi.
İlk gənclik dövrü dünyagörüşünün formalaşması üçün də həlledici dövrdür. Bu dövrdə təlim və tərbiyənin, məktəblilərin idrak imkanları və sahələrinin genişlənməsinin təsiri altında böyük məktəblilərdə dünyagörüşü formalaşır. İlk gənclik dövründə məktəblilər yeni aparıcı fəaliyyət tipinə – tədris-peşə fəaliyyətinə keçirlər. Bu fəaliyyət tipinin düzgün təşkili şagirdlərin sonrakı əmək fəaliyyətinin subyektinə çevrilməsini, onların əməyi sevmələrini şərtləndirir. İlk gənclik dövründə təlim-peşə fəaliyyəti əsas fəaliyyətə çevrilməklə bu dövrdə məktəblilərdə peşəyönümü və peşəseçməyə meyli də yüksəlir. Gənclər öz maraq və imkanlarına uyğun peşələri seçməyə meyl edirlər. Lakin bəzən imkanlarını düzgün qiymətləndirə bilmədiklərinə görə bu sahədə düzgün olmayan istiqamət tuturlar. Ona görə də bu işdə müəllimin, praktik psixoloqların gənclərə istiqamət verməsi zəruridir. Bu prosesdə görülən işlər əsasən aşağıdakı mərhələləri özündə cəmləşdirir:
• perspektivli sənət sahələri haqqında maarifləndirmə – əmək bazarının mövcud durumu və gələcək tələbatı, perspektivli sahələr və s. haqqında məlumatlandırma;
• sənət seçiminə dair məsləhətvermə – cəmiyyətin tələbatı və fərdi qabiliyyət, bacarıq, istək nəzərə alınmaqla sənət seçiminin peşəkarcasına edilməsinə məsləhətlərlə yardımın edilməsi;
• sənət seçiminə psixoloji yardım – psixoloji, psixofi-zioloji və tibbi diaqnostikaların nəticələrindən əldə olunmuş göstəricilərə uyğun olan sənət sahələrinin müəyyənləş-dirilməsi;
• psixoloji dəstək – sənətin seçilməsi prosesində pozitiv əhval-ruhiyənin və gələcəyə inamın formalaşmasına, eləcə də psixoloji gərginliyin azalmasına (və ya aradan götürülməsinə) yönəldilmiş tədbirlərin həyata keçirilməsi.
Böyük məktəblilərin psixoloji problemlərinin aradan qaldırılması üçün bu dövrün xüsusiyyətləri haqqında ətraflı məlumata malik olmalı, aparıcı fəaliyyət növünün təmin edilib-edilməməsini araşdırmalı, müraciət edilən problemə dair psixodiaqnostik araşdırma aparmalı, müraciət edən şəxsin fərdi-psixoloji resursları, potensialları və s. nəzərə alınmaqla psixoloji xidmət istiqaməti seçilməlidir. Ümumilikdə isə, bu dövrdə qarşılaşması təbii hesab edilən problemlərlə bağlı (yuxarıda sadalanmışdır) məktəbdaxilində istər məktəb kollektivi ilə, istərsə də valideyn və şagirdlərlə vaxtaşırı psixomaarifləndirici və psixoprofilaktik tədbirlərin keçirilməsi zəruri hesab edilir.